Məhkəmə qərarları › İş №2-1(114)-210/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-210/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-210/2025 20.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhəri Kəpəz bələdiyyəsi) qarşı Gəncə şəhəri, Gəc zavodu (indiki Sevinc qəsəbəsi) yerləşən 0,04 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 02 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 0,04 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsini təsdiq edən “Farforist” bağçılıq yoldaşlıq birliyinin çıxarış və xx.xx.1993-cü il tarixli arayış mövcuddur.

2. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciətinin təmin edilməsindən imtina edilmiş və xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-9337/2023 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, “Farforist” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədləri Ərazi İdarəsinə təhvil verilməmiş və torpaq sahəsinə müayinə baxışı keçirilməsi üçün əmlakın yerini və ölçülərini göstərən hər hansı bir texniki sənəd təqdim edilməmişdir.

3. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2- 1942//8/2023 nömrəli cavab məktubunda bildirilir ki, Kirovabad Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı protokoluna əsasən şəhərin müxtəlif idarə və təşkilatlarına bağçılıq üçün torpaq sahələri ayrılmasına baxmayaraq, idarə və müəssisələrin işçilərə torpaq sahəsi ayrılması haqqında adlı siyahıları X2 filialına təhvil verilməmişdir.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-xx/xx- 1527/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 saylı "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi" barədə sərəncamına əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Gəncə şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri, nömrələnmiş sahələrin göstərildiyi cizgi-planları və ayrıc aktları, yerquruluşu sənədləri əsasında vətəndaşların təsdiq olunmuş siyahıları, bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan ilkin torpaqayırma sənədləri "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Ərazi İdarəsinə təhvil verilməmişdir.

5. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) "Farforist" bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 02 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı verilmiş 0.04 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədi, daxil olmuş mülki iş materialları və arxiv sənədlərində aşkarlanmadiğından sualın cavablandırılması mümkün deyildir.. 2) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. 3) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha torpaq sahəsinin, elektron kadastr bazası materiallarına istinadən, digər şəxslərin mülkiyyət, istifadə və yaxud icarə hüquqlarını təsdiq edən sənədlərlə üst-üstə düşmə halı aşkarlanmadı. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD məlumatları), naturada təqdim olunan faktiki torpaq sahəsinin kateqoriyası - yaşayış məntəqələrinin torpaqları, mülkiyyəti - bələdiyyə, məqsədli istifadə növü - həyətyanı olaraq göstərilmişdir. 4) Elektron baza materiallarına istinadən, naturada təqdim olunan faktiki istifadə sahəsinin mühafizə və qorunma zonalarına düşməsi halı aşkarlanmadı. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və həmin publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Gəc xavodu (indiki Sevinc qəsəbəsi) yerləşən 0,04 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və torpağın mülkiyyətə verilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərində qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, Kirovabad Çini qablar zavadunda işlədiyi üçün ona Gəncə şəhəri, Gəc zavadu ərazisində (indiki Sevinç qəsəbəsi) yerləşən 0,04 ha torpaq sahəsi bağçılıq üçün birliyin üzvü kimi bağ evi tikintisi üçün verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsini Farforist Bağçılıq yoldaşlıq birliyinin çıxarışı, arayışı, habelə digər sənədlər də təsdiq edir. Məhz bu səbəbdən də, həmin torpaq səhəsinə dair onun adına çıxarış verilməsinə köməklik göstərilməsi ilə bağlı ərizə ilə Azərbaycan Xidməti Daşınmaz Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ərazi İdarəsinə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ərizəmin müraciət etsə də, həmin idarənin xx.xx.2023-cü il tarixli bildirişi ilə icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən əsassız olaraq imtina edilmişdir. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olamdan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).

18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin oluinması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 02 nömrəli protokolu; - “Farforist” bağçılıq yoldaşlıq birliyinin çıxarışı və xx.xx.1993-cü il tarixli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü iltarixl 3-21-3-33/2-9337/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2- 1942//8/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-xx/xx- 1527/2024 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi; - Ortofotogörüntü. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

21. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 02 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 400 kv.m (0,04 ha) torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi məqsədilə cavabdeh orqana müraciət etməsinə baxmayaraq iddiası təmin edilməmiş və sonuncu tərəfindən imtina bununla əsaslandırılmışdır ki, “Farforist” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməmiş və torpaq sahəsinə müayinə baxışı keçirilməsi üçün əmlakın yerini və ölçülərini göstərən hər hansı bir texniki sənəd təqdim edilməmişdir.

22. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

23. Belə ki, cavabdeh inzibati orqan imtinasını “Farforist” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilməməsi və torpaq sahəsinə müayinə baxışı keçirilməsi üçün əmlakın yerini və ölçülərini göstərən hər hansı bir texniki sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. 5) Məhkəmə tərəfindən həmin halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınmış və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, "Farforist" bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 02 nömrəli protokolu əsasında Gəc zavodu ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı verilmiş 0.04 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti və koordinatları əks olunmuş plan və ölçü sənədi, daxil olmuş mülki iş materialları və arxiv sənədlərində aşkarlanmadiğından sualın cavablandırılması mümkün deyildir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.04 ha torpaq sahəsinin, elektron kadastr bazası materiallarına istinadən, digər şəxslərin mülkiyyət, istifadə və yaxud icarə hüquqlarını təsdiq edən sənədlərlə üst-üstə düşmə halı aşkarlanmadı. Qeyd edək ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD məlumatları), naturada təqdim olunan faktiki torpaq sahəsinin kateqoriyası-yaşayış məntəqələrinin torpaqları, mülkiyyəti - bələdiyyə, məqsədli istifadə növü-həyətyanı olaraq göstərilmişdir. Elektron baza materiallarına istinadən, naturada təqdim olunan faktiki istifadə səhəsinin mühafizə və qorunma zonalarına düşməsi halı aşkarlanmadı.

24. Yəni, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinə ortofotogörüntüsü ilə müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 400 kv.m torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.

25. Həmin torpaq sahəsinin yerini göstərən hər hansı texniki sənədin vətəndaşda yaxud arxivdə olmaması vətəndaşın məsuliyyət sferasına aid olan məsələ deyil. Sözügedən torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsində olmuşdur. Ortofotogörüntü ilə həmçinin müəyyən edilir ki, həmin torpaq sahəsində iddiaçıya məxsus fərdi yaşayış evi mövcuddur.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

27. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış hüququn qeydə alınması üçün əsas hesab edilir və iddiaçıya da hazırkı torpaq sahəsi “Farforist” bağçılıq yoldaşlıq birliyinin xx.xx.1988-ci il tarixli 02 nömrəli iclas protokolu ilə ayrılmışdır. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır.

28. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

29. Hazırkı halda isə cavabdeh inzibati orqanın qanunla üzərinə qoyulmuş həmin vəzifələri düzgün icra etməsi müəyyən edilmir.

30. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

31. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Gəncə şəhəri, Gəc zavodu (indiki Sevinc qəsəbəsi) yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

32. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gəncə şəhəri, Gəc zavodu (indiki Sevinc qəsəbəsi) yerləşən 0,04 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar