Məhkəmə qərarları › İş №2-1(114)-2119/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2119/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2119/2022 28.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət edərək, Bərdə rayon Şəhriyar və G.Əsədov adına kolxozda işlədiyi (AİM) 1974-1997-ci illərin sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, 1974-1997-ci illərdə Bərdə rayon Şəhriyar və G.Əsədov adına kolxozda (АİМ) işləmiş, həmin iş illərinin yaşa görə pensiyaya çıxmağı ilə əlaqədar sığorta stajına hesablanması üçün Bərdə regional “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət etmiş, işinə cavabdeh tərəfindən baxılmış, lakin imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bərdə rayon Dövlət Arxivinin arayışının surətinə və hərbi xidmət haqqında arayışa əsasən iddiaçının sığorta stajı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla 21 il təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli **********9 nömrəli etirazda bildirilmişdir ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta staiı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı 1975-1977-ci illərdə hərbi xidmətdə olduğunu, 1974-1997-ci illərdə Bərdə rayon Şəhriyar və G.Əsədov adına kolxozda işlədiyini iddia edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bərdə Rayon Dövlət Arxivinin Arayışının surətinə və hərbi xidmət haqqında arayışa əsasən əsasən İddiaçı ümumilikdə sosial sığorta stalı 21 il təşkil edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mahiyyətindən də məlum olur ki, iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin tələblərinə əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün 2 əsas şərt tələb olunur: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür və o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmışdır. Mübahisə edilən məsələ iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərincə sosial sığorta stajına malik olmaması ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının 1974-cü ildən 1997-ci ilədək olan 21 il sığorta stajı qəbul edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bərdə rayon Dövlət Arxivinin arayışının surətindən də görünür ki, iddiaçının Şəhriyar və G.Əsədov adına kolxozdakı iş stajı 19 il 3 aydır. Cavabdeh iddiaçının hərbi xidmətdə olduğu dövrü də həmin müddətə əlavə edərək ümumilikdə 21 il stajı olduğunu bildirmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı toplamadığı üçün belə qənaətə gəlinir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, hər bir iddia tələbininin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə hazırki iş üzrə iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar