Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2090/2020 26.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, iddiaçı Şəmkir rayonu Yeni Həyat bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının və penyanın ödənilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinə dəymiş ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Şəmkir rayonu Yeni Həyat bələdiyyəsi Cavabdeh qarşı xx xxxx 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Cavabdeh 2014-2020-ci illər üçün icarə haqqını təşkil edən hər il üçün 420.000 manat olmaqla, ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat icarə haqqının və 1841,28 (bir min səkkiz yüz qırx bir manat, iyirmi səkkiz qəpik) manat dayanıqsızlığın (penya), ümumilikdə 4781,28 (dörd min yeddi yüz səksən bir manat, iyirmi səkkiz qəpik) manat pulun ödənilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Yeni Həyat bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2005-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisindən 7 hektar torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin 3.2 və 3.3-cü bəndlərinə görə icarəçi xx xxxx 2005-ci il tarixdən hesablanmaqla hər il 420.00 (dörd yüz iyirmi) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin icarəçi icarə müqaviləsinin şərtlərini pozaraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, 2014-cü ildən cari ilədək icarə haqlarını, eləcə də icarə müqaviləsinin 3.4-cü bəndlərinə əsasən icarəçi icarə haqqını ödəmədiyi təqdirdə hər gün üçün hesablanan 0,2% dayanıqsızlıq haqqını ödəməmişdir. Bundan başqa, Cavabdeh icarə müqaviləsinin 2-ci maddəsini və 5.2-ci bəndini pozaraq, icarə torpağında icazə almadan tikinti işləri aparmış, örüş sahəsinin 450 kvm-ni korlayaraq torpaq sahəsinə zərər vurmuşdur. Bundan başqa, Cavabdeh icarə müqaviləsinin 5.2-ci bəndini pozaraq, icarə torpağını təyinatı üzrə istifadə etmir. Yuxarıda qeyd edilənlərə görə Şəmkir rayonu Yeni Həyat bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 7 saylı iclas protokolunun 04 saylı qərarı ilə Cavabdeh ilə Yeni Həyat bələdiyyəsi arasında 7 ha torpaq sahəsinin 25 illik icarəyə verilməsi barədə icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional ədliyyə şöbəsinin xx.xx.2016-cı il tarixli, 08-274-in-Ş saylı məktubuna əsasən Şəmkir rayonu Yeni Həyat bələdiyyəsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə Yeni Həyat bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 7 saylı iclas protokolunun 04 saylı qərarı ləğv edilmişdir. xx xxxx 2020-ci il tarixdə Cavabdeh icarə müqaviləsinin ləğv edilməsinə dair təklif göndərilmişdir. Lakin təklifin göndərilməsindən 2 aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh təklifə cavab verməmişdir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, fiziki şəxs olan hazırki Cavabdeh qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan başqa, icarə müqaviləsi inzibati icraatın predmeti olan inzibati akt deyildir. Belə ki, inzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Beləliklə, hazırda mübahisə predmeti olan icarə müqaviləsi yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Həmçinin, iddianın icarə haqqının və penyanın ödənilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair hissəsi ilə bağlı qeyd edilir ki, həmin tələb ümumi (publik) hüquq normaları ilə deyil, xüsusi normalarla tənzimlənən mübahisədir və bu mübahisəyə inzibati icraat qaydasında deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3. maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən Q ə r a r a a l d ı: İddiaçı Şəmkir rayonu Yeni Həyat bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının və penyanın ödənilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2090/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2090/2020
26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver