Məhkəmə qərarları › İş №2-1(114)-208/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-208/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-208/2021 01.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Məhərrəm oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Şəmkir rayonu Bayramlı bələdiyyəsinə qarşı Şəmkir rayonu Bayramlı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli protokol qərarının ləğv edilməsi və bələdiyyənin üzərinə xx.xx.2019-cu il tarixli qərarın icra olunaraq, icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra mətndə iddiaçılar) cavabdeh Şəmkir rayonu Bayramlı bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2020-cu il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Bayramlı bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli qərarlarının ləğv edilərək xx xxxxxx 2019-cu il tarixli qərarın icra olunaraq, icarə müqaviləsi bağlamaq vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2021-ci il tarixli, 2-1(114)208/2021 nömrəli qərardad ilə, İddiaçı2 ata adına düzəliş edilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edimişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən xx xxxx 2021-ci il tarixli, 2-1(114)208/2021 nömrəli Xüsusi qərardad qəbul edilmişdir. Tələb onunla əsaslandırmışdır ki, İddiaçı1, Azərbaycan Respublikasında aparılan özəlləşdirmə proqramına uyğun olaraq 1999-cu ildə Şəmkir rayonu Bayramlı kəndinə aid M.F.Axundov adına savxozun qoyun yatağını özəlləşdirmiş və orada qohumları ilə birlikdə qoyunçuluq təsərrüfatı yaradaraq, heyvan saxlamağa başlamışlar. Həmin vaxtdan yatağın ətrafındakı örüş torpaqlarından təyinatı üzrə iddiaçılar istifadə etmişlər. 2000-ci ildə 3 il müddətinə Şəmkir Rayon İcra Hakimiyyəti ilə icarə müqaviləsi bağlamışlar və həmin icarə müqaviləsi başa çatdıqdan sonra, həmin torpaq sahələri bələdiyyənin sərəncamına verildiyi üçün 2004-cü ildə iddiaçılar Bayramlı bələdiyyəsi ilə icarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsi üçün əsas, bələdiyyənin xx xxxxxx 2004-cü il 1 nömrəli protokol qərarı olub. Həmin protokol qərarına əsasən, bələdiyyənin mülkiyyətində olan, eyni zamanda İddiaçı1 Nəsib oğlunun özəlləşdirdiyi qoyun fermalarının əhatəsində olan 160 hektar torpaq sahəsi 15 il müddətinə iddiaçılara icarəyə verilmişdir. 2019-cu ildə həmin icarə müqaviləsi başa çatmış bundan sonra iddiaçılar bələdiyyəyə müraciət edərək həmin icarə müqaviləsinin iddiaçılar arasında heyvanlarının sayına mütənasib olaraq, iddiaçılarla ayrılıqda yeni müqavilə bağlanaraq davam etdirilməsini xahiş etmişlər. xx xxxxxx 2019-cu il Bayramlı bələdiyyəsində iclası keçirilmiş iclasda 9 nəfər bələdiyyə üzvündən 8 nəfər iştirak etmişdir. Bələdiyyə sədri həmin vaxtda məzuniyyətdə olmuşdur. Həmin iclasda iddiaçıların müraciəti müzakirə olunmuş, iddiaçıların təklifinə uyğun olaraq əvvəldən İddiaçı1 icarəsində olmuş 160 hektarın, 85 hektarına dair İddiaçı1 ilə, 40 hektarına dair İddiaçı2 ilə, 30 hektarına dair İddiaçı3 ilə icarə müqavilələrinin bağlanmasına dair qərar qəbul olmuşdur. Həmin qərarı iclasın sədr və katibindən başqa, sədr müavini də, daxil olmaqla digər 6 nəfər bələdiyyə üzvü öz imzaları və öz əlyazmaları ilə təsdiq etmişdir. Bələdiyyənin yekdilliklə qəbul etdiyi həmin qərarını sonradan bələdiyyə sədri müxtəlif bəhanələrlə icra etməyərək icarə müqaviləsini bağlamaqdan boyun qaçırmışdır. xx.xx.2019-cu il tarixli bələdiyyənin qərarına əsasən ayrılmış torpaq sahəsi kənd sakinlərinin ümumi istifadəsinə verilmişdir. İddiaçılar cavabdehin hərəkətlərini qeyri qanuni hesab edərək Gəncə İnzibati məhkəməsinə müraciət etmişlər. İddiaçı1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 tərtib olunmuş protokolu bələdiyyə üzvlərinə başqa-başqa yerlərdə nə səbəbdən imza etdirildiyi soruşanda, İddiaçı1 pozulmuş hüquqlarının müdafiəsi üçün belə bir əməl törətdiyini bildirmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu ifadələr verərək iddialarının təmin olunmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi G.Bağırov iddia tələbi üzrə izahat verərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə bələdiyyədə iclas keçirilməmiş və belə bir qərar qəbul edilməmişdir. xx xxxxxx 2019-cu il tarixli, tərtib olunmuş protokol saxtadır. İddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Şəmkir rayon Bayramlı bələdiyyəsinin xx xxxx 2004-cü il tarixli, 6 nömrəli Torpaq İcra Müqaviləsi; -Şəmkir rayonu Bayramlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 8 nömrəli iddiaçıya ünvanlandığı məktub; -xx xxxxxx 2019-cu il tarixli Bayramlı bələdiyyəsinin protokol qərarı; -xx xxxxx 2019-cu il tarixli 05 saylı protokol qərarı. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.X4 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materiallarına əlavə olunmuş sənəndlərlə müəyyən edilmişdir ki, İddiaçı1 xx xxxxxx 2019-cu il tarixdə Şəmkir rayon Bayramlı bələdiyyəsində iclas keçirilib və iddiaçılara torpaq sahəsi ayrılması barədə protokol olduğunu qeyd etsə də, bələdiyyə üzvləri və şahidlərin ifadəsindən aydın olur ki, sözügedən iclas bələdiyyə tərəfindən keçirilməyib və iddiaçının qeyd etdiyi torpaq sahəsi iddiaçılara ayrılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə bələdiyyə tərəfindən heç bir iclas keçirilməmiş, iddiaçılara torpaq sahəsi ayrılmamışdır. Torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı İddiaçı1 tərəfindən şəxsən imzalatdırılmış və onun dediyinə görə o, bu əməli öz pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə etmişdir. Məhkəmə qeyd edilən halları araşdırıb müəyyən etmək üçün məhkəmə iclasında şahidlər X7, X8, X1 və Şahid dindirilmişdir. Şahid qismində dindirilən X7 ifadəsində qeyd etmişdir ki, Şəmkir kənd məktəbində müəllim işləyir. bələdiyyəyə üzv olmağından xəbəri olmayıb, bu barədə məlumatı olanda bələdiyyəyə müraciət edərək üzvlükdən çıxarılmağını tələb etmişdir. Sənəddəki imzanının ona aid olmadığını bildirərək qeyd etmişdir ki, qərarda olan imza onun tərəfindən icra olunmamışdır. Həmin imza başqası tərəfindən icra olunmuşdur. Ümumiyyətlə sözügedən tarixdə bələdiyyəyə çağrılmadığını, heç bir bir iclasın olmadığını qeyd edərək bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə tərtib olunan protokol qərar saxtadır. Onun bu iclasın keçirilməsindən xəbəri olmayıb, o, orada iştirak etməyib Şahid qismində dindirilən X9 ifadəsində qeyd etmişdir ki, əvvəllər Şəmkir rayon Bayramlı bələdiyyəsinin üzvlüyündə olmuşdur, hal-hazırda bələdiyyə üzvlüyündə deyildir. xx.xx.2019-cu il tarxidə Bayramlı bələdiyyəsində iclasın olmadığını və sözügüdən tarixdə iclasda iştirak etmədiyini bildirmişdir. R.Hacıyev imzanın özünə məxsus olduğunu etiraf edərək bildirmişdir ki, İddiaçı1 bələdiyyənin müavini Şahid ilə onun evinə gələrək tərtib olunmuş protokola imza etdirmişlər. Sənədə imza etmək səlahiyyəti olmadığını bildirərək, qeyd etmişdir ki, sənədə imza edərkən nəyə imza etdiyini bilməmişdir. Şahid qismində dindirilən X2 ifadəsində qeyd etmişdir ki, Şəmkir rayon Bayramlı bələdiyyəsinin üzvüdür ancaq ümumiyyətlə heç bir iclaslarda iştirak etməyib. Bələdiyyədə tərtib olunmuş sənədləri bələdiyyə işçiləri ona təqdim edib imza etdirdiklərini bildirmişdir. Protokoldakı imzanın özünə məxsus olduğunu qeyd etsədə xx.xx.2019-cu il tarixdə heç bir iclasda iştirak etmədiyini qeyd etmişdir. İddiaçı1 onu küçədə saxlayaraq tərtib olunmuş sənədə imza etdirdiyini bildirdimişdir. Şahid qismində dindirilən Şahid ifadəsində qeyd etmişdir ki, 2019-cu ilin dekabr ayınadək Şəmkir rayon Bayramlı bələdiyyəsində sədr müavini kimi işləmişdir. Bələdiyyənin İnzibati binasında R.Hacıyevin sədrliyi ilə xx.xx.2019-cu il tarixli iclasın keçirildiyini, R.Hacıyevin yalan ifadə verdiyini bildirmişdir. Şahid ifadəsində onu da qeyd etmişdir ki, sözügedən protokolu İddiaçı1 özü hazırlayaraq imza etdirmişdir. İddiaçı1 əməlində heç bir qanun pozuntusunun olmadığını və özünün hüquqlarını müdafiə etdiyini qeyd edib. Məhkəmə belə hesab edir ki, Şahid ifadəsi İddiaçı1 müdafiə etmək xarakteri daşıyır. Araşdırma aparmış məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə iddiaçılara torpaq sahələri ayrılmamışdır. İddiaçılar məhkəmənin torpaq sahələrinin harada yerləşməsinə dair suala cavab verə bilməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Həmçinin xx.xx.2019-cu il tarixdə tərtib edilmiş protokol qərara məhkəmə şübhə ilə yanaşır. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Şəmkir rayonu Bayramlı bələdiyyəsinə qarşı Şəmkir rayonu Bayramlı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli protokol qərarının ləğv edilməsi və bələdiyyənin üzərinə xx.xx.2019-cu il tarixli qərarın icra olunaraq, icarə müqaviləsi bağlamaq vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar