Məhkəmə qərarları › İş №2-1(114)-209/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-209/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-209/2021 16.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 və üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1ində yerləşən qeyri-yaşayış binasının üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin imtinasını əsassız sayaraq, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X25 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən qeyri-yaşayış binasının üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız sayaraq, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X29, anası X26, bacıları X20, X10 və ona uzun müddət Daşkəsən rayonu «Bakı fəhləsi» südçülük-kartofçuluq sovxozunda işləmələrini, özünü doğrultmayan təsərrüfat forması kimi 1992-ci ildə sovxoz-kolxozların ləğvi və həmin dövrdə işçilərə olan əmək haqqı borcunun əvəzində onlara sovxoz və kolxozun əmlaklarından pay olaraq, ona 7100 manat, atası X21 6300 manat, anası X16 5400 manat, bacıları X13 3100 manat və X14 5100 manat, ümumilikdə 27000 manat borcun əvəzində sovxozun ləğvetmə komissiyasının xx.xx.1992-ci il tarixli aktına əsasən onlara sovxozun mərkəzi anbarındakı 2 silos quyusu, ot və taxıl saxlama anbarı və su anbarı (hovuz) əmlak payı verilmiş, həmin vaxtdan adı çəkilən əmlaklar onun istifadəsində və sahibliyindədir. ünvan 1ində yerləşən qeyri-yaşayış binasının üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********35 nömrəli məktubla həmin əmlakla bağlı mübahisə olduğundan bundan imtina etmişdir. Daşkəsən rayon Dövlət Arxivi tərəfindən verillən arxiv arayışında adı çəkilən əmlakın, həmin əmlakın keçmiş mülkiyyətçisi, yəni «Bakı fəhləsi» südçülük-kartofçuluq sovxozu tərəfindən əmək haqqı borcunun əvəzində onlara verildiyi göstərilmişdir. Həmin obyektin yerləşdiyi torpaq sahəsi xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında onun icarəsinə verilmişdir. X2 iddia etdiyi qeyri-yaşayış sahələrinin onun istifadəsində və sahibliyində olan əmlaklara heç bir aidiyyəti yoxdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X22 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(030)-246/2011 nömrəli qətnaməsi ilə X12 ünvan 1ində yerləşən 240 kv.m və 270 kv.m sahələri olan 2 (iki) silos quyusuna, 440 kv.m sahəsi olan ot və taxıl saxlama anbarına və 330 kv.m sahəsi olan su anbarına, həmçinin həmin bina və qurğuların yerləşdiyi və onlardan istifadə üçün zəruri olan cəmi 5280 kv.m torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, onlardan istifadə etməsi və onların barəsində sərəncam verməsi faktı müəyyən edilmiş, həmin 2 (iki) silos quyusuna, 1 (bir) ot və taxıl anbarına və 1 (bir) su anbarına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində X12 adına qeydiyyata alınması və bu barədə reyesterdən çıxarış verilməsi DƏDRX-nin Gəncə Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qətnamə əsasında ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 440.7 kv.m olan qeyri-yaşayış binası üzərində X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2012-ci il tarixli, **********75-06301 reyestr nömrəli çıxarış verilmişdir. Qeyri-yaşayış binasının tikintialtı sahəsinin yerləşdiyi 0.1402 ha torpaq sahəsinin mülkiyyət növü Dövlət olmaqla istifadədə hüququ kimi qeydiyyata alınmışdır. Torpaq sahəsinin X17 icarəyə verilməsi haqqında arxiv qovluğunda hər hansı bir sənəd aşkar edilməmişdir. ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 1593.7 kv.m olan qeyriyaşayış binası üzərində X9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2004-cü il tarixində qeydiyyat vəsiqəsi verilmişdir. X22 xx.xx.2012-ci il tarixli **********75-06301 reyestr nömrəli çıxarışa əsasən X17 verilmiş qeyri-yaşayış binasının xx.xx.2004-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan qeyri-yaşayış binası (anbar binası) ilə eyni əmlak olduğunu iddia edərək maraqlarına toxunduğu üçün Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-451/2017 nömrəli qərardadı ilə X22 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilərək X12 ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan X25 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-2589/17 nömrəli qərarı ilə təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. X22 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı X17 verilmiş xx.xx.2012-ci il tarixli **********75-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldımış, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 537/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən iddia tələbi təmin edilmişdir. X4 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(030)-246/2011 nömrəli qətnaməsi ilə üzərində mülkiyyət hüquqları tanınmış qeyrı-yaşayış binasına dair ilkin sənədləri təqdim edərək yenidən həmin əmlak üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, hal-hazırda əmlakla bağlı mübahisənin olduğunu nəzərə alaraq Firudin Həsənovun ərizəsinin icrası mümkün olmamışdır. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbi ilə bağlı etirazda qeyd olunanlara uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının sözügedən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyatını tələb etdiyi əmlaklar üzərində 3-cü şəxsin hüquqları qeydiyyata alınmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X22 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. 2007-ci il tarixdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının tapşırığı ilə sözügedən qeyri-yaşayış sahəsini mal-qara saxlaması üçün iddiaçının istifadəsinə vermişdir. Həmin qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olmasına dair qüvvədə olan məhkəmə qətnaməsi var. Odur ki, tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.2003-cü il tarixli 207721 nömrəli müqavilə, xx.xx.2004-cü il tarixli 4 reyestr nömrəli qeydiyyat vəsiqəsi, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(030)-246/2011 nömrəli qətnaməsi, Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 174, 175 və 176 nömrəli arxiv çıxarışları, xx.xx.2017ci il tarixli 393 nömrəli müqavilə, xx.xx.2019-cu il tarixli 4234 nömrəli ekspertiza rəyi, 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il **********46 nömrəli məktubu, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-537/2020 nömrəli qərarı, cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli **********35 nömrəli imtina bildirişi və xx.xx.2020-ci il tarixli **********59 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********35 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərmişdir ki, ünvan 1ində yerləşən anbar binası üzərində iddiaçının mülkiyyət hüququ Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında qeydiyyata alınaraq dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışla rəsmiləşdirilmişdir. X3 həmin anbar binasının xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan anbar binası ilə eyni əmlak olduğunu iddia edərək, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmışdır. X33 Məhkəməsinin 2-1(114)-537/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarına əsasən əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ləğv edilmişdir. Hal-hazırda əmlakla bağlı mübahisə olduğu üçün ərizənin icrası mümkün olmamışdır. İşdə olan xx.xx.2003-cü il tarixli 207721 nömrəli müqavilədən görünür ki, ünvan 1ində yaşayan X6 TİB-n 17 saylı 10.07.98-ci il tarixli qeydiyyat vəsiqəsi və 38 saylı 06.10.03-cü il tarixli alqı-satqı arayışına əsasən ona məxsus olan ünvan 1ində yerləşən 1036 kv.m «TikA» anbardan ibarət qeyri-yaşayış binasını X1. İşdə olan xx.xx.2004-cü il tarixli 4 reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1ində yerləşən anbar binası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X8 və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən X9 adına qeydə alınmışdır. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(030)-246/2011 nömrəli qətnaməsindən görünür ki, X12 ünvan 1ində yerləşən 240 kv.m və 270 kv.m sahələri olan 2 (iki) silos quyusuna, 440 kv.m sahəsi olan ot və taxıl saxlama anbarına və 330 kv.m sahəsi olan su anbarına, həmçinin həmin bina və qurğuların yerləşdiyi və onlardan istifadə üçün zəruri olan cəmi 5280 kv.m torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, onlardan istifadə etməsi və onların barəsində sərəncam verməsi faktı müəyyən edilmişdir. İşdə olan Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 174 nömrəli arxiv çıxarışından görünür ki, X25 7100 manat, X29 6300 manat, X26 5400 manat, X20 3100 manat və X23 5100 manat cəmi 27000 manat əmək haqlarını ala bilməmişlər. İşdə olan Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 175 nömrəli arxiv çıxarışından görünür ki, sovxozun ləğvetmə komissiyasının xx.xx.1992-ci il tarixli aktına əsasən X18 və ailə üzvlərinin arvadı X26, oğlu X25, X20, X5 Həmkarlar təşkilatına və ləğv etmə komissiyasına ərizə ilə «Bakı fəhləsi» sovxozunda işlədikləri əmək haqlarını ala bilmədiklərini bildirdikləri üçün onlara çatan əmək haqqı əvəzində onun ailəsinin malqarasının çox olmasını nəzərə alaraq mərkəzi anbardakı 2 ədəd ot və taxıl saxlama anbarı və 1 ədəd su anbarı (hovuz) onlara çatan 27000 manatla əvəzləşdirilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli 393 nömrəli müqavilədən görünür ki, ünvan 1i ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 5820.0 kv.m torpaq sahəsi X25 tərəfindən aylıq 20.0 manat, illik 240.0 manat icarə haqqı ödəmək şərti ilə xx.xx.2032-ci ilədək icarəyə götürülmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli 4234 nömrəli ekspertiza rəyi ilə ünvan 1ində yerləşən X9 adına verilmiş xx.xx.2004-cü il tarixli 1524 reyestr nömrəli, 06 inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında tərtib olunmuş texniki pasportda göstərilən tikililər (anbar binası) və X12 adına verilmiş xx.xx.2012-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında xx.xx.2012-ci il tarixdə tərtib olunmuş texniki pasportda göstərilmiş qeyriyaşayış binaları yerində mövcud olduğu və həmin mübahisəli tikiliyə dair tərtib edilmiş texniki pasportda göstərilmiş sahəsi 480.0 və 440.7 kv.m qeyri-yaşayış binası eyni tikili olmaqla üst-üstə düşdüyü müəyyən olunmuşdur (rəyin əsli Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-537/2020 nömrəli işdə saxlanılır). İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-537/2020 nömrəli qərarından görünür ki, ünvan 1ində 0.1420 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 440 kv.m sahədən ibarət olan qeyri-yaşayış binasına dair X12 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində aparılmış qeydiyyat ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020ci il tarixli **********04 nömrəli məktubundan görünür ki, X9 iddiası üzrə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-537/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı icra olunmuşdur (əsli 2-1(114)-537/2020 nömrəli işdə saxlanılır). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. İddiaçı tərəfindən həmin qanunda göstərilən əsaslardan hər hansı biri məhkəməyə təqdim edilməmişdir (Qanunun 8-ci maddəsi). Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır (Qanunun 11.1-ci maddəsi). Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1ində yerləşən qeyri-yaşayış binasının üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız sayaraq, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar