Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2097/2022 07.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı qəyyumu X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı rəyin dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı qəyyumu X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli rəyində dəyişiklik edilərək, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsinin “xəstəlikdir, Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi zamanı alınmışdır” kimi dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11800/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2006-cı ildən 05 aprel 2020-ci ildək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 215, 050, N və N saylı hərbi hissələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət zamanı psixi xəstəliyə tutulduğu üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək orada "kəskin şizofrenəbənzər psixik pozuntu" diaqnozu ilə stasionar müalicə olunmuşdur. Xəstəlik ciddi olduğu üçün N saylı Hərbi Hissə komandirinin 05 aprel 2020-ci il tarixli, 96 nömrəli əmri ilə xəstəliyi ilə əlaqədar Silahlı Qüvvələrdən tərxis olunmuşdur. Cavabdeh Müdafiə Nazirliyi Tibbi Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli rəyi ilə ona "kəskin sizofrenəbənzər psixotik pozuntu" diaqnozu qoyulmuş, həmin xəstəliyin "hərbi xidmət dövründə alındığı" qeyd edilərək, həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2021 -ci il tarixli rəyi ilə ona 3-cü dərəcəli əlillik verilmişdir. Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" rəyi ilə razı deyil. Hesab edir ki, həmin sözlər dəyişdirilməlidir. Belə ki, həmin ərizəyə əlavə edilmiş Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin xx.xx.2021- ci il tarixli, 2443 nömrəli arayışından görünür ki, o, N nömrəli hərbi hissədə N nömrəli mövqedə döyüş növbətçiliyi apararkən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı hərbi xidməti vəzifəsini yerinə yetirərərkən səhhətində yaranan problemlərlə bağlı hərbi hissənin hərbi tibb məntəqəsinə müraciət etmişdir. Səhhətində olan ciddi psixi pozuntulara görə xx.xx.2019cu ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və təqribən 3 ay, yəni xx.xx.2020-ci il tarixədək orada stasionar müalicə olunmuşdur. Ona görə də cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək barəsində olan rəydə qeyd edilmiş xəstəlikdir "Hərbi xidmət dövründə alınmışdır" sözlərinin dəyişdirilərək xəstəlikdir "hərbi xidməti vəzifələrini yerinə yetirərkən alınmişdır" sözləri ilə əvəz edilməsini xahiş etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasınin xx.xx.2021-ci il tarixli, 1447 nömrəli məktubu ilə verilmiş ilkin diaqnozun dəyişdirilməsindən imtina edilmiş, səbəb kimi buna heç bir əsasın olmadığı göstərilmişdir. Hərbi Həkim Komissiyasının bu imtinasını əsassız hesab edir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 55 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu xəstəlikdir, travma nəticəsində əmələ gələ bilməz. İddiaçı SQ BKH-da müayinə və müalicə olunarkən onda travma və onun nəticələri müəyyən edilməmişdir. İddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən "Əsasnamə"nin 7.3-cü maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində "Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın" 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq "Travma haqqında arayış" tərtib edilməli idi. Lakin bu halların heç biri mövcud deyildir. Bu səbəbdən İddiaçı aldığı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin edilməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)-167/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. -Ağdam Rayon İcra Hakimiyyəti başçısının 120 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayan İddiaçı üzərində anası X3 qəyyum olaraq təyin edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 46 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş diaqnoz və xəsarət (mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu) xəstəlikdir və hərbi xidmət dövründə alınmışdır. -N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 2443 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinə, müalicə və hərbi həkim komissiyasından keçirilib hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün göndərilmiş, həmin tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında "Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu ilə stasionar müalicəyə qəbul olunmuş, xx.xx.2020-ci il tarixədək həmin diaqnozla Silahlı Qüvvələrin Baş X1 şöbəsində stasionar müalicədə olmuşdur, xx.xx.2020ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçirilmiş, 46 nömrəli xx.xx.2020-ci il tarixli Xəstəlik haqqında şəhadətnamədə əks olunduğu kimi "Xəstəliklər cədvəli"nin 15 maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, "Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır" rəyi verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 1447 nömrəli məktubundan görünür ki, İddiaçı xəstəliyinin səbəbli əlaqəsinin dəyişdirilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə SQ Baş Klinik Hospitalının terapiya profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş "Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 15 maddəsinin İİİ qrafası və ƏTC-na əsasən "həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır" sayılmış və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi təyin edilmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli rəyində dəyişiklik edilərək, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” sözlərinin “xəstəlikdir, Azərbaycan Respublikasının ərazi bütövlüyününü müdafiəsi zamanı alınmışdır” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin :- -7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir. -7.3-cü maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. -7.4-cü maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Azərbaycan Respublikasının Müdafiə Nazirinin 14 mart 2008-ci il tarixli123 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 197-ci maddəsinin tələblərinə əsasən “Travma haqqında arayış” zədələnmənin alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir. Qeyd edilməlidir ki, xəsarət, travma, xəstəlik, əlillik və bunların arasında səbəbli əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyadır və tibbi meyarlarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, "Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş, kəskin şizofrenəbənzər psixotik pozuntu" diaqnozu xəstəlikdir, travma nəticəsində əmələ gələ bilməz. Eyni zamanda, iddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunarkən onda hər hansı travma və onun nəticələri müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı xəsarət almış olduğu halda bununla əlaqədar təhqiqat aparılmalı, hərbi hissənin tibb məntəqəsində ona travma nəticəsində aldığı xəsarətə uyğun travmatik diaqnoz qoyulmalı, bu barədə zədələnmələrinin və travmaların qeydiyyatı kitabında qeydiyyat aparılmalı, həmçinin hərbi hissə komandanlığı tərəfindən "Əsasnamə"nin 7.3-cü maddəsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində "Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın" 197-ci maddəsinin tələblərinə əsasən 3 aydan gec olmayaraq "Travma haqqında arayış" tərtib edilməli idi. Lakin bu halların heç biri iş materialları ilə öz təsdiqini tapmır. Həmçinin, qeyd edilməlidir ki, "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2-ci maddəsinin a) yarımbəndində xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarının hansı hallarda qəbul edildiyi meyarları müəyyən edilmişdir. Bu hallara aşağıdakılar aiddir: -əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Göründüyü kimi, xəstəliklərin səbəbli əlaqəsinin «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməsi yalnız istinad olunan Əsasnamənin 7.2-ci maddəsinin a) yarımbəndin müvafiq abzaslarında göstərilən hallarda mümkündür və bu halların heç biri hazırki işin faktiki hallarına uyğun gəlmir. Beləliklə, işin faktiki hallarına və yuxarıda istinad olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasınə qarşı rəyin dəyişdirilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2097/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2097/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver