Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-211/2020 10.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X4 vəkili X5 iştirakı ilə, İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı (üçüncü şəxs X6) torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X7 cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, X2 adına DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş A 351344 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 21.3 kv.m yaşayış, 26.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçının nənəsi mərhum X3 məxsus olmuşdur. xx.xx.1979-cu ildə G.Əmrahova qeyd edilən əmlakı və onun içərisində olan bütün əmlakı iddiaçıya vəsiyyət etmişdir. 28 fevral 1981-ci ildə G.Əmrahova vəfat etmiş, iddiaçı xx.xx.1983-cti ildə qeyd edilən vəsiyyətnamə ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı nənəsi öləndən sonra miras əmlakı həm faktiki, həmdə vəsiyyətnamə əsasında qəbul edərək qeyd edilən əmlaka daim sahiblik edərək istifadə etmiş və hazırki tarixədək də istifadə etməkdədir. Qeyd edilən mülklə bağlı mərhum G.Əmrahovanın adına xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəli, **********46- 10301 reyestr nömrəli ******* nömrəli çıxarış alınmışdır. Bu yaxınlarda İddiaçı nənəsindən qalan miras əmlakı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkiyyətinə keçirmək üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, müraciət edərkən Dövlət Notariat Arxivindən qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin qanuni qüvvədə olması barədə məktub da həmin müraciətə əlavə edilmişdir. Lakin cavabdeh orqan fərdi yaşayış evinin yerləşdiyi 2503.82 kv.m torpaq sahəsinə AİK-nin xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə X2 adına DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verildiyini əsas gətirərək ərizənin icrasından imtina etmişdir. Qeyd edilən imtina cavabı alındıqdan sonra iddiaçının əmisi X2 adına DT və XK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan AİK-nın xx.xx.1998- ci il tarixli, 13 nömrəli qərarının əldə olunması ilə bağlı bütün zəruri idarələrə sorğu edilmiş, alınmış cavablardan aydın olmuşdur ki, ümumiyyətlə AİKnin belə bir qərarı mövcud olmamışdır. Belə ki, aqrar islahat aparılan zaman S.Məmmədov ümumiyyətlə Söyüdlü kəndində yaşamadığından və qeydiyyatda olmadığından onun adına torpaq sahəsinin verilməsi mümkün deyildi. Mövcud olmayan AİK-nın qərarı əsasında da torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi də qanunsuzdur. Digər tərəfdən reyestr xidmətindən alınmış torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənədin verilmə tarixi, dövlət torpaq və kadastrı kitabında hansı tarixdə, hansı nömrə ilə uçota alınması qeyd olunmamaqla yanaşı həmin sənədin kim tərəfindən imzalanması və təsdiq olunması da yoxdur. Qeyd olunanlardan da göründüyü kimi, X2 adına DT və XK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsassızdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X8 iddianı müdafiə etmişdir. Üçüncü şəxsin vəkili X10 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair hüququnu onunla izah edir ki, həmin sahə ona anası Gülbəsər vəsiyyət edib. Həmin sahədə yerləşən ev 1979-cu ildə iddiaçıya vəsiyyət edilmiş, 1981-ci ildə isə Səməndərə vəsiyyət edilmişdir, lakin həmin sahə miras kütləsinə daxil edilə bilməzdi. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********15 nömrəli məktubunun surətindən görünür ki, araşdırma zamanı iddiaçının vərəsəsi olduğu X1 adına xx.xx.2007-ci il tarixdə istifadədə 0.25 ha torpaq sahəsi olmaqla 1 otaqlı 48 kv.m fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış və texniki pasportu verilmiş, həmçinin fərdi yaşayış evlərinin yerləşdiyi 2503.82 kv.m torpaq sahəsinə Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə X2 adına DT və XK-si tərəfindən “Torpaq sahəısinin planı və ölçüsü” sənədi verilmiş və bu səbəblərdən ərizənin icrası mümükn olmamışdır. -AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********28 nömrəli arayışının surətindən görünür ki, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi X1 adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli reyestrdən çıxarış verilmişdir, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsi Söyüdlü bələdiyyəsinin mülkiyyətindədir. -Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1979-cu ildə Gədəbəy rayonu Söyüdlü kənd sovetində təsdiq edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.1981-ci ildə vəfat etmiş X1 əmlakı üzrə vəsiyyətnamədə göstərilən vərəsəsi İddiaçıdur. -Seriya MH ******* nömrəli xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Söyüdlü kəndində istifadəsində olan 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********84 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı əsasında hazırlanmış vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda X2 adı aşkar edilməmiş, lakin həmin siyahıda İddiaçı adı qeyd edilmişdir, 2010-cu ilə aid düzəliş sənədlərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda X2 adı mövcuddur. -Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı əsasında hazırlanmış vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid xx.xx.2003-cü il tarixli cədvəldən görünür ki, 284-cü sırada İddiaçı adına 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. - Surəti əlavə edilmiş DTvə XK-nin Yerquruluşu Layihə İnstitutunun mühəndisi, Söyüdlü bələdiyyəsinin sədri və Söyüdlü kənd İƏD üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2010-cu il tarixli aktın məzmunundan görünür ki, 284 xəritə nömrəsində qanuni həyətyanı 0.25 ha torpaq sahəsi səhvən başqa adamın adına qeyd olunduğu üçün düzəliş edilərək X2 adına sənədləşdirilməsi qeyd edilmişdir. -A 351344 nömrəli “Torpaq sahəısinin planı və ölçüsü” sənədindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə 2503.82 kv.m həyətyanı torpaq sahəsinin koordinatları X2 adına işlənmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, Gədəbəy rayonu, Söyüdlü kəndi üzrə aparılan torpaq islahatı zamanı iddiaçının adı torpaq payı almaq hüququ olan subyektlərin siyahısına salınaraq 284-cü sırada qeyd olunmuş, lakin sonradan, yəni 2010-cu il tarixdə buna hüququ olmayan şəxslər (DTvə XK-nin Yerquruluşu Layihə İnstitutunun mühəndisi, Söyüdlü bələdiyyəsinin sədri və Söyüdlü kənd İƏD üzrə nümayəndəsi) tərəfindən iddiaçının adının siyahıdan çıxarılması və üçüncü şəxsin adının həmin nömrə altında siyahıya salınması barədə akt tərtib edilmiş və bunun əsasında X2 adına A 351344 nömrəli “Torpaq sahəısinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə “X13 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 2503.82 kv.m həyətyanı torpaq sahəsinə dair X2 adına verilmiş A 351344 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-211/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-211/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver