Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2103/2021 19.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə rayonu Bərdə bələdiyyəsi) qarşı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bərdə rayonu Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 saylı qərarı ilə Bərdə şəhər sakini İddiaçı ərizəsi, şəhərin memarı M.Qasımovun rəyi nəzərə alınaraq Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən odun bazarına dönən yolun birləşdiyi yerin qərbində şəxsi vəsaiti hesabına tikdirdiyi mağaza binasının yerləşdiyi 6.7x6 metr, cəmi 40.2 kv.m ölçüdə torpaq sahəsinin İddiaçı 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, Bərdə rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi vahidi üzrə nümayəndəsinin 21.11.1998-ci il tarixli 38 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının 06.01.2003-cü il tarixli 17 nömrəli sərəncamı ilə yaradılmış Tikintisi Başa Çatmış Sosial-Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyası tərəfindən 05.03.2004-cü il tarixdə istismara qəbul aktının surətindən görünür ki, Bərdə memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş layihə, smeta sənədləri əsasında sahəsi 40,2 kv.m, bir mərtəbəli olmaqla Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli qərarı əsasında İddiaçı mağaza tikmək üçün ayrılmış 40,2 kv.m torpaq sahəsində inşa edilərək tikintisi tamamilə başa çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 488 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportunun surətindən görünür ki, Ü.Hacıbəyov küçəsində yerləşən mağaza binası sahibkar İddiaçı Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli qərarı və Tikintisi Başa Çatmış Sosial-Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyasının 05.03.2004-cü il tarixli istismara qəbul aktı əsasında qeyri-yaşayış binasının texniki pasportu verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında iddiaçı ilə Bərdə Bələdiyyəsi arasında bağlanmış 30.03.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, 30.03.2007-ci il tarixli 03 nömrəli X1 əsasən sahəsi 40 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün 50 il müddətinə illik 40 manat icarə haqqı ödəməklə İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi) 12.02.2021-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası zamanı Bərdə rayonu Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 11 nömrəli qərarı ilə 40.2 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar, torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.03.2007-ci il tarixli müqavilə təqdim olunmuş, lakin torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin sahə seçmə aktı, torpaq sahəsinin plan və ölçü sənədləri, qeyri-yaşayış binasının müvafiq İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tikintiyə icazə sərəncamı təqdim olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsində 40,2 kv.m torpaq sahəsində yerləşən, şəxsi vəsaiti hesabına tikdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsinin 21.11.1998-ci il tarixli 38 nömrəli sərəncamı ilə ona ayrılmış 6,7x6 m, cəmi 40,2 kv.m ölçüdə torpaq sahəsi üzərində şəxsi vəsaiti hesabına qeyri-yaşayış binası tikdirmişdir. Daha sonra həmin torpaq sahəsi bələdiyyənin mükiyyətinə verildiyi üçün Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 nömrəli qərarı ilə 50 il müddətinə iddiaçıya icarəyə verilmiş, qərara bələdiyyənin tikinti və memarlıq söbəsinin torpaq sahəsinin sxemi əlavə edilmiş və həmin qərarla 21.11.1998-ci il tarixli 38 nömrəli sərəncam qüvvədən düşmüş hesab edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının sərancamı əsasında yaradılmış Tikintisi Başa Çatmış Sosial-Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyası tərəfindən 05.03.2004-cü il tarixdə istismara qəbul edilməsi barədə akta əsasən qeyri-yaşayış binasının tikintisi tamamilə başa çatmış obyekt hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarxli 116 nömrəli qərarına və 05.03.2004-cü il tarixli istismara qəbul aktına əsasən 488 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportu verilmişdir. İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə 09.02.2021-ci il tarixdə cavabdeh orqana müraciət etməsinə baxmayaraq sonuncu təqdim edilən sənədlərin mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunla müəyyən edilən tələblərə uyğun olmadığına görə imtina edilmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır, qeyd olunan qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar qeyri-yaşayış binası və torpaq sahəsinə dair təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar olmuşdur. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, Bərdə rayonu Bərdə Bələdiyyəsinin 03.10.2002-ci il tarixli 11 nömrəli qərarı ilə 40.2 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar, torpaq sahəsinin icarəyə verilməsi haqqında 30.03.2007-ci il tarixli müqavilə təqdim olunmuş, lakin torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin sahəseçmə aktı, torpaq sahəsinin plan və ölçü sənədləri təqdim olunmamışdır. Bundan əlavə qeyri-yaşayış binasının müvafiq İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tikintiyə icazə sərəncamı da təqdim olunmamışdır. Qeyd olunan çatışmazlıqlara görə torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasının vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Vətəndaşın müraciəti torpaq sahəsi və tikiliyə dair hüquqmüəyyənedici sənədlər tam təqdim olunmadığından hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(114)-654/2021 nömrəli qərarı ilə İddiaçı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən odun bazarına dönən yolun birləşdiyi yerin qərbində yerləşən 40,2 kv.m torpaq sahəsi üzərində şəxsi vəsaiti hesabına tikdirdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2-1(104)-551/2021 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(114)-654/2021 nömrəli qərarı ləğv edilərək iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2-1(114)-2103/2021 nömrəli qərardadı ilə Bərdə rayonu Bərdə bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək imtina məktubu və etiraz ilə eyni məzmunda izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Tərəflərə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakı təmin etməmişdir. Məhkəmə işə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi vahidi üzrə nümayəndəsinin 21.11.1998-ci il tarixli 38 saylı sərəncamı ilə iddiaçıya Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən odun bazarına dönən yolun birləşdiyi yerin qərbində yerləşən 40.2 kv.m ölçüdə torpaq sahəsi ayrılmış və iddiaçı həmin torpaq sahəsində şəxsi vəsaiti hesabına mağaza inşa etdirmişdir. Azərbaycan Respublikasında bələdiyyə institutu yaradıldıqdan sonra həmin torpaq sahəsi Bərdə bələdiyyəsinin mülkiyyətinə keçmiş və Bərdə rayonu Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarixli 116 saylı qərarı ilə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsindən odun bazarına dönən yolun birləşdiyi yerin qərbində şəxsi vəsaiti hesabına tikdirdiyi mağaza binasının yerləşdiyi 6.7x6 metr, cəmi 40.2 kv.m ölçüdə torpaq sahəsinin İddiaçı 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, eyni zamanda Bərdə rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi vahidi üzrə nümayəndəsinin 21.11.1998-ci il tarixli 38 saylı sərəncamı da qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının həmin torpaq sahəsində Bərdə memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş layihə, smeta sənədləri əsasında inşa etdirdiyi 40,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi barəsində Bərdə rayon İcra Hakimiyyəti başçısının 06.01.2003-cü il tarixli 17 nömrəli sərəncamı ilə yaradılmış Tikintisi Başa Çatmış Sosial- Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyası tərəfindən 05.03.2004-cü il tarixdə istismara qəbul aktı tərtib edilmiş və həmin qeyri-yaşayış sahəsinin inşa edilərək tikintisinin tamamilə başa çatdırıldığı qeyd edilmişdir. Bundan sonra, iddiaçıya həmin mağaza binasına dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 488 inventar nömrəli qeyri-yaşayış binasının texniki pasportu verilmişdir. Lakin cavabdeh inzibati orqan iddia predmeti olan qeyri-yaşayış sahəsinin müvafiq İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tikintiyə icazə sərəncamının təqdim olunmadığını, eləcə də, müraciətə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən təsdiq olunmuş yerquruluşu planının, torpaq sahəsinin sahə seçmə aktının, torpaq sahəsinin plan və ölçü sənədlərinin əlavə edilmədiyini əsas gətirərək qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi qüvvədə olan “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binalarına dair hüquqların dövlət reyestrində qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısında tikilinin inşa edilməsinə icazə barədə qərarın olması müəyyən edilmiş və hazırki imtinanın əsasında da tikintiyə icazə sənədinin olmaması göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tikintiyə icazə sənədinin alınması ilə bağlı prosedur 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir və iddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin tikintisini başladığı, tikintini apardığı və başa çatdırdığı müddətdə (2001-2004-cü illərdə), yəni mübahisəli qeyri-yaşayış binası üzrə hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan "Şəhərsalmanın Əsasları Haqqında” Qanun qüvvədə olmuşdur və həmin qanunda ümumiyyətlə tikintiyə icazə alınması nəzərdə tutulmamışdır. “Şəhərsalmanın Əsasları Haqqında” Qanunun: - 1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. - 12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. - 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir. - 19-cu maddəsinə əsasən şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. - 25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. "Şəhərsalmanın Əsasları Haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "Şəhərsalmanın Əsasları Haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq-tikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Göründüyü kimi hazırda hüquqların qeydə alınması üçün qeyri-yaşayış obyektləri üzrə tikintiyə icazə sənədinin olması qanunverilikdə tələb olunsa da, ilkin hüquq münasibəti yaranan zaman, yəni mübahisəli tikili inşa edildiyi zaman qüvvədə olan qanunvericilik aktlarında bu cür tələb olmamış və yalnız daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz mövcud olması nəzərdə tutulmuşdur. Bundan başqa, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədə olan 6.5-ci maddəsinin redaksiyasına görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. «Bələdiyyə torpaqların ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında» Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyə göndərir. Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasında bələdiyyə institutunun yaranmasından (dolayısı ilə bələdiyyə mülkiyyətinin formalaşmasından) öncə, 21.11.1998ci il tarixdə Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə inzibati ərazi vahidi üzrə nümayəndəsinin 38 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış və iddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binası – mağaza inşa etməyə başlamışdır. Bələdiyyələrin yaradılmasından sonra həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətinə keçmiş, Bərdə bələdiyyəsinin 03.10.2002-ci il tarixli qərarı ilə həmin torpaq sahəsi 50 il müddətinə iddiaçıya icarəyə verilmiş və torpağın ayrılması haqqında 21.11.1998-ci il tarixli 38 nömrəli sərəncam qüvvədən düşmüş hesab edilmiş, torpaq sahəsi ayrılan zaman tikinti və memarlıq şöbəsinin rəyi alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyri-yaşayış binasının tikildiyi və istismara qəbul edildiyi müddətdə qüvvədə olmayan qanunvericiliyə görə iddiaçının müraciətindən imtinası əsaslı hesab edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin istismara qəbul edilməsi onun şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin göstəricisidir. Belə ki, iş materialları ilə də müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi 05.03.2004-cü il tarixdə istismara qəbul edilmiş və bu barədə Bərdə rayon İcra Hakimiyyəti Başçısının 06.01.2003-cü il tarixli 17 nömrəli sərəncamı ilə yaradılmış Tikintisi Başa Çatmış Sosial-Məişət və Mənzil Tikintisi Obyektinin Dövlət Komissiyası akt tərtib etmişdir. Bu hal isə iddiaçı tərəfindən mübahisələndirilən qeyriyaşayış sahəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinə, obyektin qanunla müəyyən edilmiş tələblərə uyğunluğunun təsbit edildiyinə dəlalət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etdikdə yuxarıda qeyd edilən maddədə göstərilmiş heç bir hala əsaslanmamış, hüquqların qeydə alınmasını istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsindən odun bazarına dönən yolun birləşdiyi yerin qərbində 40,2 kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-2103/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2103/2021
19.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver