Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2073/2025 26.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Qazax Rayon İcra Hakimiyyəti yanında Qazax Mənzil İstismar Birliyi) qarşı ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan SSR X15 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli qərarı ilə 7 saylı Kənd Tikinti Trestinin nəzdində olan 16 ailəlik mənzildən 2 otaqlı yaşayış evi üçün order əsasında verilmişdir.
2. 7 nömrəli təsərrüfatlararası aqrarsənayetikinti trestinin xx.xx.1989-cu il tarixli 05/337 nömrəli arayışında göstərilmişdir ki, mərhum X10 vəfat etdiyi günədək Qazax şəhəri 26 saylı Bakı komissarları küçəsi, 32 nömrəli binanıın 12 nömrəli mənzilində yaşamışdır. Mərhum öhdəsində ölən günədək aşağıdakı ailə üzvləri olmuşdur. İddiaçı – həyat yoldaşı, X11 – qızı.
3. 7 nömrəli təsərrüfatlararası aqrarsənayetikinti trestinin xx.xx.1990-cı il tarixli 01/202 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Qazax şəhəri, 26 Bakı komissarları küçəsi, 32 nömrəli binanın 12 nömrəli mənzilində yaşayır.
4. Qazax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 5-58-15-11/2-309/2024 nömrəli məktubunda iddiaçının müraciətində Qazax rayon 7 nömrəli Kənd Tikinti Trestinin 16 ailəlik mənzilindən 2 otaqlı ev aldığnı, orderi itirdiyini indiyənədək həmin binanın birinci mərtəbəsinin 12 saylı mənzilində yaşadığını bildirdiyini qeyd etmişdir. Həyat yoldaşı X5 XDS İcraiyyə Komitəsının qərarı ilə verilmiş 7 saylı Kənd Tikinti Tresti tərəfindən mənzillə təmin edildiyini və orderi itirdiyini bildirmişdir. Sənədlərinə baxış keçirilərkən müəyyən olundu ki, Qazax rayon XDS İcraiyyə Komitəsinin 15 avqust 1979-cu il tarixli 18 nömrəli iclasın qərarı ilə Kənd Tikinti Trestinin İşçiləri üçün 16 mənzilli 2 mərtəbəli bina yaşayış üçün vətəndaşların ixtiyarına verilmişdir. Bu mənzillərdən 4 nəfərinin XDS İcraiyyə Komitəsinin Orderi ilə qalan 12 nəfərin sənədləri 7 nömrəli Kənd Tikinti Trestinin qərarı ilə verilmişdir. Vətəndaşlara verilən mənzillərin adlı siyahısı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Vətəndaşlara verilən orderlərin sürətləri rayon Dövlət Arxivində saxlanılmır. Ona həmin dövrdən başlayaraq onun binada yaşayan 7 nömrəli kənd tikinti tresti tərəfindən order almış qonşularının şahidliyi ilə akt tərtib edilməsi tövsiyyə olunmuşdur.
5. Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 5-58-13-17/2-748/2024 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı həqiqətən şəxsiyyət vəsiqəsinə əsasən ünvan 2 ünvanında qeydiyyatdadır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-H-0273-3/2024 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, hüquqların qeydiyyatı üçün əsas kimi ərizəyə heç bir hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır. Eyni zamanda, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam "olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməlidir. Məlumat üçün bildiririk ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Bundan əlavə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq dövlət rüsumu və xidmət haqqları da ödəməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət olunduğu təqdirdə Qazax şəhəri, Azadlıq küçəsində bina 32-də yerləşən 12 nömrəli mənzilin mərhum X2 adına özəlləşdirilməsi məsələsinə baxıla bilər.
7. Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax Mənzil İstismar sahəsinin xx.xx.2024-cü il tarixli 5-58-13-17/2-831/2024 nömrəli cavab məktubunda xx.xx.1979-cu ildə Qazax XDS İcraiyyə Komitəsinin qərarı ilə 7 saylı Kənd Tikinti Trestinin nəzdində olan 16 ailəli 2 mərtəbəli yaşayış evi Qazax rayon İcra Hakimiyyətinin 9-21/108 nömrəli, 03 noyabr 2016-cı il tarixli sərəncamı ilə Qazax Mənzil İstismar Sahəsinin mənzil fonduna verildiyi, vətəndaş İddiaçı həyat yoldaşı X10 13 noyabr 1989-cu ildə vəfat etdikdən sonra həmin ünvanda Azadlıq küçəsi döngə 2 ev 32 mənzil 12-də yaşadığı, kommunal xərclərini öz adına ödədiyi, order və digər sənədlərlə bağlı Qazax Mənzil İstismar Sahəsində mənzilə aid heç bir sənəd olmadığı qeyd olunmuşdur.
8. 15.11.1989-cu il tarixli İİİ-ЖГ № 477413 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 xx.xx.1989-cu ildə vəfat etmişdir.
9. 12.02.1982-ci il tarixli İİ-ЖГ № 471354 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1945-ci il təvəllüdlü X10 ilə xx.xx.1954-cü il təvəllüdlü X6 xx.xx.1974-cü ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir.
10. AR Qazax rayon İcra Hakimiyyəti Qazax Mənzil İstismar Sahəsinin xx.xx.2025-ci tarixli arayışından müəyyən olunur ki, Qazax RPŞ QvŞV bölməsinin xx.xx.2025-ci il tarixdə verilmiş ******* nömrəli arayışına əsasən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla aşağıdakı tərkibdə ailə tərkibi vardır.
1. X8 qızı-xx.xx.1975
2. X1 oğlu-xx.xx.1999.
11. Məhkəmə sorğusuna cavab olaraq Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2025-ci il taixli 5-58-15-11/2-193/2025 nömrəli məktubunda bildirilmişdir ki, Qazax şəhəri 32 saylı binanın 12 saylı mənzilində yaşayan İddiaçı həyat yoldaşı X5 Qazax rayon XDS İcraiyyə Komitəsinin 15 avqust 1979-cu il tarixli 18 saylı qərarı ilə 2 otaqlı mənzilin orderi verilmişdir və həmin qərar orderdə öz əksini tapmışdır. Order uzun müddət qaldığı üçün möhürü silinmişdir. 16 ailəlik həmin 32 nömrəli bina Qazax 7 saylı Kənd Tikinti Trestinin İşçiləri üçün verilmişdir. Binanı 7 nömrəli Kənd Tikinti Tresti tikmişdir. 15 avqust 1979-cu il tarixli 18 saylı protokolla yalnız 4 nəfərin adı və soyadı qərarda göstərilmişdir və həmin şəxsin adı və soyadı qərarda öz əksini tapmamışdır. Bu haqda sizə bütün sənədlər xx.xx.2024-cü il yatixli 5-58-15-11/2-387/2024 saylı məktubla göndərilmişdir. Qalan 12 nəfər ailənin adı və soyadı Kənd Tikinti Tresti tərəfindən həyata keçirilmişdir. 7 saylı Kənd Tikinti Trestinin sənədləri rayon Dövlət Arxivində saxlanılmır. Ona görədə İddiaçı Qazax rayon Dövlət Arxivi tərəfindən 25 sentyabr 2024-cü il tarixli 5-58-15-11/2-309/2024 saylı məktubla cavab verilmişdir.
12. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1990-cı il tarixli 1416 reyestr nömrəli şəhadətnamədən müəyyən olunur ki, xx.xx.1989-cu ildə vəfat etmiş mərhum X2 Qazax şəhəri 26-Bak.Komissarları küçəsi, 32 nömrəli evdə yaşayan arvadı İddiaçı və azyaşlı qızı X9 bərabər hissələrlə irs almalıdırlar.
13. X9 və X7 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrində qeydiyyatda olduqları ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 24 avqust 1979-cu ildə XDS İcraiyyə Komitəsinin qərarı ilə 7 saylı Kənd Tikinti Trestinin nəzdində olan 16 ailəlik mənzildən 2 otaqlı yaşayış evi üçün Order verilmişdir. Mərhum həyat yoldaşı ilə 14 iyun 1974-cü ildə rəsmi nikaha düşmüş və hazırda övladı ilə 40 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Mərhum həyat yoldaşına ev veriləndən bir müddət sonra istehsalat qəzasında onun onurğası sınmış və 15 noyabr 1984-cü ildə o vəfat etmişdir. Qeyd etmişdir ki, həmin 16 mənzilli binada yaşayanların hamısı order əsasında həmin evləri alıblar. O da həyat yoldaşı vəfat edəndən sonra bir çox çətinlikləri olduğu üçün və hüquqi sənədləşmə işlərindən bilmədiyi üçün bir müddət bu işlərlə məşğul olmamışdır. Hazırda onda olan 24 avqust 1979-cu il tarixli orderin əsli yox sürəti olduğundan və o cümlədən surətdə də möhür yaxşı oxunmadığından bu barədə Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinə Oredrin əslinin olub olmaması barədə rəsmi qaydada müraciət etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaşlara verilən mənzillərin adlı siyahısı rayon Dövlət Arxivinə təhvil verilməmişdir və vətəndaşlara verilən orderlərin sürətləri rayon Dövlət Arxivində saxlanılmır. Həmin mənzilin mərhum həyat yoldaşına verilməsinə dair sübutlar içində xx.xx.1989-cu il tarixdə 7 saylı Təsərrüfatlararası Aqrosənayetikinti Tresti tərəfindən verilmiş 337-saylı xx.xx.1990-cı ildə verilmiş 202-saylı arayışların sürətləri təsdiq edir ki, onlar o mənzildə yaşayır. Bundan başqa onlarla həmin yaşayış binasında 40 ildən artıq yaşayan qonşuları X14, X12 və X3 təsdiq edirlər ki, onlar onlarla düz 40 ildir ki, eyni binada qonşu kimi yaşayırlar. Bütün bunlardan sonra isə o qonşular tərəfindən tərtib olunan aktı, Dövlət arxivinin arayışını və möhürü yaxşı oxunmayan orderin sürətini ərizəsinə əlavə edərək cavabdeh xx.xx.2024-cü il tarixdə 15-saylı Tovuz Ərazi İdarəsinə çıxarışın verilməsi barədə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məktubla cavabdeh bildirmişdir ki, hüquqların qeydiyyatı üçün əsas kimi ərizəsinə heç bir hüquqmüəyyənədici sənəd əlavə edilməmişdir deyə cavab verilmişdir. Onda isə möhürü oxunmayan sürət olan orderdən başqa heç bir hüquqmüəyyənedici sənəd olmadığından başqa sənəd təqdim edə bilmir. 15 saylı Tovuz Ərazi İdarəsi isə ancaq hüquqmüəyyən edici sənədin olacağı təqdirdə çıxarışın verilməsinin mümkün olduğunu qeyd edir. Ona görədə hazırda o məcbur qalıb Məhkəməyə müraciət edir. Çünki məhkəmə qaydasında olmadan sözü gedən yaşayış evinə başqa qaydada çıxarış ala bilmir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
18. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
20. Cavabdehin yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
23. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Qazax Rayon İcra Hakimiyyəti yanında Qazax Mənzil İstismar Birliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
24. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
25. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, iddiaçı, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
26. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 6).
28. Üçüncü şəxsi iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
29. İddiaçı və iddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
30. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında iddia tələbinə etiraz etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan SSR X15 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli qərarı ilə 7 saylı Kənd Tikinti Trestinin nəzdində olan 16 ailəlik mənzildən 2 otaqlı yaşayış evi üçün order verilmişdir. 7 nömrəli təsərrüfatlararası aqrarsənayetikinti trestinin xx.xx.1989-cu il tarixli 05/337 nömrəli arayışında göstərilmişdir ki, mərhum X10 vəfat etdiyi günədək Qazax şəhəri 26 saylı Bakı komissarları küçəsi, 32 nömrəli binanıın 12 nömrəli mənzilində yaşamışdır. Mərhum öhdəsində ölən günədək aşağıdakı ailə üzvləri olmuşdur. İddiaçı – həyat yoldaşı, X11 – qızı. 7 nömrəli təsərrüfatlararası aqrarsənayetikinti trestinin xx.xx.1990-cı il tarixli 01/202 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Qazax şəhəri, 26 Bakı komissarları küçəsi, 32 nömrəli binanın 12 nömrəli mənzilində yaşayır.
33. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-H-0273-3/2024 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, hüquqların qeydiyyatı üçün əsas kimi ərizəyə heç bir hüquqmüəyyənedici sənəd əlavə olunmamışdır. Eyni zamanda, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam "olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməlidir. Məlumat üçün bildirilir ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Bundan əlavə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq dövlət rüsumu və xidmət haqqları da ödəməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət olunduğu təqdirdə Qazax şəhəri, Azadlıq küçəsində bina 32-də yerləşən 12 nömrəli mənzilin mərhum X2 adına özəlləşdirilməsi məsələsinə baxıla bilər.
34. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
36. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 15. Mənzil fondundan istifadə və onun qorunmasının təmin edilməsi sahəsində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetlərinin səlahiyyəti SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: 6) müvafiq yerli X15nə məxsus mənzil fondunu bölüşdürür və vətəndaşlara yerli xalq deputatları Sovetlərinin evlərində yaşayış sahəsi verirlər; mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota alınmasının, idarə və ictimai mənzil fondunun evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində vətəndaşlara yaşayış sahəsi verilməsinin düzgünlüyünə nəzarət edirlər; Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar Yerli xalq deputatları Sovetlərinin mənzil fondunun idarə edilməsini Sovetlərin icraiyyə komitələri və onların yaratdıqları idarə orqanları həyata keçirirlər. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X15nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
37. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
38. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
39. Hazırkı işdə də iddiaçının mərhum atası X5 mənzil verilən dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə tam müvafiq olaraq Azərbaycan SSR X15 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli qərarı ilə 7 saylı Kənd Tikinti Trestinin nəzdində olan 16 ailəlik mənzildən 2 otaqlı yaşayış evi üçün order əsasında verilmişdir.
40. Həmçinin, X9 və X7 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrində qeydiyyatda olduqları ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.
41. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a görə (2 nömrəli əlavə): Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
43. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir: Bənd 7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi Bənd 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Bənd 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
44. Göründüyü kimi, cavabdehin imtinası əsassız olmuşdur.
45. Ona görə də, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva