Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2095/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xocalı Rayon Polis Şöbəsinə qarşı Xankəndi şəhərinə qeydiyyata alınma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xocalı Rayon Polis Şöbəsinə qarşı Xankəndi şəhərinə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2014-cü il tarixdə AA 312773 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.
2. İddiaçı Xankəndi şəhərinə pasport qeydiyyatına alınması barədə cavabdeh Xocalı Rayon Polis Şöbəsinə müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilərək bildirilmişdir ki, xidməti zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır.
3. İddiaçı şəxsiyyət vəsiqəsi və elektron sistemdən çıxarışla müəyyən olunur ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır.
4. İddiaçı cavabdeh Xocalı Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli qərarının nəzərə alınaraq onun Xankəndi şəhərinə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, anası X2 18 sentyabr 1988-ci ilədək Xankəndi şəhərində yaşamış və pasport qeydiyyatında olmuşdur. Lakin həmin bölgənin Ermənistan Respublikası tərəfindən işğal olunması ilə əlaqədar olaraq məcburi köçkün düşmüşdür. Həmçinin, atası X1 şəhərindən məcburi köçkün düşmüş və xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qeyd olunan tarixlərdə (1988-1990) o azyaşlı olmuş və onun iradəsindən kənar valideynləri onu Bakı şəhərinə pasport qeydiyyatına salmışlar. Buna görə də ona məcburi köçkün statusu 14 may 2014-cü il tarixədək verilməmişdir. Xankəndi şəhərinə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktub ilə imtina cavabı verilmişdir. Hal-hazırda qeydiyyatda olduğu mənzilin sahibi onu və iki azyaşlı oğlunu yaşayış yeri üzrə qeydiyyatdan çıxartmaq üçün məhkəməyə müraciət etmişdir və hazırda həmin iş məhkəmənin icraatındadır. Məhkəmə tərəfindən iddia təmin olunduğu təqdirdə mülkiyyətində qeydiyyata düşəcəyi hər hansı əmlak yoxdur. II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
7. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar və iddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh Xocalı Rayon Polis Şöbəsi (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdeh Xocalı Rayon Polis Şöbəsinin yerləşdiyi Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir.
15. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. İddiaçı şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
17. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının Xankəndi şəhərində məskunlaşması prosesinə başlanılmadığını bilir, lakin o, məcburi köçkün kimi aylıq yemək xərci ala bilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Belə ki, o, Ağdamda doğulmasına baxmayaraq, məlum hadisələrlə əlaqədar valideynləri ilə birlikdə Xankəndi şəhərindən məcburi köçkün düşmüşlər. 14 may 2014-cü il tarixdə ona məcburi köçkün vəsiqəsi verilməsinə baxmayaraq, hələ də məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə edə bilmir. Buna səbəb isə valideynlərinin məcburi köçkün düşüb Bakı şəhərinə gələrkən onu şəhərə qeydiyyata saldırmaları olmuşdur. Hazırda vəsiqəsi olsa da, Bakı şəhərində qeydiyyatda olması, yəni nə doğulduğu Ağdam rayonunda, nə yaşadığı və məcburi köçkün düşdüyü Xankəndi şəhərində qeydiyyatda olmaması əsas gətirilərək ona aylıq müavinət ödənilmir.
18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA 312773 nömrəli məcburi köçkün vəsiqəsi; - Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubu; - Cavabdehin orqanın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktub; - Xocalı Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubu; - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi; - Elektron məhkəmə informasiya sistemindən çıxarış.
Əsaslandırma hissəsi: VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və rədd edilməlidir.
21. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır və faktiki olaraq da həmin ünvanda yaşayır. O, anasının doğulduğu və onların ailəlikcə məcburi köçkün düşdükləri Xankəndi şəhərinə qeydiyyata alınmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
22. Cavabdeh orqan da imtinasının əsası kimi yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınmasının müvəqqəti məhdudlaşdırılmasına istinad etmişdir.
23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Maddə 4. Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər.
24. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun insan hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına dair tələbləri əks etdirən 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir və Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
25. Göründüyü kimi, qanunvericilikdə şəxslərin qeydiyyata alınmasının müvəqqəti məhdudlaşdırıla biləcəyi təsbit olunduğunda cavabdehin bu əsasla iddiaçını Xankəndi şəhərinə qeydiyyata almaqdan imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
26. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdeh orqana müraciətində və iddia tələbində onun Xankəndi şəhərinə qeydiyyata alınmasını xahiş etmiş və konkret yaşayış yeri (yaşayış evi, mənzil) qeyd etməmişdir ki, bu da onun tələbinin təmin edilməsini istisna edir.
27. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva