Məhkəmə qərarları › İş №2-1(114)-2078/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2078/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2078/2022 06.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 24 aprel 1980-ci ildə Goranboy (keçmiş Qasım İsmayılov) rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılması, xx.xx.1982-ci il tarixə kimi Rusiya Federasiyasının Kazan, Türkmənistan Respublikasının Krasnovodsk şəhərində hərbi xidmətdə olması, barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40. 2. 3-cü maddəsinə əsasən cinayət işi başlanması rədd edilməsi, Goranboy rayonunun Aşağı Ağcakənd (keçmiş Şaumyan) qəsəbəsinin və Ağdərə rayonlarının ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə xx.xx.1992-ci ildən 01.10. 1992-ci ilə kimi iştirak etməsi hərbi biletində müvafiq qeydlər ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərlə əlaqədar ll qrup əlil olması 2016-cı il tarixdə verilən 267123 nömrəli vəsiqə ilə, xx.xx.1993-cü ildən 13.03. 1993-cü ilə kimi müalicədə olması və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi döyüşlərdə aldığı kontuziyadan sonrakı vəziyyətilə bağlı müalicədə olması Goranboy rayon Mərkəzi Xəstəxanasının stasionar xəstənin kartasından olan Çıxarışlar ilə öz təsdiqini tapır. xx.xx.2022-ci il tarixli, 4/3-6549 nömrəli imtina məktubundan görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman iyul 1993-cü il tarixdə yaralanaraq yaşadığı ünvana getdiyinə, bir daha xidmət yerinə qayıtmadığına və bununla əlaqədar Tərtər Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli qərarı ilə barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edildiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il di 4/2-5025 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən sonrakı müddətdə hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. Həmçinin Tərtər Hərbi Prokurorluğunun 08 noyabr 2005-ci il tarixli qərarına əsasən İddiaçı müddətli həqiqi hərbi xidmətdə olarkən 1993-cü il tarixdə döyüşlər zamanı ağından yaralanaraq müalicə üçün evlərinə getdiyi və bir daha xidmət yerinə qayıtmadığı qeyd edilmiş, sonuncu da törətdiyi əməli təsdiq edərək bu əməlindən peşman olduğu qeyd edilmişdir. Daha sonra Tərtər Hərbi Prokurorluğunun müstəntiqi tərəfindən qeyd edilən material üzrə Azərbaycan Respublikasının CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə arxiv arayışından və Tərtər Hərbi Prokurorluğunun qərarına əsasən, İddiaçı xx.xx.1992-ci il tarixdən sonra hərbi müddətdə hərbi xidmətdə olmamış, qanuni əsaslarla ehiyata buraxılmamış, habelə müalicə üçün yaşadığı ünvana getdikdən sonra bir daha xidmət yerinə qayıtmamamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirakını təmin etməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3- 6549 nömrəli imtina məktubu, NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-5025 nömrəli arxiv arayışı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, vətəndaş X4 (sözügedən qərarda şəxsin ad, soyadı Muxtar, Muxtar oğlu kimi qeyd olunmuşdur) oğlunun barəsində toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2- 5025 nömrəli arxiv arayışının məzmunundan görünür ki, Goranboy ƏOMB komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmrilə (əsas: səh 5, əmrdə adı Muxtar, atasının adı Muxtar yazılmışdır) çavuş X3 manqa komandiri vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 2 nömrəli əmrilə (əsas: səh 17, əmrdə adı Muxtar, atasının adı Muxtar yazılmışdır) 1961-ci il təvəllüdlü çavuş X1 vəzifəsinə təyin edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 6 nömrəli əmrilə (əsas: səh 28, əmrdə adı Muxtar, atasının adı Muxtar yazılmışdır) iyun 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında 1961-ci il təvəllüdlü, snayper çavuş X2 adı qeyd edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 7 nömrəli əmrilə (əsas: səh 36, əmrdə adı Muxtar, atasının adı Muxtar yazılmışdır) iyul 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında snayper sıravi X2 adı qeyd edilmişdir. Goranboy ƏÖMB komandirinin xx.xx.1992-ci il tarixli 8 nömrəli əmrilə (əsas: səh 44, əmrdə adı Muxtar, atasının adı Muxtar yazılmışdır ) avqust 1992-ci il tarixi üçün pul təminatı ilə təmin olunmuş şəxsi heyətin siyahısında tuşlayıcı-operator sıravi X2 adı qeyd edilmişdir. Qeyd edirik ki, Goranboy ƏOMB komandirinin sentyabr-dekabr 1992ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeydinə əsasən bu maddənin birinci hissəsinin üçünücü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi cinayətlərə görə məhkum edilmiş, barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı statusunun verilməsi istisna edilmişdir. Bu əsasla hazırkı iş üzrə iddiaçı döyüş əməliyyatları aparılan zaman iyul 1993-cü il tarixdə yaralanaraq yaşadığı ünvana getdiyinə, bir daha xidmət yerinə qayıtmadığına və bununla əlaqədar Tərtər Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli qərarı ilə barəsində bəraətverici əsaslar olmadan cinayət işinin başlanması rədd edildiyinə görə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar