Məhkəmə qərarları › İş №2-1(114)-2096/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2096/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2096/2022 27.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X5 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X8) atalıq qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşağın atası olmağına dair atalığın qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2008 saylı Hərbi hissəsinin Təminat Bölüyündə gizir hərbi rütbəsində işləyir. 2016-cı ilin əvvəlində şəxsi münasibəti olan Şəmkir rayonun Təzəkənd kənd sakini Rəşad adlı şəxslə birlikdə bir nəfər qadın işlədiyi hərbi hissəyə gələrək MAXE kimi xidmət etmək istəmələrini və bu məqsədlə onlara mümkün köməyi etməyini ondan xahiş etmişlər. Bundan sonra Rəşad adlı şəxs işə qəbul olunması münasibəti ilə təşkil etdiyi qonaqlıq məclisinə onu da dəvət etmiş və orada Gədəbəy rayonun Moruqlu kənd sakini olan qadın, X5 da iştirak etməsini görmüşdür. Həmin qonaqlıqda ayıldıqda o Xatın adlı qadınla çılpaq vəziyyətdə bir çarpayıda olduğunu görmüşdür. Xatın adlı qadın ona əgər tələblərini yerinə yetirməsə sosial şəbəkədə biabır edəcəyini və həmin çəkilişləri hərbi hissə komandirinə göndərməklə hərbi xidmətdən azad etdirəcəyi ilə hədələmişdir. O isə işini itirməmək üçün qadının pul tələblərini təmin etmişdir. Bundan sonra üçüncü şəxs özünün başqa kişidən olan Aminə adlı uşağının atası olmağına dair ərizə ilə Qeydiyyat Şöbəsinə müraciət etməyini tələb etdikdə isə o qəti olaraq razı olmamışdır. 2020-ci ilin iyul ayında hərbi hissənin maliyyə şöbəsindən əmək haqqından alimentlə bağlı tutmanın yönəldilməsi bildirilmişdir. Həmin tutmanın səbəbinin araşdırılması üçün Gədəbəy rayon məhkəməsinə müraciət etdikdə ona Gədəbəy rayon Məhkəməsinin (hakim Fizuli Mirzəquluyev) xx.xx.2020-ci il tarixli (042)-205.2020 saylı qətnaməsi əsasında xx.xx.2016cı ildə doğulmuş X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulub X6 verilməsinin qət edildiyi məlum olmuşdur. Üçüncü şəxs onun xəbəri və ərizəsi olmadan xx.xx.2016-cı il təvəllüdlü Aminə adlı uşağına onun atalığının müəyyən edilməsinə dair Cavabdehndə, şəhadətnamə tərtib etdirmişdir. Həmin şəhadətnamə əsasında da Aminə üçün xx.xx.2016-ci il tarixdə 307 saylı doğum aktı qeydi tərtib etdirmiş, həmin akt qeydində uşağın atasının onun, yəni İddiaçı olması qeyd edilmişdir. Bundan sonra cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2016-cı il təvəllüdlü Aminə adlı uşağın atalığına dair qeydin ləğv edilməsini tələb etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X8 iddianı qəbul etməyərək bildirmişdir ki, X3 iddiaçı ilə münasibətlərindən doğulmuş uşaqdır, ona görə də sənədlərdə ata adı kimi iddiaçının adı yazılmışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş 26 avqust 2020-ci il tarixli AZ-İ seriyalı, 391398 nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə X4 doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin iyu ayının 01 günündə 196 № ilə qeyd edilmişdir. - işə əlavə edilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli, 144 nömrəli arayışından görünür ki, X3 xx.xx.2016-cı ildə Gəncə şəhəri, Kəpəz rayonunda anadan olmuşdur. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə 307 №-li doğum akt qeydi tərtib olunmuşdur. Atası: İddiaçı, Anası: X8. - Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/-13-304 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, X2 atası kimi “doğum haqqında” şəhadətnamə və “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədə İddiaçı qeyd edilmişdir. İddiaçı “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin onun xəbəri və ərizəsi olmadan tərtib edildiyini bildirmiş və atalıq qeydinin ləğv edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, sonuncu isə tələbin məhkəmə qərarı ilə icra edilməli olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının”: -6.1-ci bəndində qeyd olunmuşdur ki, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərin seçdiyi, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsində və ya konsulluq idarəsində dövlət qeydiyyatına alınır. -6.2-ci bəndində qeyd olunmuşdur ki, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. -6.5-ci bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən atalığın müəyyən olunmasının dövlət qeydiyyatı zamanı atalığın müəyyən olunması haqqında aktların qeydiyyat kitabında atalığın müəyyən olunması barədə akt qeydləri tərtib edilir. -6.7-ci bəndində qeyd olunmuşdur ki, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Yuxarıda qeyd olunan maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə qeyd edir ki, uşaq nikahda olmayan valideynlərdən doğulduqda qanunun tələbinə əsasən uşağın atası haqqında qeyd uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında aparılır. İşə əlavə edilmiş Cavabdeh xx.xx.2020-ci il tarixli, 144 nömrəli arayışından da görünür ki, xx.xx.2016-cı il tarixdə 307 №-li doğum akt qeydində Aminə Allahverdiyevanın ata adı İddiaçı qeyd edilmişdir. Yəni iddiaçının ərizəsi olmadan həmin qeydin aparılması hüquqi cəhətdən mümkün deyildir. Bundan əlavə həmin arayışda doğum akt qeydində uşağın soyadının “Allahverdiyeva” kimi qeyd olunması görünür. AR Ailə Məcəlləsinin 46.3-cü maddəsinin mənasından görünür ki, uşağın atasının razılıq ərizəsi olmadan atanın soyadı doğum akt qeydində uşağın soyadı kimi qeyd edilə bilməz. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı atalıq qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar