Məhkəmə qərarları › İş №2-1(114)-2074/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2074/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2074/2024 02.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1949-cu il tarixdə Şəmkir rayonun Muxtariyyət kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyadadır. 13 avqust 1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə müəllim təyin olunmuş, xx.xx.1973-cü ildə həbi xidmətə çaırıldığına görə müəlliməlik fəaliyyətindən azad edilmişdir. xx.xx.1974-cü il tarixdən ordu sıralarından tərxis olunduğuna görə müəllim təyin olunmuş, xx.xx.2014-cü il tarixində 65 yaşı tamam olduğu üçün əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz regional filialına müraciət etmiş, sonuncu tərəfindən iddiaçının sənədləri aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) göndərilmişdir. Cavabdeh tərəfindən 28 noyabr 2023-cü il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, təqdim edilmiş sənədlərin surətinə əsasən onun xx.xx.2006-cı il tarixinədək 37 il 11 ay 10 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 2476,20 manat pensiya kapitalı, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü i! tarixinədək qeydə alınmış 365,63 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və 06.11,2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvəl) 294,36 manat müəyyən edilmişdir. Əlavə olaraq bildilmişdir ki, X1 sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabını sığorta hissəsində pensiya kapitalı qeydə alındığı dövrlər 6 ili (72 ay) əhatə etmədiyindən, eyni zamanda işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2014-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən pensiyanın məbləğinin yenidən hesablanması mümükün hesab edilmir. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, ilkin pensiya təyinatı zamanı 01.01,2006-cı il tarixindən 01,03.2012-ci il tarixinədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2476,20 manat nəzərə alınmalı olduğu halda 3339,79 manat nəzərə alınmışdır. Həmçinin xx.xx.2014-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar pensiyasının məbləği yenidən hesablanarkən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 788.55 manat nəzərə alınmalı olduğu haıda 1017,80 manat nəzərə alınmışdır. Bu səbəbdən onun əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətidən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur.. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2008, 2012, 2013 və 2014-cü illərdə Şəmkir rayonu, Muxtariyyə kənd tam orta məktəbində işlədiyi illərin sosial sığorta stajına hesablanaraq və həmin illər üzrə tutulmaların fərdi sığorta hesabına pensiya kapitalı kimi əlavə edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Şəmkir rayonu, Muxtariyyə kənd tam orta məktəbində riyaziyyat müəlimi kimi əmək fəaliyyətinə başlamış, 2014-cü ilin avqust ayının 26-dan yaşa görə əmək pensiyasına çıxmışdır. Şəmkir rayonu, Muxtariyyə kənd tam orta məktəbində işlədiyi 2008, 2012, 2013 və 2014-cü illər sosial sığorta stajna hesablanmamış və fərdi sığorta hesabıma pensiya kapitalı kimi əlavə edilməmişdir. Bununla bağlı olaraq, cavabdeh orqana rəsmi ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyamın hesablanmasından imtina edilmişdir. Cavabdeh orqan iddiaya qarşı yazılı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2008, 2012 və 2013-cü il tarixlərdə pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 008, 2012 və 2013cü il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. İddiaçının 2008, 2012 və 2013-cü il tarixdən əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X1 Sistemi”nin Sığorta Alt Sisteminin X3 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Cavabdeh orqan məhkəməyə vəsatət ünvanlayaraq Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının üçüncü şəxs qismində iə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddiaçının hazırki tələbi işlədiyi illərin sosial sığorta stajına hesablanaraq və həmin illər üzrə tutulmaların fərdi sığorta hesabına pensiya kapitalı kimi əlavə edilərək əmək pensiyasının yenidən hesablanmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosialmüdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; Maddə 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır;Maddə 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsininhesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) Maddə 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir;Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığorta olunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığorta olunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9. Sığortaçının hüquq və vəzifələri: Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığortaedilməsini tələb etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada);müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburidövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada);sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdənarayış almaq;məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməledilməsinə nəzarət etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada);sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektronmonitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək (xx.xx.2019cu il tarixdən qüvvədə olan redaksiyada);könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tamhəcmdə icra etmək;məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) uçotunu aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada);məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyiməlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada);məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada);qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək Maddə 9-1.1 Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına vəödənilməsinə nəzarət(xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət,məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Mübahisəyə dair hazırkı işdə iddiaçının tələbi 2008,2012,2013,2014-cü illərdə işlıədiyi illərin sosial sığorta stajına hesablanaraq, fərdi sığorta hesabına pensiya kapitalı kimi əlavə ediərək əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir. Qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabına köçürülmədiyindən və bu səbəbdən həmin dövrlər üzrə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, iddiaçının əslində hüquqi marağı və məqsədi 2008,2012,2013,2014-cü illər üzrə olan dövrlər üzrə əməkhaqqından tutulmuş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Cavabdeh isə qeyd edilən dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarını ödənilmədiyinə istinadən iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Yuxarıda qeyd edilmiş normalara əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı münasibətlər “Sosial sığorta haqqında” Qanunla tənzimlənir. Həmin Qanuna əsasən, sosial sığorta münasibətlərinin iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Belə ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərdir. “Sosial sığorta haqqında” Qanunla hər üç subyektin hüquq və vəzifələri müəyyən edilmişdir. Hazırkı mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, 2008,2012,2013,2014-ü il tarixədək olan dövrlər üzrə iddiaçıya, yəni sığortaolunana münasibətdə onun işəgötürəni, yəni sığortaedən Şəmkir rayon Təhsil şöbəsi tərəfindən əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda istinad olunan normalara (“Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına) görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır,eləcədə ödəmə qabiliyyəti olmayan sığorta edənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır. İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni Şəmkir rayon Təhsil şöbəsinin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, bu qərarda istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1116/2024 saylı işində ifadə edilmiş mövqedən də aydın olduğu kimi iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırkı tələblə cavabdehə yenidən müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “2008, 2012, 2013 və 2014-cü illərdə Şəmkir rayonu, Muxtariyyə kənd tam orta məktəbində işlədiyi illərin sosial sığorta stajına hesablanaraq və həmin illər üzrə tutulmaların fərdi sığorta hesabına pensiya kapitalı kimi əlavə edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar