Məhkəmə qərarları › İş №2-1(114)-2113/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2113/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2113/2021 01.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı 30.09.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” 06.09.2021-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” 06.09.2021-ci il tarixli **********4 nömrəli qərarı ilə ondan 4945.60 manat məbləğində vəsaitin cavabdehin bank hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərar əsassız, qeyri-obyektivdir. Belə ki, o, 01.01.2019-cu il tarixdən işləməmişdir. Həmin tarixdən işdən çıxmağına baxmayaraq əmək müqaviləsi ilə bağlı sistemə məlumat yerləşdirilməmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, 2013-cü ildən 2020-ci ilədək kafedə işləmiş, işdən çıxandan sonra cavabdehə müraciət etmiş, həmin ildən ona sosial müavinət təyin edilmişdir. Lakin cavabdehin ondan 4945.60 manat məbləğində vəsaitin alınmasına dair qərarı əsassızdır. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya 18.11.2017-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, 18.11.2017-ci il tarixdən 31.08.2021-ci il tarixədək müavinətin ödənişi həyata keçirilmişdir. Daha sonra informasiya alt sistemləri ilə qarşılaşdırmalar aparılaraq yoxlamalar zamanı iddiaçının adına 01.08.2015-ci il tarixdən 10.01.2020-ci il tarixədək aktiv əmək müqaviləsi olması müəyyən edilmiş, aşkarlanmış uyğunzusluğa görə 30.08.2021-ci il tarixdə iddiaçıya ödənilmiş sosial müavinət dayandırılmışdır. İddiaçının 01.08.2015-ci il tarixdən 10.01.2020-ci il tarixədək olan dövr üçün əmək müqaviləsi olduğu üçün 18.11.2017-ci il tarixdən 31.08.2021-ci il tarixədək 4945.60 manat artıq vəsait ödənilmişdir, ona görə də iddiaçının artıq aldığı yaşa görə sosial müavinətin məbləği geri qaytarılmalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhəri Kəpəz rayon şöbəsinin sosial müavinət təyinatları üzrə 13.02.2020-ci il tarixli 996598 nömrəli qərarından dörünür ki, İddiaçı yaşa görə 18.11.17-ci il tarixdən 01.03.2018-ci il tarixədək 66 manat, 01.03.2018-ci il tarixdən 01.04.2019-cu il tarixədək 73 manat, 01.04.2019-cu il tarixdən müddətsiz 130 manat sosial müavinət təyin edilmişdir. - DSMF Publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının 06.09.2021-ci il tarixli **********4 nömrəli «Tələbin icraya yönəldilməsi haqqında» qərardan görünür ki, İddiaçı (FİN:xxxxxxx) qızı tərəfindən 4945.60 manat vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının bank hesabına ödənilməsi qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 13.02.2020-ci il tarixli qərarı ilə İddiaçı yaşa görə 18.11.17-ci il tarixdən 01.03.2018-ci il tarixədək 66 manat, 01.03.2018-ci il tarixdən 01.04.2019-cu il tarixədək 73 manat, 01.04.2019-cu il tarixdən müddətsiz 130 manat sosial müavinət təyin edilmişdir. DSMF Publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının 06.09.2021-ci il tarixli qərar ilə İddiaçı tərəfindən 4945.60 manat vəsaitin tələbkarın bank hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. -9.1.1-ci maddəsinə əsasən yaşa görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən ömürlük təyin edilir. -10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında əsasnamənin 3.1.34-cü bəndində göstərilmişdir ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən sosial müavinətlərin, kompensasiyaların, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün qanunvericiliyə uyğun olaraq təyin edilməsi və ödənilməsini təmin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına tibb, sosialməişət xidməti, sanatoriya-kurort müalicəsi, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri ilə təmin olunması üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək Nazirliyin vəzifələridir. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya yaşa görə sosial müavinət cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhəri Kəpəz rayon şöbəsi) tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək iddiaçıya sosial müavinət təyin edilmiş və bundan sonra ona müvafiq ödəniş edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, müavinətlərin təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, müavinət almaq hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və müavinətlərin məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericilik qanunsuz əlverişli inzibati akta etimadın qanunla qorunması və ya ləğv edilməsi şərtlərini konkret müəyyən etmişdir. Hazırki halda müavinətin təyin edilməsi barədə inzibati akt qüvvədədir və həmin qərar əsasında ödənilmiş məbləğin qaytarılması üçün hüquqi əsas yoxdur. Başqa sözlə iddiaçı həssas sosial qrupa aid olduğundan və ona ödənilmiş müavinəti qaytarmaq iqtidarında olmadığından, eyni zamanda müvainət təyin edilməsi üçün Qanunun 67.6-cı maddəsində nəzərdə tutulan hallara şərait yaratmasını güman etmək üçün əsaslar olmadığından sözügedən qərara münasibətdə etimad hüququ qanunla qorunmalıdır. Belə ki, iddiaçı 01.01.2020-ci il tarixdən işsizdir və yaşa görə sosial müavinət almaq hüququ yarandıqdan sonra, yəni 13.02.2020-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən isə həmin tarixdə, lakin 18.11.2017-ci il tarixdən müvafiq müavinət təyin edilmişdir. İnziabti orqanın müavinəti məhz həmin tarixdən təyin etməsində iddiaçının hər hansı təqsirli hərəkəti olmamış, inzibati orqan bununla bağlı heç bir dəlil və sübut təqdim etməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” 06.09.2021-ci il tarixli **********4 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” 06.09.2021-ci il tarixli **********4 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar