Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2110/2022 16.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı, X4, X10 və X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin yerinə və koordinatlarına uyğun plan və ölçü sənədinin verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, faktiki istifadələrində olan 3.66 h pay torpaq sahəsinin plan və ölçü sənədlərinin adlarına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və yaxın qohumları X2, X8, X5 torpaq islahatı aparılan zaman Samux Rayon Aqrar İslahat Komissyasının xx.xx.2004-cü il tarixli 02 saylı qərarı ilə 3,66 hektar kənd təsərüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0070, kod 50710028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X13 plan və ölçü sənədləri elektron bazaya salınmışdır. Reallıqda isə o və ailə üzvülərinə verilən torpaq sahəsi istifadəyə yararsız olduğu üçün dəyişdirilməsi məqsədi ilə Qarabağlı bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin xx.xx.2004-cü il tarixli xx.xx.2004-cü il tarixli 18 №-li qərarına əsasən 3,66 hektar pay torpağı bələdiyyənin 3-cü kontorundakı “Qara üzüm” adlanan sahədə torpaq fondu ilə dəyişdirilmişdir. Samux rayon Aqrar İslahat komisyasının xx.xx.2004-cü il tarixli (protokol № 02) qərarı ilə bu dəyişiklik nəzərə alınmışdır. Ailə üzvülərilə birlikdə 18 ildən çox müddətdir ki, Qarabağlı bələdiyyəsi tərəfindən 3,66 hektar pay torpaq sahəsini əkib becərirlər. Hazırda istifadələrində olan 3,66 ha pay torpağ sahəsinə çıxarış ala bilmirlər. Faktiki istifadə etdiyi 3,66 hektar pay torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq üçün cavabdehə müraciət etmiş, ona “Torpağa mülkiyyət hüququna dair “ JN-0070 saylı dövlət aktında göstərilən torpaq sahəsinin yeri ilə ərazi İdarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edildiyi müəyyən edildiyi bildirilmişdir. Onların 3,66 ha pay torpaq sahəsi Qarabağlı bələdiyyəsinin fondunda olan torpaq sahəsinə dəyişdirilmiş, lakin bu barədə cavabdehin elektron bazasında məlumat üzrə dəyişiklik aparılmamışdır. Hazırda bu dəyişikliyin elektron bazada qeydiyyatının aparması üçün onun məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4, X10 və X6 iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı və vəkili Vəkil iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı sənəd üzrə müəyyən edilmiş koordinat daxilindəki sahədən deyil, ondan 5 km aralıda olan sahədən istifadə edir. Həmçinin ilkin sənədlərdə iddiaçılara 3.19 ha sahə ayrılmış, dövlət aktında isə 3,66 ha qeyd olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********74 nömrəli etirazda qeyd edilmişdir ki, “Torpağa mülkiyyətə hüququna dair” ЈN-0070 saylı dövlət aktında qeyd olunan 3,66 ha torpaq sahəsinin koordinatları, ölçüsü və konfiqurasiyası ilə Ərazi İdarəsinin elektron xəritə məlumatları uyğunsuzluq təşkil edir. Belə ki, vətəndaşa ilkin olaraq verilən torpaq sahəsinin ölçüsü (DWG-də) 3,19 ha qeyd olunsa da təqdim edilmiş sənədlərdə torpaq sahəsi 3.66 ha-dır. Dövlət aktının koordinatları ilə sənəd üzrə (DWG) koordinatlar arasında təxminən 5000 m məsafə fərqi var. Sənəd üzrə yerinə çıxarış işlənməyib, hal-hazırda həmin torpaq çoxillik əkmə (üzümçülük) kimi istifadə olunur. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş «Torpağa mülkiyyət hüququna dair» xx.xx.2005-ci il tarixli, JN-0070, KOD 50710028 saylı Dövlət Aktından görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 02 saylı qərarı ilə İddiaçı, X4, X10 və X1 təsərrüfatı məhsulları istehsalı üçün 3.66 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş Samux rayon Qarabağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 18 nömrəli iclas protokolundan görünür ki, İddiaçı 49-50-ci kontur 3,66 ha pay torpağının bələdiyyənin 3-cü konturdakı “Qara üzüm” adlanan torpaq fondu ilə dəyişdirilməsi qərara alınmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli (Protokol № 02) qərarından çıxarışdan görünür ki, Qarabağlı bələdiyyəsinin kənd sakini İddiaçı pay torpağının yeri yararsız olduğundan bələdiyyə torpaqları ilə dəyişdirilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli (Protokol № 18) qərarının nəzərə alınması qərara alınmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubundan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0070 saylı dövlət aktında göstərilən torpaq sahəsinin yeri ilə Ərazi idarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluğun olduğu müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları və təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya və onun ailə üzvlərinə ilkin olaraq Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi ayrılmış, lakin həmin torpaq sahəsinin yararsız olması ilə əlaqədar iddiaçı Samux rayon Qarabağlı bələdiyyəsinə müraciət etmiş, sonuncunun xx.xx.2004-cü il tarixli qərarı ilə İddiaçı 49-50-ci kontur 3,66 ha pay torpağının bələdiyyənin 3-cü konturdakı “Qara üzüm” adlanan torpaq fondu ilə dəyişdirilməsi qərara alınmış, həmin qərarın davamı olaraq Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli qərarı ilə pay torpağının yeri yararsız olduğundan bələdiyyə torpaqları ilə dəyişdirilməsinə dair bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı nəzərə alınmış və bu barədə «Torpağa mülkiyyət hüququna dair» JN-0070 saylı dövlət aktı tərtib edilmişdir. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən JN-0070 saylı dövlət aktında göstərilən torpaq sahəsinin yeri ilə Ərazi idarəsinin elektron xəritə məlumatları arasında uyğunsuzluq olduğundan müraciəti təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Samux rayon Qarabağlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 18 nömrəli qərarı ilə bələdiyyənin 3-cü konturdakı 3,66 ha “Qara üzüm” adlanan sahəsindən İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsinə dair faktiki istifadə vəziyyətinə uyğun plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2110/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2110/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver