Məhkəmə qərarları › İş №2-1(114)-2115/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2115/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2115/2022 15.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət qulluğu pensiyasının təyin olunması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı dövvət qulluğunda olmanın yaş həddinə uyğun olaraq xx.xx.2021-ci ildə ərizəsi əsasında Bərdə Dövlət X1 tutduğu vəzifəsindən azad olunmuşdur. Dövlət qulluğu pensiyası ilə bağlı sənədlərini Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərmiş, lakin 20 il dövlət qulluğu stajı olduğu halda Xüsusi Şərtlərlə Təyinat İdarəsində onun 13 il 8 ay 15 gün dövlət qulluğu stajı olduğu göstərilərək dövlət qulluğu pensiyası təyinatına etiraz verilmişdir. Hansıki staja görə son işlədiyi X1 hər ay ona əlavə əmək haqqı hesablanmışdır. Onun əmək fəaliyyəti əsasən keçmiş sovetlər dövrü ilə əlaqəli olduğundan bu işin araşdırılması mütəxəssisin peşəkarlıq səviyyəsindən asılı olmaqla dəqiq müəyyənləşdirmə aparılmasını, o dövrdə mövcud olan idarələrin fəaliyyətinin qiymətləndirilməsini tələb edir. Təqdim etdyi əmək kitabçası bu idarədə işi araşdıran mütəxəssisin səriştəsizliyindənmi yoxsa təcrübəsizliyindənmi lazımi qaydada araşdırılmamışdır. Onun xx.xx.1978-ci ildən xx.xx.1982-ci ilə dək olan 3 il 3 ay dövlət qulluğu stajı nəzərə alınmamışdır. O 26 sentyabr 1978-ci ildə təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Аqrar İstehsalat idarəsinə göndərilmiş orada aqronom olaraq fəaliyyətə başlayaraq 1982-ci ilədək aqronom, böyük aqronom vəzifələrində çalışmışdır. 01.1982-ci ildə X4 idarəsinin bazasında Bərdə X6 yaradılmışdır. Əmrə əsasən o tutduğu vəzifəni bu idarədə davam etdirmişdir. Mütəxəssis onun həmin idarədəki 3 il 3 ay stajını dövlət qulluğu kimi nəzərə almalı idi. Bu səbəbdən o bu işi araşdıran mütəxəssisin işini qeyri-qanuni hesab edir. X6 yaradılmaqla sadəcə ad dəyişilmiş məzmun dəyişməmişdir. O, Aqrar istehsalat idarəsində hansı işi görmüşsə X3 də həmin işi davam etdirmişdir. Necə ola bilər ki, mütəxəssis X3 işlədiyi işi dövət qulluğu hesab edir, Aqrar İstehsalat idarəsində işlədiyi işi dövlət qulluğu hesab etmir. Mütəxəssisin bu hərəkəti şablon olmaqla qarşısındakının insan olduğunu özü də yaşlı bir insan olduğunu unutmaqla onun haqqını tapdalamaqla idarənin mənafeyini qoruduğunu düşünür. Buna haqsızlıq, ədalətsizlik və süründürməçilikdən başqa heç bir ad vermək olmaz. Mütəxəssisə aydın deyil ki, istər o dövr olsun istər indiki dövr Kənd Təsərrüfatı Nazirliyinin yerli kənd təsərrüfatı idarələrində işləyən işçilər dövlət qulluqçusu sayılır. O dövrdə Aqrar İstehsalat İdarəsi adlanırdı indi isə X5. Bu işlə bağlı müraciətlərinə konkret olaraq standart cavab verməklə kifayətlənirlər. Halbuki əllərində əsas gətirdikləri sənədi yaxşı mənimsəsələr, dərk etsələr iddiasının əsaslı olduğunu anlayarlar. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin vəkili X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən inzibati və yardımçı vəzifələrinin təsnifat toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin inzibati və yardımçı vəzifələrinin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin heablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ili oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışımış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına əsasən həyata keçirilir. İddiaçının xx.xx.1978-xx.xx.1982-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin X4 idarəsində işlədiyi aqronom və digər vəzifələr yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulmamışdır. İddiaçı işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsinin iştirakının təmin etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş iddiaya etirazda qeyd edilmişdir ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan onun dövlət qulluğu stajı cəmi 13 il 8 ay 11 gün (xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1988xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1994-xx.xx.1999, xx.xx.2018-xx.xx.2021) təşkil edir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-3107 nömrəli məktubunda qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. “Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının strukturunun təsdiqlənməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 6 mart 1980-ci il tarixli 99 nömrəli Qərarına Əlavədə həmin Nazirliyin mərkəzi aparatının strukturu müəyyən edilmişdir. X4 İdarəsi Nazirliyin mərkəzi aparatının strukturunda nəzərdə tutulmamışdır. Eyni zamanda Siyahının 1.18-ci bəndində rayon aqrar-sənaye birliklərinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, rayon aqrar istehsalat idarələrində mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı 1978-1981-ci illərdə X4 İdarəsində aqronom və böyük aqronom vəzifələrində işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdə X4 idarəsi üzrə həmin tarixdən pambıqçılıq üzrə aqronom vəzifəsinə təyin edilmiş, xx.xx.1979-cu il tarixdən etibarən böyük aqronom vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci il tarixdə X4 idarəsi bazasında Bərdə X6 yaradıldığı üçün həmin tarixdən Birliyin böyük aqronomu vəzifəsinə təyin edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının dövlət qulluğu stajının 15 ildən az təşkil etdiyinə görə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: -17.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. -23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: -20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; -20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. -20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir Məhkəmə qeyd olunan normaları nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında iddiaçının işlədiyi X4 İdarəsində aqronom və böyük aqronom vəzifələri nəzərdə tutulmadığından və həmin dövrün dövlət qulluğu stajı kimi nəzərə alınması sözügedən siyahıda göstərilməsi ilə şərtləndirildiyindən iddiaçının xx.xx.1978-xx.xx.1982-ci illərdə X4 İdarəsində işlədiyi illər dövlət qulluğu stajı kimi nəzərə alınmamalıdır. Beləliklə cavabdeh orqanın dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar