Məhkəmə qərarları › İş №2-1(114)-2105/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2105/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2105/2022 17.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. Bütün əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmışdır. xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası almışdır. Həmin tarixdən pensiya əlilliyinin ləğvi ilə əlaqədar dayandırılmışdır. Bundan sonra yaşa görə əmək pensiyasının təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Qazax rayon Avto Bazasında və "xxxx" ASC də işlədiyi zaman əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi sənədlərə, yəni əmək kitabçası və hərbi biletin surətinə müvafiq olaraq, xx.xx.1975-ci ildən 1981-ci ilə qədər işlədiyi illər onun mübahisələndirilməyən sığorta stajına daxil edilmişdir və 3 il 9 ay 21 gün təşkil edir. İddiaçının xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilə qədər “Qazax Avtobazası” MAT-də və xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi illərlə bağlı işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədləri tapılmadığı üçün xx.xx.1981-xx.xx.2006-cı illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bu illər mübahisələndirilən sığorta stajıdır və 24 il 8 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır. (28 il 6 ay 9 gün). Sözügedən dövrün sosial sığorta stajı kimi nəzərə alınması qeyri mümkündür. Mübahisələndirilən müəsissələrlə bağlı müvafiq dövlət orqanlarına sorğu ünvanlanmış və iddiaçının işləməsinə dair sübutlar müəyyən edilərsə ona yaşa görə əmək pensiyasının verilməsi məsələsinə yenidən baxılacaqdır. Göründüyü kimi iddiaçıya qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.2000-ci il tarixədək Qazax rayon Avtobazasında sürücü kimi işləmiş, xx.xx.2001-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 315 nömrəli məktubda bildirilir ki, Qazax rayon Sərnişin Avtobazasının sənədləri rayon Dövlət Arxivinə təhvil verilməmişdir. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, İddiaçın yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (hərbi xidmət dövrü də daxil edilməklə sığorta stajı 3 il 9 ay 21 gün təşkil edir) səbəbi ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 3 il 9 ay 21 gün təşkil etdiyini bildirərək imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1977-2006-cı illərdə ayrı-ayrı vaxtlarda müəyyən fasilələrlə müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 3 il 9 ay 21 gün olması göstərilmişdir. Bundan əlavə iddiaçının xx.xx.1981-ci ildən xx.xx.2000-ci ilə qədər “Qazax Avtobazası” MAT-də və xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyini iddia etdiyi illərlə bağlı işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədləri tapılmadığı üçün xx.xx.1981-xx.xx.2006-cı illər sosial sığorta stajı kimi nəzərə alınmasının mümkün olmadığını qeyd etmişdir. İş materillarına əlavə edilmiş Qazax rayon Arxivinin məktubunda Qazax rayon Sərnişin Avtobazasının sənədlərinin rayon Dövlət Arxivinə təhvil verilməməsi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdeh etirazına münasibətdə qeyd edir ki, iddiaçının işdən azad edilmə əmri, əmək haqqı cədvəlləri və digər arxiv sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və arxiv məlumatlarından, həmçinin əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Həmçinin cavabdeh tərəfindən mübahisəndirilməyən sosial sığorta stajı kimi iddiaçının hərbi xidmətdə olduğu və Qazax rayon Komsomol sovxozunda sürücü vəzifəsində işlədiyi 3 il 9 ay 21 gün hesablanmışdır. Beləliklə, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət müddəti, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Qazax rayon Komsomol sovxozunda işlədiyi müddət, xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Qazax Avtobazası” MAT-də işlədiyi müddət, xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi müddət, ümumilikdə 28 il 6 ay 9 gün sosial sığorta stajı kimi nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Qazax Avtobazası” MAT-də və xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar