Məhkəmə qərarları › İş №2-1(114)-2082/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2082/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2082/2021 30.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, “Qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 10.08.2020-ci il tarixli məktubun surətində məlum olur ki, İddiaçı tərəfindən 07.08.2020-ci il tarixdə təqdim olunmuş bəyənnamədə, ümumilikdə 27004.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 sentyabr 2020-ci il tarixli, **********889900 nömrəli qərarı ilə İddiaçı 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 2407,15 manat hesablanmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə 12 saylı Ərazi Vergilər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2020-ci il tarixdə **********889900 nömrəli və 12 avqust 2020-ci il tarixli **********435800 nömrəli qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun qanunsuz olaraq vergi borcunun olması barədə 15 sentyabr 2020-ci il tarixdə **********889900 nömrəli və 12 avqust 2020-ci il tarixdə **********435800 nömrəli qərarlar qəbul edilmişdir. Həmin qərarlar ona göndərilməmiş və yalnız hesabı üzərinə sərəncam qoyulduqdan sonra bu barədə məlumatı olmuşdur. Həyat yoldaşı birinci Qarabağ Müharibəsi veteranı olmaqla ailəsini çətinliklə dolandırır. Cavabdeh tərəfindən onun fəaliyyəti ilə bağlı kameral vergi yoxlaması barədə qərarlar qəbul edilsə də, bu barədə yenə də məlumatı olmamışdır. Cavabdeh məhkəmədə irəli sürülmüş iddia tələbi ilə bağlı Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. “Poçt haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən poçt göndərişi - poçt rabitəsi operatoru tərəfindən müəyyən ünvana çatdırılmaq üçün qəbul edilmiş poçt kartları, məktublar, teleqramlar, pul baratları, banderollar, kiçik paketlər, sekoqramlar, xüsusi "M" kisələri, bağlamalardır. Qeyd olunan qanunların tələbinə əsasən hazırda mübahisələndirilən akt və qərarlar iddiaçı olaraq ona göndərilməmiş və həmin qərarların qəbulu ilə bağlı onun heç bir məlumatı olmamışdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə aparılan bütün əməliyyatlar qanuni şəkildə icra olunmuşdur. Həmçinin onun vergi ödəyicisi olaraq cavabdehin hansı sənədlərin təqdim edilməsi barədə heç bir rəsmi bildiriş və yaxud tələb daxil olmamışdır. Bu baxımdan bu cür prosedurdan keçmədən birbaşa akt və qərarın qəbul edilməsi Vergi Məcəlləsinin tələblərinə ziddir. İddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsi ilə yanaşı iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(114)-799/2021 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi X3 buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 15.09.2020-ci il tarixli, **********889900 nömrəli və 12 avqust 2020-ci il tarixli, **********435800 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(114)-558/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(114)-799/2021 nömrəli qərardadı qismən ləğv edilmiş, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş 15.09.2020-ci il tarixli, **********889900 nömrəli qərarın ləğv olunması hissəsində mümkünlük məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qeyd edilən qərardadla Gəncə İnzibati Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2-1(114)-799/2021 nömrəli qərardadı cavabdehin 12 avqust 2020-ci il tarixli, **********435800 nömrəli qərarının ləğv edilməsi tələbinə dair hissədə qüvvədə saxlanılmışdır. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsində ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmışdır. İddiaçı tərəfindən 07.08.2020-ci il tarixdə 2019-cu il üzrə cari gəlir vergisinin bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamənin 1200-cü sətrində 2019-cu il üzrə “Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 48431,00 manat göstərilmişdir. Sözügedən bəyannamənin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” adlanan hissəsindəki 1226.4-cü sətirdə “Malın dəyəri” 27004,00 manat göstərilmişdir. Yaranmış uyğunsuzluqla bağlı, yəni malın dəyəri kimi göstərdiyi 27004,00 manat xərci təsdiqləyən sənədlərin vergi orqanına təqdim edilməsi ilə bağlı 10.08.2020-ci il tarixli **********295200 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub iddiaçıya göndərilmişdir. Sonuncu tərəfindən xərclərin mənbəyi ilə bağlı heç bir sənəd təqdim edilməmiş, nəticədə mübahisələndirilən qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 2019-cu il üzrə əldə etdiyi 48431,00 manat gəlirin formalaşmasında xərc kimi göstərdiyi “malın dəyəri”ni rəsmi xərc sənədləri əsasında cavabdehə təqdim edə bilməmişdir. Ümumiyyətlə qeyd olunur ki, bu tip sənədlər iddiaçı tərəfindən aidiyyəti məhkəməyə də təqdim edilməmişdir. İddiaçının yeganə dəlili olan “sənədlərin istənilməsi ilə bağlı bildirişin göndərilməməsi” ilə bağlı qeyd edilir ki, bu dəlil tamamilə əsassızdır. Tərəflərindən 10.08.2020-ci il tarixli **********295200 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub iddiaçıya göndərilmişdir. Həmin məktubda 2019-cu il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi, yazılı izahat və zəruri sənədlər iddiaçıdan tələb edilməsinə baxmayaraq vergi orqanına təqdim edilməmişdir. 10.08.2020-ci il tarixli məktub vergi ödəyicisinin elektron qutusuna göndərilmiş və onun tərəfindən 11.08.2020-ci il tarixdə saat 11:07-də qəbul edilmişdir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Cavabdeh tərəfindən vergi qanunvericliyində nəzərdə tutulmuş bütün hüquqi imkanlardan istifadə edilmiş, iddiaçı barəsində mövcud qanunvericiliyə uyğun qərar qəbul edilmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndələri X2 və X5 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək tərəflərindən təqdim olunmuş etirazın dəlillərinə uyğun izahat vermişlər və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmiş, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə iddiaçının iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisələndirdiyi 15.09.2020-ci il tarixli, **********889900 nömrəli qərar iddiaçının İnternet Vergi İdarəsində ona aid olan elektron kabinetinə 16.09.2020-ci il tarixdə, saat 16:25-də göndərilmiş, lakin qərarın göndərilməsi zamanı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.1 və 70.2-ci maddələri, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4, 1.1.5 və 27.3-cü maddələri, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və payların (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında karğüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci bölməsinin əlaqəli təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş sənəd elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərə cavab verməmişdir. Yəni, həmin elektron sənədin həqiqiliyi təsdiq edilməmiş, elektron sənəd “Unicode” standartını, “UTF-8” formatını dəstəkləməmiş, “Elektron imza və elektron sənəd haqqında” Qanununun 22-ci maddəsi ilə müəyyən edilmiş quruluşda olmamış, elektron sənəd müvafiq vəzifəli şəxsin elektron və ya gücləndirilmiş elektron imzasının əlavə edilməsi yolu ilə həyata keçirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin 15.09.2020-ci il tarixli, **********889900 nömrəli qərarın mübahisələndirilməsi üzrə qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Əks yanaşma iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudladırmağa gətirib çıxara bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 15 sentyabr 2020-ci il tarixli, **********889900 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. İş materiallarından məlum olur ki, iddiaçı tərəfindən 07.08.2020-ci il tarixdə 2019-cu il üzrə cari gəlir vergisinin bəyannaməsini cavabdeh inzibati orqana təqdim edilmiş və həmin bəyannamənin 1200-cü sətrində 2019-cu il üzrə “Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” 48431,00 manat göstərilmişdir. Həmin bəyannamənin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” adlanan hissəsindəki 1226.4-cü sətirdə “Malın dəyəri” 27004,00 manat göstərilmişdir. Cavabdeh inzibati orqan iddiaçının vergi bəyannaməsində malın dəyəri kimi göstərdiyi 27004,00 manat xərci təsdiqləyən sənədlərin vergi orqanına təqdim edilməsi ilə bağlı iddiaçıya 10.08.2020-ci il tarixli **********295200 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərsə də, iddiaçı tərəfindən xərclərin mənbəyi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə araşdırılması zamanı vergi ödəyicisi İddiaçı 2019-cu il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlara dair, yəni xərcini təsdiqləyən sənədlərin təqdim edilməsi təklif olunmuş və iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə üç ədəd qaimə təqdim edilmişdir. Təqdim olunmuş 11.08.2019-cu il tarixli qaimədə xərclər 2850 manat, 18.09.2019cu il tarixli qaimədə xərclər 10340 manat və 20.10.2019-cu il tarixli qaimədə xərclər isə 13670 manat göstərilmişdir. Hər üç qaimə əllə tərtib edilmiş, qaimələr nömrələnməmiş, “Qaimə” sözünün altında “(Müəssisə daxili)” sözləri yazılmış və “Davam Kooperativi”nin möhürü vurulmuşdur. Məhkəmə mübahisələndirilən qərarın yoxlanılması məqsədilə təqdim edilmiş xərc sənədlərinə – qaimələrə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -16.1.11-7. maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı,elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. - 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. - 37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən kameral vergi yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzürlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəlirləri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir (30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu 13.2.63cü maddədən “qaimə-faktura və ya” sözləri çıxarılmışdır). - 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. - 71-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. - 71-2.2-ci maddəsinə əsasən elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. - 71-2.3-cü maddəsinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli qərarının 5-ci bəndinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. Göründüyü kimi təqdim olunmuş vergi bəyannaməsində iddiaçının xərcləri qeyd edilsə də, iddiaçı həmin xərclərə dair qanunvericilikdə nəzərdə tutulan sənəd, yəni qanunvericiliklə qaydası müəyyən edilmiş elektron-qaimə fakturaları nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.08.2004-cü il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi sahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir; ciddi hesabat blankları iş xüsusiyyətlərinə uyğun olaraq özündə zəruri rekvizitləri əks etdirməlidir və ciddi hesabat blanklarının onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz edilməsinə yol verilmir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04.04.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəyə əsasən “Qaimə-faktura” (Forma № 2Q) ciddi hesabat blankı hesab olunur və həmin qərarla onun nümunəvi forması təsdiq edilmişdir. Ciddi hesabat blankı olan “qaimə-faktura”nın təsdiq edilmiş nümunəvi formasına əsasən “qaiməfaktura”da mütləq şəkildə aşağıdakı rekvizitlər olmalıdır: - ciddi hesabat blankının sifarişçisi hüquqi şəxs olduqda onun adı və VÖEN-i, fiziki şəxs olduqda adı, ata adı, soyadı və VÖEN-i; - Qaimə-fakturanın seriyası və nömrəsi; - Tərtib edildiyi tarix; - Qiymətliləri təhvil verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric sənədləri üzrə başqa lazımi göstəriciləri; - Qiymətliləri təhvil alan şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, mədaxil və məxaric sənədləri üzrə başqa lazımi göstəriciləri; - Qiymətlilərə dair məlumatlar: sıra nömrəsi, adı və ölçüləri, ölçü vahidi, miqdarı, vahidinin qiyməti, məbləği və sair qeydlər; - Aksiz faizi, ƏDV faizi, yekun məbləğ (rəqəmlə və yazı ilə); - Qiymətliləri təhvil verən, təhvil alan şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, onların, eləcə də, rəhbər və baş mühasibin imza və tarixləri; - Möhür; - Ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i. Vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda isə “Malların alış aktı” tərtib etməklə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Göründüyü kimi iddiaçı malların alışını – xərclərini qüvvədə olan qanunverciliyə əsasən ya elektron-qaimə faktura, ya da “malların alış aktı” ilə sənədləşdirməli idi (mal aldığı subyektin vergi ödəyicisi olub-olmamasından asılı olaraq). Lakin iddiaçı məhkəməyə xərcləri təsdiq edən sənəd kimi üç ədəd – 11.08.2019-cu il tarixli, 18.09.2019-cu il tarixli və 20.10.2019-cu il tarixli qaimələr təqdim etmişdir. Məhkəmə bildirir ki, həmin sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04.04.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş nümunəvi formaya uyğun deyil, qaimələrdə ciddi hesabat blankının sifarişçisi, qaimə-fakturanın seriyası və nömrəsi, aksiz faizi, ƏDV faizi, qiymətliləri təhvil verən, təhvil alan şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, onların, eləcə də, rəhbər və baş mühasibin imza və tarixləri, ciddi hesabat blankını çap edən şəxsin adı, VÖEN-i barədə hər hansı məlumat yoxdur. Belə olan hadla məhkəmə hesab edir ki, həmin qaimələrin xərcləri təsdiq edən sənəd kimi qəbul edilməsi istisna olunur. Məhkəmə qeyd edir ki, vergi dövlətin ən önəmli gəlir qaynağı olmaqla dövlət suverenliyinin əsas təzahür formalarından biridir. Vergilərdən qazanılan vəsaitlər dövlətdə müxtəlif məqsədlər üçün istifadə olunur. Onlara müharibə xərcləri, qanunların həyata keçirilməsi, ictimai nizam-intizamı qoruyub saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur, tenderlər və s. həyata keçirmə, ictimai işlər və dövlətin saxlanılmasını aid etmək olar. O cümlədən vergilərdən əldə olunan gəlir xalqın rifahına və ictimai xidmətlərə sərf edilir ki, bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, sosial təminat, ictimai nəqliyyat, enerji təchizatını sadalamaq olar. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ 4 hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, “vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir”. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Bütün qeyd olunanlar vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinin təmin edilməsini labüd edir. Göründüyü kimi, vergiləri vaxtında ödəmək vergi ödəyicisinin vəzifəsi olduğu kimi, onların tam və vaxtında ödənilməsinə nəzarət etmək də vergi orqanlarının vəzifəsidir. Vergi orqanlarının qeyd olunan vəzifələrinin həyata keçirilməsi üçün vergi qanunvericiliyində vergilərin tam və vaxtında ödənilməsinin təmin edilməsi üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 15 sentyabr 2020-ci il tarixli, **********889900 nömrəli qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar