Məhkəmə qərarları › İş №2-1(114)-2101/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2101/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2101/2024 03.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış obyektinin yenidən tikilərək əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyekti onun mülkiyyətində olmaqla hüquqların 2005-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış obyektindən uzun müddət təyinatına uyğun olaraq istifadə etmiş, daha sonra müəyyən səbəblərdən istifadəni dayandırmışdır. Naftalan şəhərindən kənarda olarkən Cavabdeh nümayəndələri həmin ünvana gəlmiş və mülkiyyətində olan həmin qeyri-yaşayış obyektini qanunsuz şəkildə sökmüşlər. O ünvana getdiyində qeyri-yaşayış obyektinin iradəsindən kənar şəkildə söküldüyünün şahidi olmuşdur. Bu vaxta qədər bir neçə dəfə şifahi olaraq icra hakimiyyətinə müraciət edərək bu qanunsuzluğun aradan qaldırılmasını, qeyri-yaşayış obyektinin tikilərək əvvəlki vəziyyətə qaytarılmasını xahiş və tələb etsə də, heç bir faydası olmamışdır. Buradan belə bir fikir yaranır ki, Cavabdeh işçiləri qanunlara hörmət etmir, məhəl qoymur və vəzifə səlahiyyətlərini aşmağı, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi özlərinə borc bilirlər. Ümumiyyətlə, heç bir şəxsin və orqanın hər hansı bir tikilini özbaşına olsa da belə gəlib sökməyə səlahiyyəti və ixtiyarı yoxdur. Bu hərəkətin edilməsi qanuna ziddir və özbaşınalıqdır. Azərbaycan Respublikasının qanunverciliyi mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində və yalnız məhkəmə yolu ilə tikilinin sökülməsi qaydasını müəyyən etmiş, bu sahədə səlahiyyətləri isə ayrı-ayrı qurumlara həvalə etmişdir ki, şəhər (rayon) icra hakimiyyətlərinin birbaşa tikinitini sökmək və ya bu barədə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Tikilinin yenidən bərpa edilərək ona təhvil verilməsi barədə cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, sökülmüş obyektin əvəzinə torpaq sahəsi ayrılacağı qeyd edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə iddiaçıya xx.xx.2024-cü il tarixli sərəncam göndərilərək, cavabdeh orqana qarşı yuxarıda qeyd olunan tələbi deyil, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində göstərilmiş qaydada, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldıra biləcəyi qeyd olunaraq vurulmuş ziyana görə kompensasiyanın (konkret məbləğ göstərilməklə) ödənilməsi tələbinə dair yeni iddia ərizəsi təqdim olunması təklif edilərək yuxarıda qeyd edilən hal ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı tərəfindən sərəncama əməl edilməmiş, xətalar və çatışmazlıqlar aradan qaldırmamışdır. İddiaçı məhkəmə iclasında qeyd olunan sərəncamın onun ünvanına çatmadığını, xəbərnamədə olan imzanın ona məxsus olmadığını bildirmişdir. İş materiallarında mövcud olan 16 may 2024-cü il tarixli poçt xəbərnaməsində məhkəmə sərəncamının 20 may 2024cü il tarixdə İddiaçı tərəfindən poçt xəbərnaməsinə imza edərək məhkəmə sərəncamını 20 may 2024-cü il tarixdə qəbul etməsi barədə qeyd olsa da məhkəmə iclasında məhkəmə sərəncamının məzmunu yenidən İddiaçı diqqətinə çatdırılmış, məhkəmə səərncamının məzmunu ilə tanış olmuşdur. Məhkəmə iclasında audio-video çəkiliş zamanı iddiaçıya yenidən hüquqi yardım göstərilərək qeyd olunan hal ətraflı izah edilmiş, lakin iddiaçı ilkin iddiasını müdafiə edərək niyyətinin kompensasiya alınması olmadığını qeyd etmişdir, bildirmişdir ki, məhkəmənin sərəncamına əməl etməyəcək, onun tələbi yalnız Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir, və tələbi üzrə işə baxılaraq Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Məhkəmə tərəfindən ona edilən yardıma baxmayaraq iddiaçı tərəfindən məhkəmənin göstərişləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Naftalan şəhəri, Nizami küçəsində yerləşən sahəsi 13,3 kv.m olan “A” mağaza adlı qeyri-yaşayış obyektinin inşa edilərək əvvəlki vəziyyətə qaytarılması və ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar