Məhkəmə qərarları › İş №2-1(114)-208/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-208/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-208/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl rayonu Aşıqlı Bələdiyyəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin halları: İddiaçı 03.11.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 40 kv.m torpaq sahəsi üzərində mərhum əri X3 hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 07.12.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 40 kv.m torpaq sahəsi üzərində mərhum əri X5 hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 07.12.2021-ci il tarixli, 2-1(114)-2347/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(114)-208/2022 nömrəli qərardaddı ilə Göygöl rayonu Aşıqlı Bələdiyyəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən torpaq sahəsi mərhum əri X6 məxsus olmuşdur. Əri vəfat edənən sonra həmin mülkə çıxarış verilməsi və əmlakın qeydiyyata alınması üçün Notariat Kontorunun məktubu ilə DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın 15.10.2021-ci il tarixli məktubu ilə əmlakın qeydiyyata alınmasından imtina edilmişdir. Həmin imtinanı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin 21 oktyabr 2004-cü il tarixli, 49 nömrəli qərarıilə Aşıqlı kəndində 40 kv.m torpaq sahəsi mərhum əri X6 ayrılmışdır. Torpaq sahəsi ilə bağlı bələdiyyənin hesabına pul köçürülmüş, 14 mart 2005-ci il tarixdə alqı-satqı ilə bağlı akt tərtib olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 13.12.2004-cü il tarixli, 599 nömrəli rəyi ilə qeyd olunan torpaq sahəsinin X2 qanunamüvafiq hesab edilmişdir. İddiaçı 07 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayındəsi X4 27 yanvar 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X10 03 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə icıasında iş üzrə qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxış iclası 05 may 2022-ci il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxslər isə nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 15.10.2021-ci il tarixli, **********86 nömrəli məktubunun surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 28.09.2021-ci il tarixli, 3006 nömrəli məktubu, Xanlar rayonu Aşıqlı Bələdiyyəsinin 21.10.2004-cü il tarixli, 49 nömrəli qərarı, 14.03.2005-ci il tarixli, 282 nömrəli “Torpaqların alqı-satqısına dair” akt, Torpaqların Kadastrı və Monitorinqi şöbəsinin 8916 nömrəli arayışının surəti, 13.12.2004-cü il tarixli, 599 nömrəli rəy, Xanlar rayonu Aşıqlı Bələdiyyəsinin 26.05.2006-cı il tarixli, 67 nömrəli məktubu 14.03.2005-ci il tarixli, 44 nömrəli qəbz, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 17.01.2022-ci il tarixli, **********9 nömrəli məktubu və Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin 17.03.2022-ci il tarixli, 25 nömrəli məktubu əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin Məcəllənin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin 21 oktyabr 2004-cü il tarixli, 49 nömrəli qərarıilə Aşıqlı kəndində 40 kv.m torpaq sahəsi mərhum əri X6 ayrılmışdır. İddiaçı həmin mülkə mərhum ərinin adına çıxarış verilməsi və əmlakın qeydiyyata alınması üçün 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqanın 15.10.2021-ci il tarixli məktubu ilə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təqdim edilmədiyi və faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyü əsas gətirilərək, əmlakın qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İş materiallarına əlavə olunmuş; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 17.01.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, vətəndaş tərəfindən təqdim edilmiş ərizəyə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi ilə bağlı sənədlər əlavə edilməmişdir. Həmçinin iddia olunan mübahisəli torpaq sahəsinə İdarənin mühəndisi tərəfindən müayinə baxışı keçirilmiş və baxış zaman faktiki torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (cənubvə şərq sərhədində 10 kv-luq YGEX keçir və transformator mövcuddur) mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasının təmin edilməsi mümkün olmamışdır. -Göygöl rayonu Aşıqlı Bələdiyyəsinin 17.03.2022-ci il tarixli, 25 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X1 məşğul olmaq məqsədilə 21.10.2004-cü il tarixli, 49 saylı qərarı ilə dyəri ödənilməklə 40 kv.m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi satılarkən ərazidən yüksək gərginlikli elektrik xəttinin və rabitənin optik kabelinin keçməsi haqqında məlumatları yox idi. Lakin hal-hazırda həmin ərazidən yüksək gərginlikli elektrik xətti və rabitənin optik kabeli keçir. Texniki avadanlıqları olmadığı üçün həmin ərazinin koordinatlarını təqdim edə bilmirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 5-ci bəndinin a yarımbəndinə əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində 1-20 kv gərginlikli xətlərdə elektrik şəbəkələrinin mühafizə zonaları 10 metr müəyyən edilir. Həmin Qaydaların 12-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyündən, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli fərmanının 2-ci bəndində iddiaçıların həmin hissədə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən bir hal kimi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl Bələdiyyəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl Bələdiyyəsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar