Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2112/2024 27.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-3-33/2-3098/2024 nömrəli cavab məktubuna əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır.
2. 13.08.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, X4 şəhəri, Heydər Əliyev prospekti, bina 151, mənzil 13 ünvanında yerləşən ümumi sahəsi 60.8 kv.m, yaşayış sahəsi 42.1 kv.m, yardımçı sahəsi 18.7 kv.m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən aşağıda göstərilən hissəsin alıcı İddiaçı mülkiyyətinə vermişdir.
3. İddiaçı üçüncü şəxs xx.xx.1964-cü il təvəllüdlü X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 130 nömrəli məktubunda görünür ki, X2 şəhəri, Heydər Əliyev prospekti, bina 151, mənzil 13 ünvanında faktiki olaraq yaşamır.
5. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-10169/2024 nömrəli məktubunda görünür ki, X5 xx.xx.2017-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. II. Məhkəmədə icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 3-cü şəxs X3 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkdən pasport qeydiyyatından çıxarılmasını öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Heydər Əliyev prospekti bina 151 mənzil 13 onun xüsusi mülkiyətindədir. Həmin mənzili iddiaçı alqı-satqı müqaviləsi əsasında 2015-ci ildə əldə etmişdir. Qeydiyyatda duran 3-cü şəxs iddiaçının oğludur. O vaxt 3-cü şəxs müvəqəti olaraq iddiaçının mənzilinə qeydiyyata düşmüşdür. Qeydiyatda dursa da, 3-cü şəxs mənzildə bir gün də yaşamayıb, o vaxtdan çıxıb Rusiyaya gedib və ondan heç bir xəbər yoxdur. İddiaçı həmin şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh quruma müraciət etsə də,ona imtina verilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır, belə ki, həmin şəxsin orda qeydiyatda durması iddiaçının hüquqlarını pozur.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.
10. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
11. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2112/2024 nömrəli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
19. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
20. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-3098/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - 13.08.2015-ci il tarixli AN-İ ******* nömrəliDaşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi; - Məhkəmə sorğusuna Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 130 nömrəli məktub; - Məhkəmə sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-10169/2024 nömrəli məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxs xx.xx.1964-cü il təvəllüdlü X5 mənzildə qeydiyyatdadır, lakin faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
25. İddiaçı üçüncü şəxsin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
27. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxs in yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.
28. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
29. İş materialları ilə müəyyən edilir ki, X1 mənzilin mülkiyyətçisi İddiaçı oğlu olmaqla, o, həmin evdə doğulub, boya-başa çatmış, həmin evə qeydiyyata alınmışdır.
30. Ona görə də, X3 mübahisəli evdən istifadə hüququnun mövcud olubolmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı X3 mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən ediləcəyi halda, həmin qərar onun qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.
31. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxsin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.
32. Ona görə də, iddia təmin edilməməlidir.
33. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva