Məhkəmə qərarları › İş №2-1(114)-2112/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2112/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2112/2020 26.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə İddiaçı “xxxx Asiman” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X3 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax rayon Dövlət Əmək Müfəttişliyinə (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsi) qarşı məcburi ödənişlərin müəyyən edilərək dövlət büdcəsinə ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx Asiman” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X3 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax rayon Dövlət Əmək Müfəttişliyinə (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X6 tərəfindən Daş Salahlı ərazisində yerləşən “xxxx” MMCyə məxsus daş karxanasında 2017-2019-cu illər ərzində işıq sərfiyyatı 36000 manat faktına dair MMC-də audit maliyyə uçot ilə yerində baxış, kameral yoxlama aparılmalı, nəzarətedici orqanların hərəkətsizliyindən, gizlədilən vergi və sığortadan əldə edilən külli miqdarda vəsaitlərdən tutulmalı olan hissəsindən məcburi ödənişləri müəyyən etməklə dövlət büdcəsinə ödənilməsini təmin etmək vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax rayon Dövlət Əmək Müfəttişliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qazax rayonu Daş Salahli kəndində yerləşən “xxxx Asiman” MMC -nin icraçi direktoru X2 məhkəmə qərarı ilə 2017-2019-cu illər ərzində azadlıqdan məhrum olunduğu dövr ərzində cavabdeh təsisçi qanunsuz sahibkarlıq, vergidən yayınma, dağ mədən istehsalı ilə məşğul olmaqla MMC-ni gözlənilən maliyyə sanksiyalarına məruz qoymaqla gəlir əldə etmişdir. İcraçı direktor azadlığa çıxan kimi vəzifə səlahiyyətlərinin icrasına maneələr törətməsi “xxxx Asiman” MMC-də dağ mədən işlərininin məcburi dayanmasına səbəb olmuşdur. MMC-nin 2017-2019-cu illər ərzində cavabdehin fəaliyyəti və inzibati nəzarət orqanlarının hərəkətsizliyi nəticəsində dövlətə və MMC-yə küllü miqdarda vergidən yayınma gəlirlərin gizlədilməsi ilə ziyan dəymişdir. MMC-nin 2017-2019-ci illər ərzində işiq sərfiyyatı haqqında çıxarışları dağ mədən işlərinin aparılmasına mötəbər sübutdur. Son nəticədə maliyyə sanksiyalarının kimə aid olması 14 saylı X4 marağına toxunur, eyni qaydada da gələcəkdə maliyyə sanksiyalarının kimə aid olması məhkəmə qərarları ilə təsdiqini tapması maraqlı şəxslərin qanuni tələbləridir. İş üzrə qərar dağ mədən işlərinin dayandırılmasına olan maneələrə məcbur etmə ilə son qoyulması tələbləridir. Belə ki, MMC işlədiyi halda maliyyə sanksiyalarını dövlətə ödəməyə imkanlarını genişləndirmək kimi əlverişli şərait qazanacaq, işçilər işlə təmin olunacaq, azad sahibkarlıq məntiqi hüquqi müstəviyə qayıdacaq və nəzarətedici orqanların funksiyası bərpa olunacaqdır İş üzrə tərəflərə və üçüncü şəxsə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli sərəncamla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması ona təklif olunmuşdur. Məhkəmənin sərəncamı poçt vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilsə də, iddiaçı tərəfindən sərəncamın tələblərinə riayət edilməmiş və məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X3 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax rayon Dövlət Əmək Müfəttişliyi cavabdeh qismində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsi isə maraqlı şəxs qismində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən iddiaçı, cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Hazırkı iddia tələbində iddialar müxtəlif cavabdehlərə qarşı yönəlməli olan tələblər olduğundan bir icraatda birləşdirilməsinə yol verilmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İdiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxx Asiman” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin və X3 şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax rayon Dövlət Əmək Müfəttişliyinə (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi X1 Baş İdarəsi) qarşı məcburi ödənişlərin müəyyən edilərək dövlət büdcəsinə ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar