Məhkəmə qərarları › İş №2-1(114)-2079/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2079/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2079/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2024-cü il tarixli qiymətləndirmənin ləğv edilməsi və ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2008-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.

2. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

3. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı (xx.xx.1992) vəziyyət; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası, Sağ bazu oynağının açıcı-bükücüyaxınlaşdırıcı kəskin konturakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə). Sağ dirsək oynağının açıcı-bükücü kəskin konturakturası (acma 110 dərəcə, bükmə 100 dərəcə), sağ saidin tam supinasiya vəziyyətində qalması, sağ əl barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı-bükücü konturakturası; Ağırlaşma – M19.2 – Digər ikincili artroz, Sağ Acromio-clavicular oynağının artrozu; Ağırlaşma – R52.1 – Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu;

Ağırlaşma – M62.5 – Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bazunun əzələ atrofiyası; Ağırlaşma – M81.2 – Hərəkətsizliklə bağlı osteoporoz, Sağ bazu sümüyünün lokal osteoparozu; Ağırlaşma – M91.0 – Hipertrofik çapıq, Sağ bazunun yuxarı 1/3-nin tış-arxa səthində köndələn kobud dartıcı çapıq toxuması; Ağırlaşma – S42.3 – Bazu sümüyü cisminin [diafizin] sınığı, Sağ bazu sümüyünün orta 1/3-nin bitişmiş sınığı; Ağırlaşma – Z73.6 – Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Sağ yuxarı ətrafın funksiyasının pozulması.

4. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-7980/2024 nömrəli qərar qəbul edilmişdir.

6. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən xx.xx.2007-ci il tarixli 471 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə iddiaçının “Sağ bazunun yuxarı 1/3-nin yumşaq toxumalarının dəlib-keçən güllə yaralanması (xx.xx.1992) nəticəsində sağ bazu kələfinin zədələnməsinin hissi, hərəki pozulmalar və davamlı ağrı sindromu ilə təzahür edən qalıq əlamətləri. Sağ bazu nahiyyəsinin odlu silah yaralanmasından (xx.xx.1992) sonrakı bərkimiş dəri çapığı, funksiyasının pozulmaması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

7. “xx.xx.2006-cı il tarixli səhhətin müayinə edilməsi aktında diaqnoz “Sağ çiyin nahiyyəsinin (1992) dəlib keçən güllə yarası, sağ çiyin oynağında hərəkət məhdudlaşması” kimi qeyd edilmişdir.

8. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2014-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sağ bazunun yuxarı 1/3-nin tiz-arxa səthində köndələn kobud dartıı çapıq toxuması, sağ acromio-claviculyar oynağının artrozu, sağ bazu sümüyünün orta 1/3nin bitişmiş sınığı, lokal osteoparozu, sağ bazu oynağının açıcı-bükücü yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə) sağ dirsək oynağının açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə) sağ saidin tam əripinasiya vəziyyətində qalması, sağ əl barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası, əzələ atrofiyası, daimi ağrı sindromu və sağ yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd edilmişdir.

9. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2024-cü il tarixli göndərişdən görünür ki, İddiaçı Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu ilə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gəncə N saylı hərbi qospitalda, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X2, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X4, xx.xx.2022-ci il tarixdə Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4, xx.xx.2024-cü il tarixdə isə ET Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicələr almışdır.

10. Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1881 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barəsində xx.xx.2007-ci il tarixli qərar vardır və hal-hazırda qüvvədədir. II. Məhkəmədə icraat

11. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli qiymətləndirmənin ləğv edilməsi və ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ müharibəsinin iştirakçısıdır. xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün uğrunda gedən döyüşlərdə sağ çiyin nahiyəsindən güllə yarası almışdır. İlk tibbi yardım Tərtər rayonunda göstərildikdən sonra N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.1992xx.xx.1992-ci illərdə N saylı hərbi hissədə «sağ bazunun güllə yarası» diaqnozu ilə stasionar müalicə olunmuşdur. Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən xx.xx.2007-ci il tarixli 471 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə iddiaçının “Sağ bazunun yuxarı 1/3-nin yumşaq toxumalarının dəlibkeçən güllə yaralanması (xx.xx.1992) nəticəsində sağ bazu kələfinin zədələnməsinin hissi, hərəki pozulmalar və davamlı ağrı sindromu ilə təzahür edən qalıq əlamətləri. Sağ bazu nahiyyəsinin odlu silah yaralanmasından (xx.xx.1992) sonrakı bərkimiş dəri çapığı, funksiyasının pozulmaması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Bununla bağlı dəfələrlə ambulator və stasionar müalicələr almışdır. 2007-ci ildən 2021-ci ilədək İİ dərəcəli əlil hesab olunmuşdur. xx.xx.2024-cü il tarixdə isə ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Həmin imtinadakı diaqnozu əvvəlki əlillikdə təyin olunan diaqnozla eynidir. əgər ona əvvəlki illərdə əlillik dərəcəsi eyni diaqnozla təyin edilmişdirsə, deməli, hazırda da təyin edilməlidir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, İddiaçı xx.xx.2024-cü əyani müayinəsi həyata keçirilmiş və əlillik təyinatından imtina edilmişdir. İmtina barədə iddiaçıya xx.xx.2024-cü il tarixdə sms-bildiriş vasitəsilə məlumat göndərildiyi, iddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün onun tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2024-cü il tarixli qiymətləndirmənin ləğv edilməsi və ona əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair cavabdehin iş üzrə məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatəti baxılmadan geri qaytarılmışdır.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

23. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - xx.xx.2024-cü il tarixli göndəriş; - “Diaqnozun əlillik təyin etməməsi” barədə 3-17-4/3-3-7980/2024 nömrəli qərar; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2007-ci il tarixli 471 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi; - “xx.xx.2006-cı il tarixli səhhətin müayinə edilməsi aktı; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin xx.xx.2014-cü il tarixli ********** nömrəli arayışı; - Xəstəlik tarixindən çıxarışlar; - Məhkəmənin sorğusuna Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1881 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir.

28. İddiaçı əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

29. İddiaçının əlilliyinin sonuncu dəfə qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – Y36.4 – Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı (xx.xx.1992) vəziyyət; Ağırlaşma - M24.5 – Oynaqların kontrakturası, Sağ bazu oynağının açıcı-bükücüyaxınlaşdırıcı kəskin konturakturası (açma 10 dərəcə, bükmə 160 dərəcə, uzaqlaşma 20 dərəcə). Sağ dirsək oynağının açıcı-bükücü kəskin konturakturası (acma 110 dərəcə, bükmə 100 dərəcə), sağ saidin tam supinasiya vəziyyətində qalması, sağ əl barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı-bükücü konturakturası; Ağırlaşma – M19.2 – Digər ikincili artroz, Sağ Acromio-clavicular oynağının artrozu; Ağırlaşma – R52.1 – Müalicəyə tabe olmayan daimi ağrı, Daimi ağrı sindromu; Ağırlaşma – M62.5 – Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Sağ bazunun əzələ atrofiyası; Ağırlaşma – M81.2 – Hərəkətsizliklə bağlı osteoporoz, Sağ bazu sümüyünün lokal osteoparozu; Ağırlaşma – M91.0 – Hipertrofik çapıq, Sağ bazunun yuxarı 1/3-nin tış-arxa səthində köndələn kobud dartıcı çapıq toxuması; Ağırlaşma – S42.3 – Bazu sümüyü cisminin [diafizin] sınığı, Sağ bazu sümüyünün orta 1/3-nin bitişmiş sınığı; Ağırlaşma – Z73.6 – Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Sağ yuxarı ətrafın funksiyasının pozulması.

30. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

31. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2024-cü il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə 3-17-4/3-3-7980/2024 nömrəli qərar qəbul edilmişdir.

32. Xəstəlik tarixindən çıxarışlardan və xx.xx.2024-cü il tarixli göndərişdən görünür ki, İddiaçı Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr” diaqnozu ilə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Gəncə N saylı hərbi qospitalda, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X2, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X4, xx.xx.2022-ci il tarixdə Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4, xx.xx.2024-cü il tarixdə isə ET Travmatologiya və Ortopediya İnstitutunda stasionar müalicələr almışdır.

33. İddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə (Forma 88) ona qoyulmuş diaqnozlardan yalnız ağırlaşma halı olan M19.2 XBT kodlu “Digər ikincili artroz, Sağ Acromio-clavicular oynağının artrozu” xəstəliyi iddiaçının qiymətləndirildiyi dövrdə qüvvədə olan Əlilliyin müəyyən olunması Meyarlarında mövcud olmuşdur. Belə ki, həmin Meyarların 13.3-cü bəndində M15-M19 XBT kodu altında Artrozlar xəstəliyi, 13.4-cü bəndində isə M19 kodu altında Digər artrozlar xəstəliyi qeyd edilsə də, həmin bəndlərin altyarımbəndlərində (sözügedən xəstəliyin qiymətləndirmə hallarında) sadalanan qiymətləndirmə hallarının (amputasiya, güdül, ankiloz, kəskin kontaktura, psevdoartroz, qonartroz və s. bu kimi halların) iddiaçının səhhətində mövcudluğu müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının göndərişində qeyd edilən həmin M19.2 XBT kodlu artroz xəstəliyi əlillik təyinatına əsas verən vəziyyətdə olmamışdır.

34. İddiaçının göndərişində qeyd edilən əsas diaqnoz və digər ağırlaşma halları olan xəstəliklər isə adıçəkilən Meyarlarda təsbit olunmamışdır.

35. Məhkəmə bununla yanaşı qeyd edir ki, iddiaçıya təkrar əlillik təyinatının aparılması üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə göndəriş rəsmiləşdirilmişdir. Hansı ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının tələblərinə əsasən təkrar əlillik təyinatı zamanı göndərişin rəsmiləşdirilməsi belə şərtləşdirilmişdir ki, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi halı mövcud olmalıdır.

36. Belə ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na görə: Bənd 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

37. Həmin Qaydaya 2 nömrəli Əlavənin 28-ci bəndində M15-M19 XBT kodlu xəstəliklərə görə təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddəti olaraq 10 gün stasionar, 3 dəfə isə ambulator müalicə şərti təsbit edilmişdir.

38. Hazırkı işdə isə iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişə nəzər saldıqda iddiaçının M19 BXT kodlu xəstəlik üzrə nə stasionar, nə ambulator müalicəsinin olduğu müəyyən edilmir. İddiaçının ambulator müalicəsi olmamış, statsionar isə yalnız Y36.4 XBT kodlu xəstəlik üzrə olmuşdur ki, həmin kodlu xəstəlik ümumiyyətlə Əlilliyin müəyyən olunması Meyarlarında mövcud deyildir.

39. Hansı ki, qanunvericinin həmin normanın müəyyən edilməsində məqsədi ondan ibarət olmuşdur ki, şəxs reabilitasiya (yaxşılaşma, sağalma) üçün müalicə imkanlarından istifadə etmiş və tükətmiş olsun, yəni həmin xəstəlik üzrə tələb olunan müddətdə müalicə olunmasına baxmayaraq, həmin xəstəlik onda sağalmamış və davam edən vəziyyətdə olsun.

40. Lakin hazırkı vəziyyətdə iddiaçının barəsində göndəriş rəsmiləşdirilərkən həmin şərtə əməl edilmədiyi, başqa sözlə bütün müalicə imkanlarından istifadə etməsi və tükətmiş olması müəyyən edilmir.

41. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar