Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2111/2022 15.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, barəsində verilmiş xx.xx.2022-ci il tarixli, 29-Ş/H nömrəli dövlət qulluğuna birbaşa xitam verilməsi barədə intizam tənbehini ləğv edib Daşkəsən rayon Qeydiyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsinə bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi, Daşkəsən rayon qeydiyyat şöbəsində aparıcı mütəxəssis (kargüzar) vəzifəsində çalışmışdır. İşlədiyi illər ərzində qanun pozuntusuna yol verilməmiş, habelə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. 2021-ci ildə sorğuya cavab hazırlanarkən avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılan ərəfədə nikah haqqında məlumatın aşkar olunmaması yanlış sənədin tərtib edilməsinə səbəb olmuşdur. Eyni zamanda Qeydiyyat və notariat baş idarəsi tərəfindən araşdırma aparılarkən 2012-ci ildə qeydə alınmış nikah haqqında akt qeydi qanunvericiliyin tələbləri pozulmaqla qeydə alındığı müəyyən olunmuş, əmrdə onun xəttilə yazılması və ailə vəziyyəti barədə arayışı tərtib etməklə həmin nikahı gizlətməyə çalışdığı qeyd edilmişdir. Sözügedən akt qeydinin bir nüsxəsi şöbənin məsləhətçi vəzifəsində çalışmış rəhbər işçi Tahirə Tağıyeva tərəfindən tərtib olunmuş, akt qeydinin digər nüsxəsinin və nikah haqqında şəhadətnamənin tərtib edilməsi barədə ona göstəriş verilmiş, yalnız rəhbər işçinin tapşırıqlarını icra etmişdir. Aparıcı mütəxəssislərin (kargüzarların) vətəndaşları qəbul etmək və vətəndaşlardan sənəd götürmək kimi səlahiyyətlərinin yoxdur, habelə mütəxəssislər qeydiyyat şöbələrində yardımçı vəzifə tutmaqla ancaq rəhbər işçinin tapşırıqlarını icra etməlidir. Nikah haqqında akt qeydinin qanunvericiliyin tələbləri pozulmaqla qeydə alınmasının onunla heç bir əlaqəsi yoxdur. Şöbədə mütəxəssisin (kargüzarın) iştirakı olmasa belə rəhbər işçi hər hansı sənədi arzu etdiyi qaydada tərtıb edərək möhür və imzası ilə təsdiqləyə bilər. Nikahın aşkar olunmaması səbəbindən yanlış arayış tərtib etdiyini inkar etmir, lakin həmin arayışı akt qeydinin gizlədilməsi məqsədi ilə tərtib etməmişdir. Həmin nikahın qanunvericiliyin tələblərinin pozulması ilə qeydə alındığı barədə məlumatı olmayıb. İddiaçı hesab edir ki, qeyd etdikləri onun işdən qanunsuz olaraq çıxarılmasını təsdiq edir və onun işə bərpa edilməsi üçün əsasdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, mövqeyini onunla əsaslandırmışdır ki, qardaşı X1, həmçinin köməksiz vəziyyəti ilə əlaqədar onun müayinəsi və müalicəsi ilə məşğul olmuş, «Daşkəsən RMX» PHŞ-nin göndərişləri əsasında qardaşını Bakı şəhərinə aparmalı olmuş, bu səbəbdən qanunla müəyyən edilmiş müddət ərzində iddia verə bilməmişdir. Cavabdeh məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 05/5422-11 nömrəli iddiaya etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı barəsində çıxarılmış əmr 18 may 2022-ci il tarixdə Ədliyyə Nazirliyinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri” informasiya sistemi üzərindən onun özünə və bütün istifadəçilərə təqdim olunmuş, lakin o, əmrin ləğvi tələbi ilə məhkəməyə 1 aydan artıq müddət keçdikdən sonra müraciət etmişdir. İnformasiya sistemi vasitəsilə göndərilmiş sənəd istifadəçi tərəfindən oxunduqda sistemdə göndərilmiş məlumatın vaxtına, onu göndərən əməkdaşa və sənədə dair hissələrin yazıları adi şriftlə, oxunmamış hissələrin isə tünd şriftlə əks olunur. Göründüyü kimi, iddiaçı öz istifadəçi adı ilə informasiya sisteminə daxil olaraq xx.xx.2022-ci il tarixdə təqdim edilmiş müvafiq əmrlə şəxsən tanış olmuş və Gəncə İnzibati Məhkəməsində müvafiq iddianı heç bir üzürlü səbəb olmadan qanunla müəyyən edilmiş müddəti buraxmaqla qaldırmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin xx.xx.2022-ci il tarixli, 29-Ş/H nömrəli əmrindən çıxarışdan görünür ki, vəzifələrinin icrası zamanı kobud pozuntuya yol verdiyinə görə Daşkəsən rayon qeydiyyat şöbəsinin aparıcı mütəxəssisi (kargüzar) dövlət qulluğunun 2-ci dərəcə dövlət referenti İddiaçı tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İş materiallarına əlavə edilmiş informasiya sisteminin ekran görüntüsü şəkillərindən, həmçinin cavabdehin etirazından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli 29-Ş/H nömrəli əmrlə xx.xx.2022-ci il tarixdə tanış olmuş, lakin həmin əmri mübahisələndirmək üçün nəzərdə tutulmuş 30 gün müddət ərzində deyil, xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan əlavə iddiaçı prosessual müddəti ötürməsinə səbəb kimi qardaşını tibbi göndərişlə Bakı şəhərinə müalicəyə aparmasını qeyd etsə də 2178 nömrəli “tibbi xidmətə göndəriş vərəqəsi”-dən həmin göndərişin xx.xx.2022-ci il tarixdə, yəni hazırda mübahisələndirilən inzibati aktdan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra tərtib edildiyi görünür. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçı onunla əmək münasibətlərinə xitam verilməsini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2111/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2111/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver