Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2093/2022 17.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv olunması və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/414Ş nömrəli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi/Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, gömrük xidməti mayoru İddiaçı oğlunun xidmətinə “Gömrük orqanların xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas İddiaçı xx.xx.2022-ci il tarixli “öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə” ərizəsi olmuşdur. İddiaçı daha sonra (texniki səhv olaraq xx.xx.2022 qeyd olunmuşdur) ərizə ilə cavabdeh orqana müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə onun növbəti əmək məzuniyyətində olması və məzuniyyətinin başa çatması nəzərə alınmadan əmək müqaviləsinə xitam verilmişdir. Tərəfindən ərizə yazılarkən səhhətində müəyyən problemlər olduğu üçün düşünmədən bu addım atmışdır, ona görə də hal-hazırda təəssüf hissi keçirməklə, peşman olduğunu bildirmişdir. Öhdəsində 3 azyaşlı uşağın olmasını, 2009-cu ildən hal-hazıradək qüsursu xidmətini nəzərə alaraq işə bərpa edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv olunması, işə bərpa və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsini xahiş etmişdir (iddia ərizəsi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir). Daha sonra iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək məhkəmədən xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmrin ləğv olunması və iddiaçının əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük xidmətində müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili vəzifəsində gömrük xidməti mayoru olmuşdur. Gömrük Xidmətində işlədiyi 13 illik dövr ərzində rəhbərlik tərəfindən verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirmiş, heç vaxt barəsində intizam tənbeh növü tətbiq olunmamışdır. xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik idarəsində olmuş, ona xx.xx.2022-ci il tarixdə atası Məmmədov Mehirə məxsus Göygöl rayonunun ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektində atası ilə müştəri arasında olan insident barədə suallar verilmişdir. Həmin vaxt iddiaçı iddia edir ki, psixoloji gərginlik altında olduğundan tərəfindən işdən azad olunmağı barədə ərizə yazılarkən səhhətidə müəyyən problemlər olduğu üçün qarşı tərəfin təzyiq və təkidləri qarşısında etik davranış qaydalarına uyğun olaraq dözümlülük göstərmədən və düşünmədən bu addımı atmışdır. Ona görə də hal-hazırda təəssüf hissi keçirməklə peşmandır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 6.-cı bəndinin tələbinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. Onun işdən azad olunması barədə ərizə məzuniyyətdə olduğu vaxt yazılmışdır. Məzuniyyət dövründə keçirdiyi psixoloji sarsıntılara görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022- cil daxil olmaqla "arterial hipertoniya diaqnozu ilə ambulator müalicədə olmuşdur. Bu səbəbdən də məzuniyyətimin başa çatacağı gündən 1 gün qabaq Dövlət Gömrük Komitəsinin sədri cənab X1 azad olunması barədə yazdığı ərizəni peşmançılıq keçirdiyi üçün etibarsız hesab olunması barədə məktubla müraciət etmişdir. Lakin ərizəsinə heç bir məhəl qoyulmamış və pozulmuş əmək hüquqları işəgötürən tərəfindən bərpa olunmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 1000-210/2xx-xx/013611 nömrəli etirazında iddianın mümkün sayılmamasını xahiş etmişdir. Daha sonra məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 1000-210/2xxxx/018023 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - AR ƏM) 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Sabiq gömrük əməkdaşı İddiaçı məzuniyyətdə olduğu vaxt xx.xx.2022-ci il tarixli ərizə ilə Komitə rəhbərliyinə müraciət edərək öz təşəbbüsü ilə gömrük orqanlarındakı xidmətinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-lQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 121-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Belə ki, hazırkı iddia üzrə iddiaçı qismində çıxış edən İddiaçı öz təşəbbüsü ilə gömrük orqanlarındakı xidmətinə xitam verilməsinə dair yazdığı ərizə nəzərə alınmış, Komitənin müvafiq əmri ilə Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Sorğuda qeyd edilən Əsasnamənin 123-cü maddəsinə əsasən gömrük organlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməsi ilə bağlı hissəyə cavab olaraq sabiq əməkdaş müvafiq tələbə riayət etməmiş, tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 6-cı bəndinin tələblərinə əsasən, işdən əxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam olunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə bildiriş göndərir. Eyni zamanda əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Yuxarıda qeyd olunan Qərarın tələblərinə cavabdeh orqan tərəfindən xx.xx.2022-ci tarixli, 1000-180 / 180-26 /009698 nömrəli məktubla riayət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. AR iPMnin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. AR ƏM-nin 296.2-ci maddəsinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün isci hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, iddiaçının şəxsi işindəki əmrlərin surətləri əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə gəldikdə isə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddanın qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçıya Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1600/147E nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən 20 təqvim günü istifadə edilməmiş əmək məzuniyyəti verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə işə çıxmalı idi. xx.xx.2022-ci il tarixdə iddiaçı işdən çıxma barədə ərizə vermiş, həmin tarixdə qeyd edilən ərizə əsasında iddiaçının xidmətinə xitam verilməsi barədə əmr tərtib edilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli 1000/414Ş nömrəli əmrinin ləğvini tələb edir. Bu səbəbdən də inzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi yoxlanılmalı, mübahisələndirilən əmrin əsasları ilə bağlı araşdırma aparılmalı, həmin əsaslara hüquqi qiymət verilməlidir. “Gömrük orqanlarından xidmət haqqında” Əsasnamə
1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1.öz təşəbbüsü ilə;
123. Gömrük orqanlarında xidmətə gömrük orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə bu barədə yazılı surətdə xəbərdar etməlidir. Hazırkı mübahisə üzrə iddia tələbinin iddiaçının xidmətinə xitam verilməsi haqqında 24 may 2022-ci il tarixli, 1000/414Ş saylı əmrin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi təşkil edir. Həmin normaya əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə öz təşəbbüsü ilə xitam verilə bilər. Lakin gömrük orqanının vəzifəli şəxsinin öz arzusu ilə xidmətinə xitam verilməsi qaydası qeyd olunan Əsasnamədə tənzimlənmədiyindən mübahisəyə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun hüquqi qiymət verilməlidir. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 69.6-cı maddəsinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. 111-ci maddəsinin tələblərinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır. Qanunvericiliyin tələbinə görə işçinin işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək üçün xəbərdarlıq müddəti bir aydır və işçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə cavabdehə yeni ərizə verdikdə, əmək müqaviləsi ləğv oluna bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2022-ci il tarixdən vəzifədən azad edilməsini qeyd etmiş, həmin ərizədə işdən azad edilməsinin səbəbini göstərməmiş, gömrük orqanının vəzifəli şəxsi kimi bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə bu barədə məlumat verməmişdir. Cavabdeh inzibati orqan da iddiaçının işdən azad edilməsi səbəbini araşdırmadan ərizədə göstərilən gün müvafiq əmri vermişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsində göstərilən hallardan (yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər halları) biri olduqda ərizədə göstərildiyi gün əmək müqaviləsinə xitam verilə bilərdi. Başqa sözlə, əmək münasibətlərinə işçinin təşəbbüsü ilə xitam verilərkən işçi işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir. Ərizədə, əmək müqaviləsinə xitam verilməsinin günü konkret göstərildiyi halda işəgötürən xəbərdarlıq müddətini gözləmədən, yəni ərizədə göstərilmiş tarixdə əmək müqaviləsinə xitam verə bilər. Bu zaman, işçi, ərizəsində əmək müqaviləsinə xitam verilməsinin bu qaydada, yəni xəbərdarlıq müddətinin gözlənilmədən xitam verilməsinin səbəbini (məsələn: yeni yaşayış yerinə köçməsini, başqa işəgötürənlə əmək müqaviləsi bağlamasını və s.) göstərməlidir. Lakin tərəflərin istinad etdikləri ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmasını xahiş edən iddiaçı xəbərdarlıq müddətinin gözlənilməməsinin səbəbini ərizədə göstərməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, inzibati orqan əmək münasibətlərinə xəbərdarlıq müddətinin gözlənilmədən xitam verilməsinin səbəbini araşdırmadan iddiaçı ilə xidməti münasibətlərinə xəbərdarlıq müddətini gözləmədən xitam verməkdə haqlı olmamışdır. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının gömrük orqanlarında xidmətinə öz arzusu ilə xitam verilməsi ilə bağlı bir ay qabaqcadan birbaşa tabe olduğu rəisə yazılı məlumat verməməsinin səbəbləri araşdırılmamışdır. Bundan əlavə Əmək Məcəlləsinin 69.6 və 111-ci maddələrinin birgə təhlili ona əsas verir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi saxlanılır və həmin dövrdə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilmir. Odur ki, cavabdeh iddiaçını məzuniyyət müddətinin qurtardığı gündən sonra işə çıxmalı olduğu tarixdə onu tutduğu vəzifədən azad etməli idi. Hazırkı iş üzrə iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmr onun əmək məzuniyyətdində olduğu müddətdə verilmiş, cavabdeh tərəfindən iddiaçının əmr verilən tarixdə onun məzuniyyətdən geri çağrılaraq, işçinin işə çıxması ilə bağlı hər hansı bir əmr verilməmişdir. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən əmri qanunvericilik normalarının pozulması ilə qəbul edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin olunsun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/414Ş nömrəli əmri ləğv edilsin və İddiaçı oğlu Qərb Ərazi Baş Gömrük İdarəsi - Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, Gömrük xidməti mayoru vəzifəsinə bərpa edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zəfər Quliyev