Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2101/2022 18.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Əzizov Eldara qarşı iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Əzizov Eldara qarşı ərizə ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona köməklik göstərilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizənin məzmunda iddiaçının yaşadığı evin pəncərəsinin qonşu tərəfindən bağlanması, eyni zamanda qeyri-müəyyən və anlaşılmayan məlumatlar öz əksini tapsa da konkret tələb və tələbin kimə qarşı yönəlməsi göstərilməmişdir. Bundan əlavə iddiaçı Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısını fiziki şəxs olaraq cavabdeh qismində göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1 maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanlara əsasən iddiaçıya izah olunur ki, tələbini konkretləşdirməli, tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqanı müəyyən etməli və həmin qurumu cavabdeh qismində cəlb etməlidir. Eyni zamanda tələb fiziki şəxsə qarşı yönəlməli olduğu təqdirdə məhkəmə və ərazi aidiyyətini düzgün müəyyən edərək, aidiyyəti məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Əzizov Eldara qarşı iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2101/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2101/2022
18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver