Məhkəmə qərarları › İş №2-1(114)-212/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-212/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-212/2021 16.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkil) X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Mehdi oğlunun cavabdeh Şəmkir rayon Ağlavaşlı bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli 12 saylı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Mehdi oğlu (bundan sonar mətndə iddiaçı) cavabdeh Şəmkir rayon Ağlavaşlı bələdiyyəsinə (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 12 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Qasım İsmayılov (hazırki Ağlavaşlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə həmin bələdiyyənin örüş torpaq sahəsindən icarə müqaviləsi əsasında 99 il müddətinə 71 ha torpaq sahəsi onun icarəsinə verilmiş və həmin qərar əsasında ona torpaqdan müvəqqəti istifadə hüququna dair JN-6516 (kod 50408018) nömrəli şəhadətnamə verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuş və icarə haqqını vaxtı-vaxtında ödəmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan xəbərsiz birtərəfli qaydada hər-hansı bir səbəb göstərmədən icarə müqaviləsini ləğv etməsi barədə qərar qəbul etmişdir. Ona görə də cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, icarə müqaviləsinin müddəti bitdiyinə görə həmin müqavilə ləğv olunmuşdur. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini Şəmkir rayon Ağlavaşlı (Qasım İsmayılov) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı iclas protokolundan çıxarış, xx.xx.2004-cü il tarixli torpaq icarəsi müqaviləsi, torpaqdan müvəqqəti istifadə hüququna dair JN-6516 (kod 50408018) nömrəli şəhadətnamə, Şəmkir rayon Ağlavaşlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 12 saylı iclas protokolundan çıxarış, Şəmkir Regional Ədliyyə İdarəsinin xx.xx.2020ci il tarixli 08/kol-587 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edirki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, həmçinin iddia müddəti buraxılmamışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Göründüyü kimi iddiaçının tələbi Şəmkir rayon Ağlavaşlı bələdiyyəsinin xx.xx.2020ci il tarixli 12 saylı qərarının ləğv edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Ağlavaşlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli iclasının 11 nömrəli protokolundan çıxarışdan görünür ki, Ağlavaşlı bələdiyyəsinin 71 ha ümumi istifadədə olan örüş torpaq sahəsi 99 il müddətinə İddiaçı Mehdi oğluna icarəyə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli torpaq icarə müqaviləsindən görünür ki, Şəmkir rayon Q.İsmayılov bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə 71 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istifadə etmək üçün 99 il müddətinə iddiaçıya icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, Şəmkir rayon Q.İsmayılov bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə Şəmkir rayonu Qasım İsmayılov bələdiyyəsinin örüş torpaq sahəsi heyvandarlığın inkişafı və kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə 71 ha örüş sahəsi müvəqqəti istifadə üçün X4 verilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 08/kol-587 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu Ağlavaşlı kənd sakinləri X3 və digərlərinin Şəmkir rayon İcra Hakimiyyətindən daxil olmuş müraciətləri araşdırılarkən müəyyən olunmuşdur ki, Ağlavaşlı (Qasım İsmayılov) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid 71 ha örüş torpaq sahəsi X4 99 il müddətinə icarəyə ayrılmış, bunun əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Lətif Mehdiyevin adına JN-6516 nömrəli şəhadətnamə verilmiş, lakin qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Təklif edilmişdir ki, hazırki təklif 5 gün müddətindən gec olmayaraq bələdiyyə iclasında müzakirə edilsin və bələdiyyə qərarında icarə müddəti qanuna uyğun dəyişdirilərək icarə müqaviləsinə xitam verilsin, 71 ha örüş torpaq sahəsi bələdiyyə sahibliyinə qaytarılsın. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Ağlavaşlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli iclasının 12 nömrəli protokolundan görünür ki, Ağlavaşlı (Qasım İsmayılov) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 11 saylı qərarı ilə icarəyə verilmiş bələdiyyə mülkiyyətinə aid olan 71 ha örüş torpaq sahəsinin icarə müqaviləsi ləğv edilərək bələdiyyə sahibliyinə qaytarılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinin tələbinə görə ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. - Torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir (Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 3-cü abzası). «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Həmin Qanunun 15-ci maddəsinə görə Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanununun:- - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.6.3-cü maddəsinə əsasən inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində icarə hüququnun ona məxsus olan hüquq müəyyənedici sənədlərə əsasən müddətinin bitməməsi barədə dəlilləri əsassızdır. Belə ki, qeyd olunan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinin tələbinə görə sözügedən müqavilənin müddəti 15 ildən artıq ola bilməzdi. Torpaq icarəsi haqqında Qanunun 13-cü maddəsi isə torpaq icarəsi müqaviləsinin qanunvericiliklə müəyyən olunmuş qaydada bağlanmasını tələb edir. Bundan əlavə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, xx.xx.2004-cü il tarixli 11 saylı qərar əsasında icarə müqaviləsi bağlanan zaman həmin bələdiyyənin sədri iddiaçının qardaşı X5 olmuş və hal-hazırda da o, həmin bələdiyyənin sədri vəzifəsində işləyir. İşin belə vəziyyətində iddiaçının bələdiyyənin xx.xx.2004-cü il tarixli 11 saylı qərarının müddətlə bağlı hissəsinin qanunsuz olduğunu bilməməsi barədə dəlilləri inandırıcı görünmür. Odur ki, onun etimad hüququ qoruna bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəmkir rayonu Ağlavaşlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarı əsaslı olmuşdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Mehdi oğlunun cavabdeh Şəmkir rayon Ağlavaşlı bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli 12 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar