Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-209/2023 16.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq sənədlərin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Bərdə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə ünvan 1 ünvanında yerləşən ərazidən ona 50 il müddətinə icarəyə verilmiş 100 kvadrat metr sahibkarlıq torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən ərazidən ona 50 il müddətinə 100 kv.m sahibkarlıq torpaq sahəsi icarəyə verilmişdir. Lakin həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən o, torpaq üzərindəki gözlənilən icarə hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Məhz buna görə də o, Bərdə rayonu Bərdə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə ünvan 3 ünvanında yerləşən ərazidən ona 50 il müddətinə icarəyə verilmiş 100 kv.m sahibkarlıq torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki Pasportun) verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə bir sıra çatışmazlıqlar var. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Bərdə rayon Bərdə Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə ünvan 4 ünvanında yerləşən ərazidən iddiaçıya ayrılmış 100 kv.m sahibkarlıq torpaq sahəsinin ayrılması barədə qərar torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə (yarımçıq) təqdim olunmuş, lakin torpaq sahəsinin sahəseçmə aktı, təsdiq olunmuş yerquruluşu planı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və ölçü sənədi, Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müvafiq rəyi təqdim olunmamışdır. Bu səbəbdən də ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı ərizəsini nəzərə alınaraq bələdiyyənin torpaq fondundan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün E.Əsədov küçəsinin şimal tərəfində olan mövcud “Səadət” şadlıq sarayının qərb hissəsində olan mağazalar sırasında, şimaldan həyətlərlə, qərbdən və cənubdan küçə yolu ilə həmsərhəd olmaqla 10.0 x 10.0, cəmi 100 kv.m ölçüdə torpaq sahəsi İddiaçı 50 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. - işə əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarı əsasında Bərdə şəhəri, E.Əsədov küçəsinin şimal tərəfində olan mövcud Səadət şadlıq sarayının qərb hissəsində olan mağazalar sırasında, şimaldan həyətlərlə, qərbdən və cənubdan küçə yolu ilə həmsərhəd olan 100 kvadrat metr ölçüdə torpaq sahəsi küçəsində yerləşən 104 kv.m ölçüdə torpaq sahəsi 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada göstərilən mübahisəli 100 kv.m torpaq sahəsi TEKUİS məlumat bazasında bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında yaşayış məntəqələri kateqoriyalı, iaşə obyekt təyinatlı, tikinti altında olan torpaq sahəsidir. İcarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinə dair yerquruluşu planından çıxarış, ayrıc aktı, yerləşmə sxemi təqdim edilmədiyi üçün sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən göstərilən 100 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Mübahisələdirilən torpaq sahəsi üzərində mişar daşından inşa edilmiş bir mərtəbəli qeyri yaşayış-binası mövcuddur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayonu Bərdə Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 12 nömrəli qərarı əsasında Bərdə şəhəri, Bərdə şəhəri, E.Əsədov küçəsinin şimal tərəfində olan mövcud “Səadət” şadlıq sarayının qərb hissəsində olan mağazalar sırasında, şimaldan həyətlərlə, qərbdən və cənubdan küçə yolu ilə həmsərhəd olan 100 kvadrat metr ölçüdə torpaq sahəsi 50 il müddətinə iddiaçının icarəsinə verilmiş və tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin rəyi, təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin plan və ölçü sənədi, həmçinin rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müvafiq rəyinin müraciətə əlavə edilməməsi təşkil etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materialları ilə müəyyən olunur ki, yuxarıda adı çəkilən müvafiq qərar (eləcə də müqavilə) əsasında İddiaçı torpaq sahəsi icarəyə verilsə də, torpaq ayrılan zaman torpağa dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin rəyi, təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilməmişdir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Bərdə şəhəri ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Göründüyü kimi tələb olunan sənədlərin hamısı iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq sənədlərin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-209/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-209/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver