Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2111/2023 30.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qyeri-yaşayış sahəsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qarşı tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Üçüncü şəxs Gədəbəy Bələdiyyəsinin nümayəndəsi (sədri) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Gədəbəy Bələdiyyəsi) qarşı qeyriyaşayış sahəsi və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gədəbəy Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı iclas protokolundan çıxarış qərarına əsasən şəhərin M.Ə.Rəsulzadə küçəsi, 16 saylı ünvanda yerləşən keçmiş XDS İcraiyyə Komitəsinin inzibati binasının birinci mərtəbəsindən 56,0 kv.m qeyri-yaşayış sahəsindən daimi istifadə etmək üçün İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır.
2. Gədəbəy Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı ilə Gədəbəy Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı 0.01 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
3. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubu ilə müraciətdən imtina edərək bildirmişdir ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 16 ünvanında yerləşən, Gədəbəy bələdiyyəsinə məxsus olmuş qeyri-yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsi Gədəbəy Bələdiyyəsinin 30 dekabr 2002-ci il tarixli iclas protokolundan çıxarışa əsasən mənzil kimi İddiaçı satılmışdır. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Odur ki, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququnun tanınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 16 ünvanında yerləşən Gədəbəy Bələdiyyəsinə məxsus olmuş qeyri-yaşayış binasında yeləşən Gədəbəy Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 56,0 kv.m qeyri-yaşayış sahəsinin və həmin mənzilin qarşısında yerləşən Gədəbəy Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı ilə ona satılmış 0.01 ha həyətyanı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, sabiq rayon icra başçısı Ramiz Bağırovun razılığı ilə ünvan 3 ünvanında yerləşən keçmiş XDS İcraiyyə Komitəsinin köhnə inzibati binası Kommunal müəssisələri kombinatının balansında olan 2 mərtəbəli qeyri-yaşayış binasında 14 nəfər ailə 01 sentyabr 1995-ci il tarixdən hal-hazıra kimi yaşayır. Binada yaşamağına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə xx.xx.2001-ci il tarixli 498 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı əsasında Gədəbəy şəhərində yerləşən Kommunal müəssisələri kombinatının balansında olan M.Ə.Rəsulzadə küçəsi, 16 ünvanında yerləşən keçmiş XDS İcraiyyə Komitəsinin köhnə inzibati binası 1848 kv.m torpaq sahəsi ilə birlikdə Gədəbəy bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Gədəbəy Bələdiyyəsinin müvafiq iclas protokollarının qərarları ilə qeyri-yaşayış sahəsi olan, ünvan 4 ünvanda yerləşən 2 mərtəbəli keçmiş XDS İcraiyyə Komitəsinin köhnə inzibati binasının yaşadığı mənzilinin ona satılması və daimi istifadə etmək üçün onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. Eləcə də həmin qərarlarla bələdiyyənin xüsusi mülkiyyətinə verilmiş qeyriyaşayış sahəsinin X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən pasport qeydiyyatından keçirilməsi qərara alınmışdır. Lakin keçmiş XDS İcraiyyə Komitəsinin köhnə inzibati binasında yaşadığı mənzil ona Gədəbəy Bələdiyyəsinin mülkiyyətinə keçirilmədən satılmışdır. O, yaşadığı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli **********91 nömrəli məktubla müraciətindən imtina etmişdir. Həmçinin, Gədəbəy Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı ilə sözügedən ünvanda ona 0.01 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Lakin cavabdeh orqan həmin torpaq sahəsini də onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan heç bir hüquqi əsas olmadan imtina edir. Hesab edir ki, cavabdeh ona imtina cavabı verməkdə haqlı olmamışdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gədəbəy Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.
9. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı və cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. İddiaçının nümayəndəsi (anası) X4 əvvəlki məhkəmə iclasında iddia müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
11. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 16 ünvanında yerləşən qeyri-yaşayış binası Gədəbət Kommunal Müəssisələri Kombinatına məxsus bina olmuş və sonradan Gədəbəy bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Həmin bina 24 otaqdan və iki mərtəbədən ibarətdir. Qızına birinci mərtəbədə yerləşən 2 otaq verilmiş, sonradan isə artırma edərək, sanitar qovşaq tikdirmişlər. Onlar həmin qeyri-yaşayış sahəsində 1995-ci ildən məskunlaşıb yaşadıqlarına görə həmin 2 otaq qızına mənzil kimi satılmışdır. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyətinə müraciət etmişlər, lakin onlara bu barədə qərar verilməmiş, nə də bundan imtina edilməmişdir. Ayrılmış 0,01 ha torpaq sahəsi həmin 2 otağın qarşısında yerləşən boş sahə olmuş və bələdiyyənin qərarı ilə qızının mülkiyyətinə verilmişdir. Qızının cavabdeh orqana müraciəti həm mənzilin, həm də torpaq sahəsinin onun adına qeydə alınması ilə bağlı olmuşdur.
12. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilmişdir.
13. Etirazın dəlilləri iddiaçının müraciətini təmin etməkdən imtina edilərkən göstərilən dəlillərlə eynilik təşkil etmişdir (bu qərarın 3-cü bəndi).
14. Üçüncü şəxsin nümayəndəsi (sədri) X3 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
15. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
16. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
17. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 16 ünvanında yerləşən Gədəbəy Bələdiyyəsinə məxsus olmuş qeyri-yaşayış binasında yeləşən Gədəbəy Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən onun mülkiyyətinə verilmiş 56,0 kv.m qeyri-yaşayış sahəsinin və həmin mənzilin qarşısında yerləşən Gədəbəy Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 17 nömrəli qərarı ilə ona satılmış 0.01 ha həyətyanı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir.
18. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələblərə müvafiq olaraq İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə iddiaçının qeyri-yaşayış sahəsi ilə bağlı müraciətinə cavabdeh orqan tərəfindən münasibət bildirilmişdir. İddiaçının torpaq sahəsi ilə bağlı cavabdehə müraciəti və cavabdehin müraciətdən imtinası isə iş materialları ilə müəyyən edilmir.
19. Bununla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsinə bildirilmiş və iddiaçının ona ayrılmış 0,10 ha həyətyanı torpaq sahəsinin adına qeydə alınması ilə bağlı cavabdeh orqana müraciətinin, həmçinin iddiaçının qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə müvafiq icra hakimiyyətinə müraciətinin təqdim edilməsi iddiaçının nümayəndəsinə təklif edilmiş və bu məqsədlə məhkəmə hazırlıq iclası təxirə salınmasına baxmayaraq, sözügedən sənədlər təqdim edilməmişdir.
20. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
21. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva