Məhkəmə qərarları › İş №2-1(114)-2079/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2079/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2079/2020 18.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi İddiaçı, qəyyumu X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qazax rayon filialına qarşı sağlamlıq imkanı məhdud uşaq kimi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddətə görə müavinətin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qazax rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanı məhdud uşaq kimi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddətə görə müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci il tarixdən sağlamlıq imkanı məhdud uşaq kimi hər ay 200 (iki yüz) manat müavinət almış, hər üç ildən bir Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya xidmətinin Tibbi Sosial Komissiyasından keçmişdir. xx.xx.2020-ci il tarixdə növbəti dəfə komissiyadan keçmək məqsədilə xx.xx.2020-ci il tarixdə Qazax rayon uşaq poliklinikasına müraciət etmiş, Poliklinikada sənədləşmə natamam olduğuna görə Tibbi Sosial Ekspert Komissiyası imtina edərək sənədləri geri qaytarılmış, sənədlərini yeniləyərək təkrar Tibbi Sosial Ekspert Komissiyasına göndərmiş, lakin yenidən sənədlərində natamamlıq müəyyən olunaraq geri qaytarılmışdır. Qazax rayon X3 Hüquqi şəxsinin baş direktoru Sevda Məmmədova xx xxxx 2020-ci il tarixli, 323 saylı göndərişi ilə onu Respublika Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərmiş və oradan təqdim olunmuş 18.03..2020-ci il tarixli arayışı xx.xx.2020-ci il tarixdə poliklinikanın baş həkiminə təqdim etmiş, lakin baş həkim onun sənədlərini qəbul etməyərək pandemiya ilə əlaqədar olaraq sənədlərin qəbulunun qadağan olunduğunu bildirmişdir. Dəfələrlə poliklinikanın direktorunun qəbulunda olmasına baxmayaraq sənədlər xx.xx.2020-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş və xx.xx.2020-ci il tarixdən onun sağlamlıq imkanının məhdudluğu təsdiq edilərək həmin vaxtdan müavinət təyin edilmişdir. İddiaçı cavabdehə ödənilməmiş 6 ay 15 gün üçün müavinət pulunun ödənilməsi ilə bağlı müraciət etsə də, xx.xx.2020-ci il tarixli **********5 nomrəli məktub ilə onun əlilliyi xx.xx.2020-ci il tarixdə təyin olunduğundan əvvəlki 6 ay 15 gün üçün müavinət pulunun ödənilməsinin mümkün olmadığı izah edilmişdir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında İddiaçı və onun qəyyumu X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2017-ci il tarixli **********3 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 27 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatı, 23 nömrəli TSEK-in xx.xx.2015-ci il tarixli arayışı, Qazax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli 323 nömrəli göndəriş vərəqəsi, xx.xx.2020-ci il tarixli xxxxxxx0009 nömrəli Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatı və cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçıya Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə sol dirsək oynağının düzgün bitişməyən sınığından sonrakı vəziyyət, oynağın bükücü kontrakturası. Mil sinirinin parezi fəsadı sağlamlıq imkanları məhdud uşaq kimi diaqnoz qoyulmuş və onun əsasında müavinət təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun:- - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 9.1-ci maddəsinə əsasən Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.3-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. İddiaçıya münasibətdə onun əlilliyi xx.xx.2020-ci il tarixdə təyin olunduğundan müavinəti almaq hüququ da həmin tarixdən yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Qazax rayon filialına qarşı sağlamlıq imkanı məhdud uşaq kimi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddətə görə müavinətin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar