Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2113/2022 29.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydinə düzəliş edilərək adının “Günay” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuş və doğum akt qeydində adı “Günel” kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədə, iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsində, habelə digər hüquq müəyyənedici sənədlərdə adı “Günay” kimi qeyd edilmişdir. İddiaçının doğum akt qeydində adının səhv yazılması onun hüquqlarından istifadə etməsinə imkan vermir. Doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştiraklarını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı “Günay” kimi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Xİİİ-ЖГ 323375 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuş, ad qrafasında “Günay” qeyd olunmuşdur. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.1988-ci il tarixli 194 nömrəli doğum akt qeydindən görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdə anadan olmuş, adı “Günel” kimi qeyd olunmuşdur. -təsdiq edilmiş surəti işə əlavə edilmiş “Peşə təhsili haqqında” A 121974 nömrəli diplomdan görünür ki, iddiaçının soyad, ad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş “Tam orta təhsil haqqında” E 176683 nömrəli attestatdan görünür ki, iddiaçının soyad, ad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş AZE C02914625 nömrəli pasportdan görünür ki, iddiaçının soyad, ad və ata adı “İddiaçı” kimi qeyd edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/Q-148 nömrəli məktubundan görünür ki, İddiaçı doğum akt qeydində adına dəyişiklik edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının doğum haqqında akt qeydi ilə ona məxsus rəsmi sənədlərdə adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, doğum akt qeydində onun adı “Günel” kimi qeyd edilsə də bundan sonra verilmiş sənədlərdə (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, diplom, attestat və pasport) adı “Günay” kimi qeyd edilmişdir. İddiaçı doğum akt qeydinə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” və “vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallar kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Məhkəmə sadalanan normalara əsasən qeyd edir ki, doğum akt qeydi ilkin sənəddir və həmin sənəddə düzəliş etmək üçün hazırkı iş üzrə əsas yoxdur. Bu səbəbdən də iddiaçının doğum haqqında akt qeydinə düzəliş edilərək adının “Günay” kimi qeyd edilməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2113/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2113/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver