Məhkəmə qərarları › İş №2-1(114)-2083/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2083/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2083/2024 18.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, üçüncü şəxslər X9 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 98 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçı da daxil olmaqla 7 ailə üzvü ilə güzəştli şərtlər əsasında mənzil növbəsinin iddiaçının adına keçirilməsi barədə sərəncam qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 376 nömrəli qeyd aparılmış, atası X12, anası Maraqlı şəxsdır. İddiaçı hazırda Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansında olan ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Qeyd olunan mənzilin şəxsi hesab vərəqi xx.xx.2000-ci il tarixdən Maraqlı şəxs adına dəyişdirilmişdir. İddiaçının atası X12 xx.xx.1993-cü il tarixdə Beyləqan rayonunda hərbi vəzifəsini yerinə yetirərkən güllə yarasından ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 1000 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2001-ci il tarixdə Kəpəz rayon ƏSMM tərəfindən Maraqlı şəxs şəhid ailəsinin üzvünün vəsiqəsi verilmiş, xx.xx.2007-ci il tarixdən etibarən sonuncuya şəhid ailələrinə ödənilən aylıq təqaüd təyin edilmişdir. İddiaçının anası Maraqlı şəxs Gəncə Şəhər İcra Hakimiyyətinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək əri X6 şəhid olduğunun nəzərə alınaraq mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan qismində uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət araşdırılan zaman müəyyən edilmişdir ki, Maraqlı şəxs ailə üzvləri birlikdə Gəncə şəhəri, DOS-107, ev 111 ünvanda yaşayış sahəsi 39,98 kv.metr olan 27 nömrəli xidməti mənzildə yaşayır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 98 nömrəli sərəncamı ilə qərara alınmışdır ki, Maraqlı şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınsın. Ailə tərkibi 7 nəfərdən ibarətdir – Maraqlı şəxs, X11, X9, iddiaçı, X7, X2, təvəllüdlü X8. Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 347 nömrə ilə qeyd aparılmışdır. İddiaçı anasının adına olan mənzil uçotunun onun adına dəyişdirilməsi ilə bağlı müxtəlif orqanlara müraciət etmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 5-1/1-Q-212-068/2023 nömrəli məktubla cavab bildirilmişdir. Məktubda iddiaçıya izah edilmişdir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhidin 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları şəhid ailəsinin üzvləri hesab edilirlər. Bu baxımdan iddiaçının anasının mənzil uçotunun iddiaçının adına dəyişdirilməsi qanunverciliklə nəzərdə tutulmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şəhid ailəsi kimi ev növbəsinə dayanmış mərhum anası Maraqlı şəxs mənzil uçotunun iddiaçının adına dəyişdirilərək şəhid ailəsi kimi ev növbəsinin iddiaçının adına bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 98 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçı da daxil olmaqla 7 ailə üzvü ilə güzəştli şərtlər əsasında mənzil növbəsində dayanmış Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün həmin mənzil növbəsinin onunla birlikdə mənzil növbəsində olan iddiaçının adına keçirilməsi barədə sərəncam qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 və X9 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər iddianın təmin olunmasını xahiş etmişlər. Əsaslandırıcı hissə: İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının atası X1 rayonunda hərbi vəzifəsini yerinə yetirərkən xx.xx.1993-cü il tarixində şəhid olmuşdur ki, həmin zaman iddiaçının 01 yaşı belə olmamışdır. 2007-ci ildən iddiaçı və ailəsinə şəhid ailə üzvü kimi qeydə alınmaqla, onlara dövlət tərəfindən şəhid ailə üzvləri üçün müəyyən edilmiş təqaüd ödənilmişdir. Eyni zamanda ev şəraitinin yaxşılaşdırılması üçün iddiaçının anası ailə üzvləri olan iddiaçı göstərilməklə, onlar şəhid ailəsi kimi cavabdeh orqanın sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. İddiaçının anası Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı bundan sonra cavabdeh orqana müraciət edərək, həmin günə qədər mənzillə təmin olunmadığı üçün anası ilə birlikdə dayandığı mənzil növbəsinin vəfat etmiş anasının adından onun adına keçirilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan onun bu müraciətinin təmin edilməsindən imtina etdiyi üçün iddiaçı hal-hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtiası əsassız olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun: Preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. 4-cü maddəsinə əsasən Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. 5-ci maddədə qeyd olunur ki, Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər İddiaçının atası 1994-cü ildə şəhid olan zaman iddiaçı 18 yaşına çatmadığından, o, şəhid ailəsi statusuna malik olmuşdur. İddiaçının anası şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə durarkən iddiaçı da ailə üzvü kimi siyahıya daxil edilmişdir. İddiaçının anası güzəştli mənzil növbəsində olsa da, sağlığında bu hüquqdan istifadə edə bilməmişdir. İddiaçının anası vəfat edən zaman iddiaçının yaşı 18-dən yuxarı olduğundan o, qanunda nəzərdə tutulan şəhid ailəsi statusunda olmamışdır. Lakin iddiaçı şəhid ailəsi sayılan vəfat etmiş anasının ailə üzvüdür və atasının şəhid olması mübahisə doğurmur. Beləliklə, iddiaçının atasının Vətən uğrunda şəhid olması, onun anası ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsində olması cavabdehin dəlillərinin əsaslı olmadığını təsdiq edir. İddiaçının anası güzəştli əsaslarla mənzil növbəsinə cavabdehin 05 may 2021-ci il tarixli sərəncamı ilə götürülmüşdür Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsində qeyd edilir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaş vəfat etdikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Qanunverici birmənalı olaraq hər bir halda vətəndaşın vəfat etməsi ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmasını nəzərdə tutmamışdır. Məsələn Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Göründüyü kimi, qanunverici mənzil növbəsində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, mənzil uçotunun onun ailə üzvləri üçün saxlanılmasını nəzərdə tutmuşdur. Hazırkı işdə iddiaçı da şəhid ailəsinin üzvüdür, müharibə əlillərinə münasibətdə, qanunvericilik şəhid ailələrinə nisbətən üstün güzəştlər nəzərdə tutmuşdur. Bu səbəbdən iddiaçının anasının vəfatı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması üçün əsas ola bilməz. Məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1199-VİQD nömrəli Qanununa əsasən: 3-cü maddəsinin ikinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.”. Belə olan halda, iddiaçı haqlı olaraq hazırkı tələblə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla, mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialar üzrə də inzibati aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə halları istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı mənzil növbəsinin onun adına keçirilməsi ilə bağlı zurəri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçının mərhum anasının götürüldüyü mənzil növbəsinin onun adına keçirilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Maraqlı şəxs vəfat etməsi ilə əlaqədar, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 98 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçı da daxil olmaqla 7 ailə üzvü ilə güzəştli şərtlər əsasında mənzil növbəsinin iddiaçının adına keçirilməsi qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 98 nömrəli sərəncamı ilə şəhid ailəsi kimi iddiaçı da daxil olmaqla 7 ailə üzvü ilə mənzil növbəsində dayanmış Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün həmin mənzil növbəsinin onunla birlikdə mənzil növbəsində olan İddiaçı adına keçirilməsi barədə sərəncam qəbul edilməsi vəzifəsi Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar