Məhkəmə qərarları › İş №2-1(114)-2092/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2092/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2092/2024 02.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı İsbəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı İsbəndiyar oğlu, iddiaçının nümayəndəsi (qardaşı) X1 və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı İsbəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı İsbəndiyar oğlu xx.xx.1958-ci il təvəllüdlüdür.

2. 16.05.1977-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı İsbəndiyar oğlu xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur.

3. 29.01.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı İsbəndiyar oğlu xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Səfərəliyev sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Fərid” kiçik müəssisəsində, xx.xx.1992ci il tarixdən xx.xx.1994-cü il tarixədək Əhaliyə Xidmət Kombinatında, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və ticarət müəssisəsində işləmişdir.

4. Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-39RA/2-Ə-290/1/2023 nömrəli arxiv arayışından görünür ki, Samux rayonu Avtomotoservis və ticarət müəssisəsinin sənədləri mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

5. İddiaçı İsbəndiyar oğlu yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-170527/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 17 il 9 ay 17 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzası olmadığından) xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Məlumat üçün bildirilir ki, qeyd olunan dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün (VÖEN: **********) yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

6. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş: - Müəssisənin (obyektin) alğı-satqısı haqqında xx.xx.2007-ci il tarixli 1344 nömrəli müqaviləyə əsasən Satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsini onun əmək kollektivinə satmışdır. - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli 002379 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, X8, X5, İddiaçı İsbəndiyar oğlu və X7 həqiqətən Samux rayonu, Nəbiağalı qəsəbəsi, H.Əliyev prospekti, 133ünvanında yerləşən “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar. - “Avtomotservis və Ticarət” X11 Avtomotoservis və Ticarət Müəssissəsinin işçiləri haqqında məlumatdan görünür ki, İddiaçı İsbəndiyar oğlu həmin müəssisədə gözətçi işləmişdir.

7. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-18/2-27935/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən "xxxx" Müəssisəsisinin (VÖEN: **********) özəlləşməsi ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı İsbəndiyar oğlu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin nəzərə alınaraq əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Səfərəliyev Sovxozunda fəhlə işləmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "Fərid" kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək Əhaliyə Xidmət Kombinatında, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və ticarət müəssisəsində işləmişdir. Lakin, xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi nəzərdə tutulmur. Bununla bağlı o, Dövlət Arxivinə müraciət etsə də, Avtomotoservisə dair sənədləri tapa bilməmişdir və müəssisə bağlandığından, həmin müəssisə özəlləşdirməyə getdiyindən, həmin əmlakı yeni sahibkar aldığından müəssisənin rəhbərliyi ilə də əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən də o, əmək pensiyası ala bilmir, çünki onun stajının 25 ili tamam olmur. O, işlədiyi müddətdə həmin avtomotoservis müəssisəsində çoxlu sayda işçilər işləmişdir. Bunlardan Xəlil, Rafayıl, Ariz, Siyavuş, Vaqif və digərlərini misal göstərə və məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında həmin şəxsləri dinləyib onunla işlədiklərinin şahidi ola bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. İddiaçı xx.xx.2024-cü il tarixli iclas zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər qəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması Qanunun tələbindən onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il qərarının 3.2-ci bəndinə görə, İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. İddiaçı təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 17 il 9 ay 17 gün təşkil edir. Həmçinin bildirilir ki, İddiaçıin xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-569/2024 nömrəli qərarının 60-63-cü bəndlərində qeyd edilir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi əmək kitabçası o halda mötəbər hesab olunur ki, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar mövcud olmasın. Hazırki iş üzrə İddiaçı məxsus əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrdə işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzası olmadığı üçün həmin dövr onun sosial sığorta stajına daxil edilmir. Bundan başqa, Q. Ələkbərovun həmin dövrdə əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı cədvəlləri) və əmr kitablarından çıxarışlar da mövcud deyildir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması da onun xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan sığorta stajını şübhə altına salır. Qeyd olunan Qərarın təhlilindən də aydın olur ki, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Beləliklə, mötəbərliyi qəbul edilməyən xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığorta stajı tamamlanmır. Buradan aydın olur ki, iddiaçının "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Məlumat üçün bildirilir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. X3 İnformasiya Sisteminin "Sığorta" altsistemində olan məlumatlara əsasən İddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il 2-1(102)- 1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı İsbəndiyar oğlunun ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkünhesab edilməmişdir.

22. İddiaçı İsbəndiyar oğlu və onun nümayəndəsi (qardaşı) X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

23. Cavabdehin nümayəndəsi X13 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 16.05.1977-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet; - 29.01.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-170527/2024 nömrəli imtina məktubu; - Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-39RA/2-Ə-290/1/2023 nömrəli arxiv arayışı; - Müəssisənin alğı-satqı müqaviləsi; - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli 002379 qeydiyyat nömrəli şəhadətnamə; - “Avtomotservis və Ticarət” X11 Avtomotoservis və Ticarət Müəssissəsinin işçiləri haqqında məlumat; - 08.04.2024-cü il tarixli ərizələr; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-18/2-27935/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, eyni zamanda əmək kitabçasının doldurulma qaydasının pozulması, belə ki, xx.xx.1994-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək olan dövr üzrə işə daxil olma və işdən çıxma qeydlərində direktorun imzasının olmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

27. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini qismən əsassız hesab edir.

28. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

32. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

35. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

36. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması da məhkəmə araşdırması ilə toplanmış sənədlərlə öz təsdiqini tapmışdır.

37. Belə ki, iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı İsbəndiyar oğlu xx.xx.1976-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Səfərəliyev sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Fərid” kiçik müəssisəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Əhaliyə Xidmət Kombinatında, xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və ticarət müəssisəsində işləmişdir.

38. Cavabdeh orqan iddiaçının hərbi xidmət və digər iş fəaliyyəti dövrlərini onun sosial sığorta stajına daxil edərək, yalnız xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və ticarət müəssisəsində işlədiyi dövrü əmək kitabçasında qeydlərin mötəbər olmamasına istinadla sosial sığorta stajı kimi qəbul etməmişdir.

39. Məhkəmə qeyd edir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

40. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X15) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.

43. İddiaçı da qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.

8. Əmək kitabçasının doldurulması işəgötürənin məsuliyyət sferasına aid olmaqla, əmək kitabçasının doldurulma qaydasının pozulması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

9. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

10. Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsi dövlət əmlakı olmaqla, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həmin müəssisəni Müəssisənin (obyektin) alğı-satqısı haqqında xx.xx.2007-ci il tarixli 1344 nömrəli müqaviləyə əsasən onun əmək kollektivinə satmışdır. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli 002379 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən X8, X5, İddiaçı İsbəndiyar oğlu və X7 həqiqətən Samux rayonu, Nəbiağalı qəsəbəsi, H.Əliyev prospekti, 133 ünvanında yerləşən “Avtomotoservis və Ticarət” RİB-nin Samux Avtomotoservis və Ticarət müəssisəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar. Həmin müəssisənin işçiləri haqqında məlumatda da 3-cü sırada İddiaçı İsbəndiyar oğlunun müəssisədə gözətçi işləməsi barədə qeyd edilmişdir.

11. Qeyd olunan hallar isə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Samux rayonu Avtomotoservis və ticarət müəssisəsində işlədiyini bir daha sübut edir.

12. Lakin onu da nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

13. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

14. Məhkəmə iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilməsinin mümkünlüyü ilə bağlı qeyd edir ki, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

15. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərinin olması müəyyən edilməmişdir.

16. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin dövr onun sosial sığorta stajına daxil edilə bilməz.

44. Buna baxmayaraq, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması iş materialları ilə təsdiq olunur.

45. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

46. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı İsbəndiyar oğlunun xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia İddiaçı İsbəndiyar oğlunun xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək Samux rayonu Avtomotoservis və Ticarət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar