Məhkəmə qərarları › İş №2-1(114)-210/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-210/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-210/2022 17.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə 03.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 07.05.1973-cü il tarixdən 04.02.2000-ci il tarixədək əmək fəaliyyətinin sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, 07.05.1973-cü il tarixdən 13.05.1975-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 1975ci il tarixdə Ağdam rayon X3 daxil olmuş və 28.02.1978-ci il tarixdə bitirmişdir. 1979-cu il tarixdən 1998-ci il tarixədək sabiq Bakı kalxozunda müxtəlif sahələrdə işləmiş, 01.02.1999-cu il tarixdən 04.02.2000-ci il tarixədək isə Gəncə 3 saylı Mülki Qurhular Distansiyasında işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 18.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının 07.05.1973-cü il tarixdən 04.02.2000-ci il tarixədək əmək fəaliyyətinin sosial sığorta stajına hesablanması və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi Bərdə rayon Dövlət Arxivinin 11.02.2021-ci il tarixli 35 nömrəli arxiv arayışına, “Azərbaycan Dəmir Yolları“ QSC Yükdaşımaları Departamenti Qərb İstiqamətii üzrə arxiv bölməsinin 24.05.2021-ci il tarixli 33/9 nömrəli arxiv arayışına və hərbi xidmətdə olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 02.03.2021-ci il tarixli 351 nömrəli arayışına əsasən sığorta stajı 24 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın pensiya kapitalı 17186,26 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə iddiaçının 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Odur ki, qeyd olunanlar nəzərə alınaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin 02.03.2021-ci il tarixli 351 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 07.05.1973-cü il tarixdən 13.05.1975-ci il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş 01.03.1978-ci il tarixli AT 005005 nömrəli diplomdan görünür ki, İddiaçı 1975-1978 illərdə X5 Texnikumunda aqronomluq ixtisası üzrə təhsil almışdır. -Bərdə rayon Dövlət Arxivinin 11.02.2021-ci il tarixli, 35 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1979-1998-ci illərdə Bakı kolxozunda işləmiş və əmək haqqı almışdır. -“Azərbaycan Dəmir Yolları“ QSC Yükdaşımaları Departamenti Qərb İstiqaməti üzrə arxiv bölməsinin 24.05.2021-ci il tarixli 33/9 nömrəli arxiv arayışına əsasən iddiaçı 01.02.1999-cu il tarixdən 04.02.2000-ci il tarixədək Gəncə 3 saylı Mülki Qurhular Distansiyasında fəhlə kimi işləmişdir. -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 17.08.2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 24 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğuna, eyni zamanda fərdi hesabın pensiya kapitalı (17186,26 manat) qanunvericiliklə tələb olunan (28800 manat) pensiya kapitalından az olduğuna görə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 24 il 6 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğuna, eyni zamanda fərdi hesabın pensiya kapitalı (17186,26 manat) qanunvericiliklə tələb olunan (28800 manat) pensiya kapitalından az olduğuna görə cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi mərkəzi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Bundan başqa, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1975-1978-ci illərdə X5 Texnikumunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinin tələblərinə əsasən hərbi xidmət müddəti sığorta stajına daxil edilməli olan müddətlərə aid edilmişdir. Bu səbəbdən də iddiaçının 07.05.1973-cü il tarixdən 13.05.1975-ci il tarixədək hərbi xidmət müddətinin sosial sığorta stajına hesablanması işin mübahisəsiz halıdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Beləliklə iddiaçının stajını təsdiq edən sənədlərə əsasən onun 07.05.1973-cü il tarixdən 13.05.1975-ci il tarixədək 2 il 6 gün hərbi xidmət müddəti, 1975-1978-ci illər üzrə 3 il təhsil müddəti, 1979-1998-ci illər üzrə 19 il və 01.02.1999-cu il tarixdən 04.02.2000-ci il tarixədək 1 il 3 gün işlədiyi müddət olmaqla ümumilikdə 25 il 9 gün sığorta stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1954-cü il təvəllüdlü olmaqla 09.06.2018-ci il tarixdə artıq tələb olunan yaş (63 yaş 6 ay) həddində olmuşdur. Deməli iddiaçının 09.06.2018-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı olmasa da, 25 ildən çox (25 il 9 gün) sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapır. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 25 il 9 gün) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 07.05.1973-cü il tarixdən 04.02.2000-ci il tarixədək olan fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 07.05.1973-cü il tarixdən 04.02.2000-ci il tarixədək olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar