Məhkəmə qərarları › İş №2-1(114)-2100/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2100/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2100/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********98 reyestr nömrəli çıxarışda əks olunan 0.1199 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə 0.1199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və onlara torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və ona çıxarış və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ona müvafiq çıxarış verilmişdir. Lakin “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsinin kordinatları ilə üst-üstə düşdüyündən ərizənin təminindən imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi şəhadətnamə Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmır. Bu səbəbdən də ərizənin icrası mümkün deyildir. Cavabdeh orqanın imtinası qanunsuzdur. İddiaçı hesab edir ki, ona “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilməlidir. İşin halları Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********98 reyestr nömrəli çıxarışa əsasən, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı, X3, X5 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “daşınmaz əmlakın texniki pasportunun hazırlanmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, aparılan araşdırma zamanı, torpaq sahəsinin Ərazi İdarəsinin baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 30. Prosessual həmiştirakçılıq 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan iddia ərizəsi və cavabdehin imtinasından müəyyən olunur ki, İddiaçı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********98 reyestr nömrəli çıxarışda əks olunan 0.1199 ha torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan çıxarışdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsi İddiaçı, X6, X4 və X2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Belə ki, iddianın mümkünlüyü baxımından xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********98 reyestr nömrəli Dövlət reyestrindən çıxarışda adı qeyd olunan şəxslər iddiaçı ilə birlikdə cavabdeh orqana müraciət etməli, cavabdeh müraciətin təmin edilməsindən imtina etdikdə, çıxarışda adı qeyd olunan şəxslər tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə müraciət olunmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətaların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xətalar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar