Məhkəmə qərarları › İş №2-1(114)-2103/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2103/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2103/2024 01.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona verilmiş və həmin torpaq sahəsinə DT və XK Xanlar rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN199A kod 50802028 saylı şəhadətnamədə göstərilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Torpağın mülkiyyətinə verilməsinə dair JN-199A KOD 50802028 nömrəli şəhadətnaməyə əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə İddiaçı Xanlar rayonu, Mixaylovka kəndində yerləşən torpaq sahəsi üzərində 0,10 ha torpaq sahəsi verilmişdir.

2. İddiaçı Göygöl rayonu, Mixaylovka kəndində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə etdiyi ərizəsinə İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-199A saylı şəhadətnamə Ərazi İdarəsinin elektron baza, adlı siyahı və arxiv məlumatlarında öz əksini tapmır. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluq olduğu, belə ki, faktiki torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.

3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1766/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə və Torpağın mülkiyyətə verilməsinə dair JN199A kod 50802028 saylı şəhadətnamə ilə ona verilmiş 0,10 ha torpaq sahəsinin adına qeydə alınması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona verilmiş və həmin torpaq sahəsinə DT və XK Xanlar rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN199A kod 50802028 saylı şəhadətnamədə göstərilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə əvəzsiz verilməsi nəzərdə tutulmuşdur. Göstərilən Fərmanın və Torpaq islahatına haqqında Qanunun 9-cu maddəsinə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə ona Xanlar rayonu, Mixaylovka kəndində yerləşən 0,10 ha həyatyanı torpaq sahəsinin ayrılmışdır və həmin torpaq sahəsinə DT və XK Xanlar rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN199A kod 50802028 saylı şəhadətnamə verilmişdir. Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçıya verilmiş 0,10 ha torpaq sahəsi həmin zamandan bugünədək onun istifadəsində və sahibliyindədir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə ona verilmiş 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyetrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN199A saylı şəhadətnamənin Ərazi İdarəsinin elektron baza, adlı siyahı və arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin yaxınlığında yüksək gərginlikli elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

8. Hazırkı iş materialları və arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)- 1766/2021 nömrəli iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair JN-199A (kod ********) saylı şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 1766/2021 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilməmişdir.

9. Hazırda İddiaçı eyni əsaslar üzrə eyni cavabdehə qarşı eyni predmet barəsində - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə ona verilmiş və həmin torpaq sahəsinə DT və XK Xanlar rayon şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN199A kod 50802028 saylı şəhadətnamədə göstərilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş edir ki, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

11. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

12. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

13. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qərarı qüvvəyə mindikdən sonra iddiaçı yeni sübutları və ya halları aşkar edəcəyi halda, yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər. Belə ki, İPM-in: Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar