Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2090/2025 05.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X1 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə Tərtər rayonu, İlxıçılar kəndində onun mülkiyyətinə verilmiş 2385,15 kv.m. torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (torpaq sahəsinin plan və ölçüsü, çıxarış və texniki pasport) verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə Tərtər rayonu, İlxıçılar kəndində onun mülkiyyətinə 2385,15 kv.m. torpaq sahəsi verilmişdir. Lakin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün hüquqlarından səmərəli istifadə edə bilmir. Bu səbəbdən cavabdeh inzibati orqana müraciət edərək mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, ancaq cavabdeh bundan imtina etmişdir. Əsas kimi isə torpaq sahəsi üzərində mübahisənin olmasını göstərmişdir. Odur ki, məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 4.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, Tərtər rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.1998-ci il tarixli, 08 saylı qərarla Tərtər rayonu, İlxıçılar kəndində İddiaçı mülkiyyətinə 2385,15 kv.m. torpaq sahəsi verilmişdir. İddiaçının adına A 343556 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya cavab verərək ərizənin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, mütəxəssis tərəfindən müayinə baxış üçün əmlaka gedilmiş, lakin əmlak üzərində mübahisə olduğu üçün müayinə baxış təmin edilməmişdir. Ona görə də sənədin icrası mümkün olmamışdır. Məhz həmin cavab məktubunu imtina hesab etdiyi üçün İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə obyektiv nəticəyə gəlmək üçün mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilmişdir. Lakin mütəxəssis tərəfindən əraziyə baxış keçirilməsi mümkün olmamışdır. Çünki torpaq sahəsində çöl-ölçmə işlərinin keçirilməsinə şərait yaradılmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən pozulmamışdır. Belə ki, iddiaçı məhkəmədən əvvəl ilkin müraciət edən zaman əmlak üzərində mübahisənin olması əsası ilə ərizəsi cavabdeh orqan tərəfindən icra edilə bilməmişdir. Yəni imtinanın əsası cavabdeh orqanın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən hər hansı əsasa söykənməmişdir. Doğrudur ki, cavabdeh orqanın mütəxəssisi ərzaiyə baxış keçirməli və baxış müayinə aktı tərtib etməlidir. Daha sonra imtina əsasları müəyyən edilməlidir. Lakin torpaq sahəsinə baxış keçirilməsinə imkan verilməyən bir halda cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsinə gəlmək olmaz. Mövcud vəziyyətdə isə iddia mümkünlük şərtlərinə cavab vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən ümumi məhkəmədə cavabdeh orqanın mütəxəssislərinə ölçmə işlərinin aparılmasına edilən maneənin aradan qaldırılması ilə bağlı iddia verilməli və həmin iddia tələbi üzrə çıxarılacaq qətnamənin icrası mexanizmi qaydasında torpaq sahəsinə cavabdeh orqanın əməkdaşları tərəfindən baxış keçirilməlidir. Bundan sonra cavabdeh orqan mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edəcəyi halda iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməlidir. Bütün bu halları sistemli təhlil edən məhkəmə hesab edir ki, tələbi mümkünlük şərtlərinə cavab vermir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2090/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2090/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver