Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2100/2020 23.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Gəncə şəhər Kəpəz rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Gəncə şəhər Kəpəz rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-xx.xx.1973, xx.xx.1975-xx.xx.1989-cu illərdə Ermənistan Respublikası Amasiya rayonu, Kuzinkənd sovxozunda, xx.xx.1989xx.xx.1990-cı illərdə «Parket» kooperativində və xx.xx.1990-xx.xx.2005-ci illərdə «Bakı Maşınqayırma» zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuşdur. xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Ermənistan Respublikası Amasiya rayonu, Kuzinkənd sovxozunda fəhlə, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Amasiya rayonu, Kuzinkənd sovxozunda ferma müdiri, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək «Parket» kooperativində fəhlə və xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək «Bakı Maşınqayırma» zavodunda çilingər işləmişdir. Pensiya yaşına çatdığı üçün zəruri olan sənədləri təqdim etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubu ilə əmək kitabçasında qeyd edilmiş iş illərinin yerində qarşılıqlı yoxlanılmasının mümkün olmamasını əsas göstərərək ona pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2020-ci il tarixdə Gəncə regional ASAN Xidmət mərkəzinə ərizə ilə müraciət etmiş, onun əmək stajını təsdiq edən sənədlərdə yalnız hərbi xidmət dövrü sosial sığorta stajına daxil edilmişdir. İddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək xx.xx.1975-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Ermənistan Respublikası Amasiya rayonu Kuzinkənd sovxozundakı, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək «Parket» kooperativində və xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək «Bakı Maşınqayırma» zavodunda işlədiyi dövrləri yerində qarşılıqlı yoxlayıb təsdiq etmək mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Tələb olunan azı 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus olan xx.xx.1973-cü il tarixli əmək kitabçası, cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli imtina məktubu və pensiya işi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyasının bu norması hazırkı işin həllində «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun müddəalarına, habelə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi «Qaydaları»nın təsdiq edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərara qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması barədə xx.xx.2011-ci il tarixli «Qaydaları»n 4.2.7-ci bəndinə əsasən istinad olunmasına imkan verir. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixli 01 nömrəli əmrlə Ermənistan Respublikası Amasiya rayonu, Kuzinkənd sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1973-cü il tarixli 21 nömrəli əmrlə ordu sıralarına çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1975-ci il tarixli 2 nömrəli əmrlə həmin sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 51 nömrəli əmrlə həmin sovxoza ferma müdiri təyin edilmiş, xx.xx.1989-cu il tarixli 86 nömrəli əmrlə başqa işə keçdiyi üçün xx.xx.1989-cu il tarixdən işdən azad edilmiş, xx.xx.1989-cu il tarixli 17 nömrəli əmrlə «Parket» kooperativində fəhlə işinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixli 9 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1990-cı il tarixli 584 nömrəli əmrlə «Bakı Maşınqayırma» zavoduna 2-ci dərəcəli çilingər işinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixli 330 nömrəli əmrlə öz xahişinə əsasən işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə göstərilmişdir ki, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək - xx.xx.1975-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Amasiya rayonu, Kuzinkənd sovxozunda, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək «Parket» kooperativində və xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək «Bakı Maşınqayırma» zavodunda işlədiyi sığorta stajını yerində qarşılıqlı yoxlayıb təsdiq etmək mümkün olmadığından, həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. Tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işindən görünür ki, İddiaçı tələb olunan 25 il sığorta stajı olmadığına görə və fərdi hesabın sığorta hissəsində kapitalın əmək pensiyasının minimum məbləğindən az olduğundan ona pensiya təyin edilmsindən imtina edilmişdir. Cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iddiaçının xx.xx.1973-xx.xx.1975ci illərə dair (2 il) hərbi xidmət dövrünün sosial sığorta stajına daxil edildiyini, lakin əmək kitabçasında qeyd olunan xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Ermənistan Respublikası Amasiya rayonu, Kuzinkənd sovxozunda fəhlə, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu, xx.xx.1975-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Amasiya rayonu, Kuzinkənd sovxozunda ferma müdiri, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək «Parket» kooperativində fəhlə və xx.xx.1990-cı il tarixdən xx.xx.2005-ci il tarixədək «Bakı Maşınqayırma» zavodunda çilingər işlədiyi illərə dair iş stajı barədə əmr kitabları arxivə təqdim edilmədiyi üçün həmin illəri nəzərə ala bilmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən illərin iddiaçının sosial sığorta Stajına daxil edilməsi tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi «Qaydaları»nın təsdiq edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərara qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması barədə xx.xx.2011-ci il tarixli «Qaydaları»n 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığorta olunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərinin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Göründüyü kimi qeyd olunan bəndin tələbinə görə cavabdeh həmin tarixli «Qaydalar»la sığorta olunanın yalnız qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlamasını həyata keçirə bilərlər. Hazırki, işdə iddiaçının «Parket Kooperativin»də işlədiyi dövr istisna olmaqla, digər çalışdığı yerlər dövlət müəssisələri olmuşdur. Odur ki, cavabdehin iddiaçının yalnız «Parket Kooperativin»də işlədiyi illəri yerində qarşılıqlı yoxlaması əsaslı sayıla bilər. Digər dövlət müəssisələrində işlədiyi illərin qarşılıqlı yoxlanılması barədə hərəkəti qanunsuz olmuşdur. İddiaçının «Parket Kooperativin»də işlədiyi illəri yerində qarşılıqlı yoxlanılması mümkün olmadığından iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaçının əmək kitabçasında dövlət müəssisələrində işlədiyi barədə məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumararın tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələbinə görə şəxs Qanunla müəyyən olunmuş pensiya yaşına çatdıqda tələb olunan staj 25 il olmalıdır ki, hazırki işdə iddiaçının stajı (2 il qəbul edilən illər hərbi xidmət dövrü) + (2 il 11 ay 3 gün Amasiya rayonu, Kuzinkənd sovxozunda fəhlə işlədiyi illər) + (13 il 2 ay 15 gün Amasiya rayonu, Kuzinkənd sovxozunda fəhlə və ferma müdiri işlədiyi illər) + (15 il 6 ay 27 gün «Bakı Maşınqayırma» zavodunda çilingər işlədiyi illər) = 31 il 8 ay 15 gün təşkil edir və qanunla müəyyən olunmuş pensiya yaşına çatdığından pensiya hüququ yaranır. Beləliklə iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia xx.xx.1971-xx.xx.1973, xx.xx.1975-xx.xx.1989-cu illərdə Ermənistan Respublikası Amasiya rayonu, Kuzinkənd sovxozunda və xx.xx.1990xx.xx.2005-ci illərdə «Bakı Maşınqayırma» zavodunda işlədiyi illərə dair hissədə təmin edilməli, xx.xx.1989-xx.xx.1990-cı illərdə «Parket» kooperativində işlədiyi illərə dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 Gəncə şəhər Kəpəz rayon filialının üzərinə İddiaçı xx.xx.1971-xx.xx.1973, xx.xx.1975-xx.xx.1989-cu illərdə Ermənistan Respublikası Amasiya rayonu, Kuzinkənd sovxozunda və xx.xx.1990-xx.xx.2005-ci illərdə «Bakı Maşınqayırma» zavodunda işlədiyi illəri sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-2100/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2100/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver