Məhkəmə qərarları › İş №2-1(114)-2101/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2101/2021

15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2101/2021 15.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X10 və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X17, X18, X11, X7 və X19) pasport qeydiyyatından çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 29.09.2021-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X10, X12, X4, X2 və X13 Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində yerləşən 56 nömrəli evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində yerləşən 56 nömrəli ev iddiaçıya məxsusdur. Həmin evdə üçüncü şəxslər qeydiyyatdadır. Həmin şəxslərin iddiaçıya məxsus evdə pasport qeydiyyatında olması iddiaçının əlavə komunal xərclər ödəməsinə səbəb olmaqla, hüquqlarının pozulması ilə nəticələnir. İddiaçı həmin şəxslərin pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Arzu Məmmədov və Arzuman Məmmədov əmisinin övladları, digər üçüncü şəxslər isə onların övladlarıdır, Arzu Məmmədov təqribən 5 ildir ki, həmin evdə yaşamır, Arzuman Məmmədovun isə harada yaşaması barədə məlumatı yoxdur, ümumiyyətlə onların heç biri bu evdə yaşamırlar. Üçüncü şəxs X17 iddianı qəbul etməyərək bildirmişdir ki, o, 3 ildir qaynatasının evində yaşayır, lakin arada mübahisəli evdə də qalır, belə ki, Rusiyaya işləmək üçün gedəndə ailəsini qaynatasının evinə qoyur, özü qayıdanda isə ailəsi ilə mübahisəli evdə yaşayır. Həmin evdə iddiaçı və digər şəxslər yaşamırlar, evin yerləşdiyi torpaq sahəsində 2 ev var, birində iddiaçı yaşayır, digərində isə o yaşayır. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslərdən X14 məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmiş, digər üçüncü şəxslərə isə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 4972 nömrəli, 15.11.2004-cü il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” 22.06.2021-ci il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, X17, X18, X11, X7 və X3 şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsi, ev 56 ünvanında qeydiyyatdadır. -Cavabdeh 21.09.2021-ci il tarixli, 120-28035M-3221 nömrəli məktubun məzmunundan görünür ki, X10, X12, X4, X2 və X13 ünvan 1 ünvanından qeydiyyatdan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə çıxarıla biləcəyi bildirilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10.06.2005-ci il tarixli, 2-388/2005 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X15 və X5 qarşı “Gəncə şəhəri, M.Hüseyzadə küçəsi, 56 saylı evdən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. -159 nömrəli üvlər üçlüyünün 04.10.2021-ci il tarixli arayışından görünür ki, X10 ünvan 1 ünvanında ailə tərkibi X1, X8 və X9 ibarətdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımında əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş üzrə üçüncü şəxs Arzu Məmmədov və Arzuman Məmmədov iddiaçının əmisinin övladları, digər üçüncü şəxslər isə onların övladlarıdır. Kəpəz Rayon Məhkəməsinin 10.06.2005-ci il tarixli, 2-388/2005 nömrəli qətnaməsindən görünür ki, İddiaçı X15 və X5 qarşı mübahisəli mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Deməli həmin şəxslərin qeyd olunan evdən istifadə hüquqları mövcuddur, digər üçüncü şəxslər də onların övladları olduğundan həmin şəxslərin də qeydiyyatdan çıxarılması məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Yekun nəticə olaraq qərar alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Hazırki halda işin faktiki halları (üçüncü şəxsin izahatı) ilə müəyyən olunur ki, üçüncü şəxslər sözügedən ünvanda yaşayır və onların mülkiyyətçi ilə ailə-hüquq münasibətləri mülki məhkəmə qaydasında araşdırılsa da, həmin mənzilə dair hüquqlarına xitam verilməsi barədə hər-hansı qərar mövcud deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar