Məhkəmə qərarları › İş №2-1(114)-210/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-210/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-210/2021 08.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1, üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, M.A.Əliyev küçəsi 3 saylı mənzilə 3A nömrə altında evə dair sənədləşmə aparılaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda onun ailə üzvləri qeydiyyatdadır. Evin bütün kommunal xərcləri onun tərəfindən tərəfindən ödənilir. İddiaçı Gəncə şəhəri, Mirzağa Əliyev küçəsi, 3 A saylı ev üzərində onun hüquqlarının tanınması, evin ona məxsus hissəsində evin 3A nömrə adı altında evə dair sənədləşmə aparılaraq çıxarış və texniki pasport hazırlanıb verilməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Gəncə şəhəri, M.A.Əliyev küçəsində yerləşən 3A saylı mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Gəncə şəhəri, M.A.Əliyev küçəsi, 3 nömrəli mənzilə dair "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2014-cü il tarixli, 02 saylı protokolundan çıxarış həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunmur. Bu səbəbdən onun müraciətinin icrasından imtina olunmuşdur. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, təmsil etdiyi "xxxx" ASC qeyd olunan mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -"xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2014-cü il tarixli 02 nömrəli protokolundan çıxarışdan görünür ki, "xxxx" ASC-nin balansında olan İddiaçı yaşadığı Gəncə şəhəri, M.A.Əliyev küçəsi 3A nömrəli evin əvəzsiz olaraq bütövlükdə onun adına xüsusiləşdirilməsi qərara alınmışdır. -“Evlər üçlüyü”nün xx.xx.2014-cü il 35 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, M.A.Əliyev küçəsində yerləşən 3A nömrəli mənzil İddiaçı məxsusdur və onun ailə üzvləri X5, X7 və X8 həmin evdə qeydiyyatdadır. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli 11 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, M.A.Əliyev küçəsində yerləşən 3A nömrəli mənzil İddiaçı adınadır və mənzilin bütövlükdə onun adına özəlləşməsinə "xxxx" ASC tərəfindən etiraz edilmir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********91 nömrəli imtina məktubundan görünür ki, Gəncə şəhəri, M.A.Əliyev küçəsində yerləşən 3 nömrəli mənzilin İddiaçı adına qeydiyyata alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2014-cü il tarixli 02 nömrəli qərarı ilə "xxxx" ASC-nin balansında olan İddiaçı yaşadığı Gəncə şəhəri, M.A.Əliyev küçəsi 3A nömrəli evin əvəzi ödənilmədən onun adına xüsusiləşdirilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi Gəncə şəhəri, M.A.Əliyev küçəsi 3A nömrəli ev "xxxx" ASC-nin balansındadır və "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müvafiq qərarla həmin ev iddiaçıya əvəzssiz olaraq verilmişdir. 2014-cü ildə balans saxlayan həmin evə dair order verə bilməzdi. Bu sahədəki mövcud qanunvericiliklə balansda olan mənzilin əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək, eləcə də həmin mənzillərin qeyd olunan şəxslər tərəfindən özəlləşdirilməsi üçün hər hansı məhdudiyyət müəyyən olunmamışdır. Bir halda ki, balans saxlayan balansda olan mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir, belə olan təqdirdə cavabdeh orqanın həmin mənzilin özəlləşdirilməsi ilə bağlı imtinası qanunsuz hesab edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -12-ci maddəsinə əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. -9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqınnda” Azərbaycan Respublikası Qanununun:- 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Gəncə şəhəri, M.A.Əliyev küçəsi 3A nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə şəhəri, M.A.Əliyev küçəsi 3A nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar