Məhkəmə qərarları › İş №2-1(114)-2116/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2116/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2116/2022 28.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı oğlunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi barədə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu ildə infarkt keçirmiş, xəstəliyi ilə əlaqədar ona 2-ci qrup əlilik verilmişdir. İllər keçdikcə xəstəliyi ağırlaşdığına görə 28.11.19-xx.xx.2019-cu il, 14.03.20-25.03.20-ci il, 08.02.21-15.02.21-ci il və 28.06.21-02.07.21-ci il tarixlərdə Gəncəşəhər Kardioloji xəstəxanasında müalicə almış, onun əsas diaqnozum "AÜQ.Pulmonar stenoz (QUİ) ÜİX. Gərginlik stenokardiyası İİİ f.s. İnfarktdan sonrakı kardioskleroz… Aorta və tac damarların xterosklerozu"dur. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir. 2021-ci ilin aprel ayından təqaüdü kəsildiyi üçün iddiaçı Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına, Azərbaycan Respublikası ƏƏSM Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası imtina etdiyinə görə Bakı İnzibati Məhkəmisinə müraciət etmiş, məhkəmə baxışı zamanı cavabdeh orqan iddianı qəbul etmiş, buna görə işin baxılmasına xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən onun əlilliyi bərpa olunmuşdur. 13 iyun 2022-ci il tarixdə iddiaçı cavabdehə müraciət edərək, pensiyasının kəsildiyi xx.xx.2021-ci ildən əlilliyi bərpa olunanadək ötən dövr, yəni 7 ay üçün ona pensiyanın ödənilməsini tələb etmiş, lakin cavabdeh ona 30 iyun 2022-ci il tarixdə göndərdiyi sms vasitəsilə imtina edərək (hətta ikinci imtinadan bir necə saniyə əvvəl göndərilmiş birinci imtinada əlilliyimin bərpa edilməsi tarixi xx.xx.2021-ci il tarixi kimi göstərilmişdir) xx.xx.2021-ci il tarixdən ötən dövrün pensiyasının ödənilməsinin qanunvericiliklə mümkün olmamasını qeyd etmiş, lakin hər hansı qanuna istinad etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçı pensiyasının kəsildiyi vaxtdan 3 dəfə TSEK-ə müraciət etmişdir. Əlilliyinin gec bərpa olunması iddiaçının deyil dövlət orqanının səhvidir. Hər bir halda onun əlilliyin bərpa olunub, buna görə o, müraciət etdiyi, lakin pensiya almadığı dövr üçün pensiyanı almalıdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin may ayında imtina verildikdən sonra Kardiologiya İnstitutunda müayinə olunmuş və 10 gün Gəncə Kardiologiya xəstəxanasında müalicə almışdır və nəticəni Reabilitasiya Agentliyinə göndərmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemində iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdən bərpa olunduğu üçün pensiya həmin tarixdən bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının əlillik müddətinin bitdiyi tarixdən (xx.xx.2021-ci il tarixdən) əlilliyinin bərpa olunduğu tarixədək (xx.xx.2021-ci il tarixədək) 6 aydan çox müddət keçdiyi üçün ötən dövr üzrə pensiya ödənişinin bərpa edilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli göndərişlərdən görünür ki, 2 nömrəli şəhər poliklinikası və X3 adına Xəstəxananın poliklinika şöbəsi tərəfindən İddiaçı dair göndərişlər Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. -surəti işə əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli, xxxxxxx0009 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli qərarından görünür ki, İddiaçı ötən dövrün pensiyasının ödənilməsinin qanunvericiliklə mümkün olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əliliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli göndərişlərdən görünür ki, bütün müayinələrin nəticəsində iddiaçıya eyni diaqnoz qoyulmuşdur və həmin diaqnozlar Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli və xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə müəyyən edilmiş meyarlara əsasən əlilliyin təyinatına əsas verirdi. Buna baxmayaraq, komissiya hər dəfə əlavə müalicəyə ehtiyac olması əsası ilə əlillik təyinatından imtina etmişdir. Göndərişlərdən də göründüyü kimi, ilkin, yəni xx.xx.2021-ci il tarixli göndərişdə qeyd olunan diaqnozla xx.xx.2022-ci il tarixdə əlillik təyinatına əsas olmuş diaqnoz eynilik təşkil edir. Bu hal o qənaətə gəlməyə əsas verir ki, komissiya qəsdən və səhlənkarlıq edərək iddiaçının əlillik təynatını ləngitmiş və 6 aylıq müddətin ötürülməsinə zəmin yaratmışdır. Məhkəmə gəldiyi qənaəti həm də onunla əsaslandırır ki, iddiaçının əlillik dərəcəsinin müddəti bitsə də növbəti təyinat zamamı onun yenidən əlil kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, növbəti əlillik dərəcəsinin verilmə anınadək iddiaçı əvvəkli fizioloji durumda (əlil) olmuş, yalnız bu durumun formal olaraq dəyərləndirilməsi zərurəti yaranmış, dəyərləndirmənin gecikməsi isə iddiaçının səhlənkarlığı ucbatından deyil, başqa faktorlardan asılı olmuşdur. Qeyd olunan hal iddiaçının pensiya təminatı ilə bağlı hüquqlarını məhdudlaşdırmamalıdır. Həmçinin qeyd edilməlidir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və hazırki iş üzrə cavabdeh eyni mərkəzə (nazirliyə) tabe olan qurumlar olduğundan Ağentliyin qüsuru nəticəsində yaranmış öhdəliyin pensiya və müavinət ödənişlərinin həyata keçirilməsi səlahiyyəti baxımından nazirliyin digər tabe qurumu tərəfindən aradan qaldırılması, yəni ödənilməli məbləğin hazırki cavabdehə həvalə edilməsi qanunamüvafiqdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar