Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2086/2025 09.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Tərtər rayon qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilərək, şəhadətnamə verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Tərtər rayon qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinin bərpa edilərək, doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Boşanma haqqında xx.xx.2000-ci il tarixli İİ-ЖГ 299108 nömrəli şəhadətnaməyə əsasən X3 X9 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 20 nömrə ilə qeyd edilmişdir.
2. Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 320863 nömrəli şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 606 nömrə ilə qeyd edilmişdir.
3. Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-894 nömrəli arayışında göstərilmişdir ki, X6 və İddiaçı nikahı haqqında 11 iyun 1999-cu il tarixdə 07 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Tərtər rayon Bəyimsarov kənd icra nümayəndəliyinin Nikah bağlandıqdan sonra ərə “İbrahimov” arvada “İbrahimova” soyadı verilmişdir.
4. Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına əsasən X4 xx.xx.1978-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, xx.xx.2003-cü il tarixdən Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatdadır.
5. X4 doğum akt qeydinin bərpa edilərək, doğum haqqında şəhadətnamənin verilməsi barədə Tərtər rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/7-H/6xx-xx/2024 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmuş İddiaçı barəsindəm vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Tərtər rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. Bildirilir ki, doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Ədliyyə Nazirliyinin Tərtər rayon qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməyi məsləhət görür.
6. Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/69-980 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş İddiaçı doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.
7. Məhkəmənin sorğusuna Tərtər rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13- 113/2-24749/2024 nömrəli cavab məktubuna əlavə edilmiş X2 məxsus xx.xx.2017-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki, X4 xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Sovetakert kəndində anadan olmuşdur, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatdadır. X13 ixtiyar oğlu, anası X7r. II. Məhkəmədə icraat
8. İddiaçılar X4 cavabdeh Tərtər rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydinə əsasən doğum akt qeydinin bərpa edilərək doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci ildə Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonunun Çaxırlı kəndində anadan olmuşdur. Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini pozaraq onlara qarşı müharibə apardıgı üçün 1988-ci ildə valideynləri onu da özləri ilə götürərək qaçqın düşmüş və həmin vaxtdan Tərtər rayonun Bəyimsarov kəndində məskunlaşaraq yaşamışlar. Onların ailəsi Ermənistandan qaçqın düşdüyü vaxt onun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Bu barədə kömək göstərilməsi üçün Tərtər rayon Polis şöbəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Doğum haqqında şəhadətnamə almaq üçün doğum haqqında akt qeydinin bərpa edilməsi və buna uygun olaraq müvafiq şəhadətnamənin verilməsi məqsədilə müvafiq dövlət orqanı olan Tərtər rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Tərtər rayon qeydiyyat şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/7-H/ 629-15 /2024№-li məktubunda ona doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və ona doğumun qeydə alınma faktının müəyyən edilməsi barədə qətnamə əldə edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. O, cavabdehin bu imtina məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdehin yerləşdiyi yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. İddiaçı X4 şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışı; - Boşanma haqqında xx.xx.2000-ci il tarixlin İİ-ЖГ 299108 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 320863 nömrəli şəhadətnamə; - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-894 nömrəli arayışı; - Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/7-H/6xx-xx/2024 nömrəli cavab məktubu; - Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/69-980 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Tərtər rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 13-113/2-24749/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş X2 məxsus xx.xx.2017-ci il tarixli fərdi uçot kartoçkası.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
25. İş materiallarından müəyyən olur ki, X4 doğum akt qeydinin bərpa edilərək, doğum haqqında şəhadətnamənin verilməsi barədə Tərtər rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 3-16-5/7-H/6xx-xx/2024 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonu, Sovetakert kəndində doğulmuş İddiaçı barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Tərtər rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. Bildirilir ki, doğum haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən doğumu dövlət qeydiyyatına almaq mümkün deyil. Ədliyyə Nazirliyinin Tərtər rayon qeydiyyat şöbəsi ona məhkəməyə müraciət etməyi məsləhət görür.
26. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.
27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 159.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
29. “Əsas Müddəalar”ın “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”nı müəyyən edən digər normalarının tələbinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (13-cü bənd). Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir (16-cı bənd). Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir (16- 1.bənd). Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır (16-2.bənd). Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir (16-3.bənd). Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir... (18-ci bənd).
30. Tərtər rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 05/69-980 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş İddiaçı doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.
31. Məhkəmənin sorğusuna Tərtər rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3- 13-113/2-24749/2024 nömrəli cavab məktubuna əlavə edilmiş X2 məxsus xx.xx.2017-ci il tarixli fərdi uçot kartoçkasından görünür ki, X4 xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Sovetakert kəndində anadan olmuşdur, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatdadır. X13 ixtiyar oğlu, anası X7r. Lakin Ermənistanda tərtib edildiyi üçün həmin akt qeydinin mövcudluğu barədə məlumat əldə etmək mümkün deyildir.
32. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur.
33. Digər tərəfdən, iddaçının bərpa olunmasını tələb etdiyi müvafiq qeyd xarici ölkədə (Ermənistanda) tərtib edildiyindən və onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Əsas müddəalara uyğun olaraq cavabdehin səlahiyyətli orqan olaraq həmin akt qeydini bərpa etmək vəzifəsi olmuşdur.
34. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.
35. Məhkəmə onu da qeyd edir ki, iddiaçı doğularkən soyadı Həsənova olmuş və X8 ilə nikah bağladıqdan sonra İbrahimova soyadına keçmişdir.
36. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Şamxalı qızının (FİN: 1NP7FİK6) xx.xx.1978-ci il tarixdə Ermənistan, Basarkeçər rayonunun Sovetakert (hazırda Çaxırlı) kəndində (atası X5, anası X9 olmaqla) anadan olması barədə doğum akt qeydinin bərpa edilərək, bu barədə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Tərtər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Şamxalı qızının (FİN: 1NP7FİK6) xx.xx.1978-ci il tarixdə Ermənistan, Basarkeçər rayonunun Sovetakert (hazırda Çaxırlı) kəndində (atası X5, anası X9 olmaqla) anadan olması barədə doğum akt qeydinin bərpa edilərək, bu barədə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Tərtər rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva