Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-212/2022 24.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh başçısının Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı cavabdeh tərəfindən maneə törədilməsinin qanunsuz hesab edilməsi və gələcəkdə bu cür hərəkətlərin edilməsinin cavabdehə qadağan olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə iddiaçılar) Cavabdeh başçısının Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sahiblik və istifadəsində olan 20 hektar torpaq sahəsində aparılan təsərrüfat işlərinə cavabdeh tərəfindən maneə törədilməsinin qanunsuz hesab edilməsi və gələcəkdə bu cür qanunsuz hərəkələrin edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “X4 Təsərrüfatı” MMC-nin sahiblik və istifadəsində Ağdam rayonu, Əfətli kəndində Kökəltmə Birliyinin ərazisindən Cavabdeh başçısının 01 nömrəli, 08.01.2014-cü il tarixli sərəncamı ilə ayrılmış 20 hektar torpaq sahəsi vardır. 08.01.2014-cü il tarixdə Cavabdeh ilə iddiaçı arasında həmin torpaq sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. İddiaçının istifadəsində olan həmin torpaq sahəsində bir müddət öncə təsərrüfat işləri aparılan zaman həmin əraziyə cavabdehin nümayəndəsi gəlmiş və təsərrüfat işlərinin dayandırlmasını tələb etmişdir. Həmin torpaq sahəsində təsərrüfat işlərinin aparılmasına cavabdeh tərəfindən maneə törədilir, həmin torpaq sahəsində digər şəxslər tərəfindən qanunsuz, heç hir əsas olmadan təsərrüfat işləri aparılır. Həmin torpaq sahəsi “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni əsaslarla sahibliyində və istifadəsində olduğundan cavabdehin maneə törətməsi qanunsuz hesab edilməli və gələcəkdə bu cür hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini Cavabdeh başçısının 08.01.2014-cü il tarixli, 01 nömrəli sərəncamı; 08.01.2014-cü il tarixli, 28 nömrəli Torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə; “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin qeydiyyatı barədə 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş, ********** Dövlət qeydiyyat nömrəli çıxarış; DT və XK-nın Ağdam şöbəsi tərəfindən verilən, Cavabdeh başçısı tərəfindən təsdiq edilən iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu planı; cavabdehin iddiaçıya ünvanladığı 38 nömrəli, 30.09.2021-ci il tarixli məktub təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. İşdə olan, Cavabdeh başçısının 08.01.2014-cü il tarixli, 01 nömrəli Sərəncamından görünür ki, “X4 Təsərrüfatı” MMC-yə Kökəltmə Birliyi ərazisindən 20 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Bu sərəncam əsasında icarədar Cavabdeh başçısı ilə icarəçi “X4 Təsərrüfatı” MMC arasında 08.01.2014-cü il tarixli, 28 nömrəli müqavilə bağlanmışdır. İcarə verilmiş sahə DT və XK-nın Ağdam şöbəsi tərəfindən verilən, Cavabdeh başçısı tərəfindən təsdiq edilən yerquruluşu planında göstərilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan torpaq sahə torpaq qanunvericiliyinin tələblərinə əsasən iddiaçının icarəsinə verilmişdir. Lakin torpaq sahəsindən istifadə edilməsinə Cavabdeh Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən maneə törədilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 38 nömrəli, 30.09.2021-ci il tarixli məktubunda sözügedən ərazinin İkinci Qarabağ müharibəsinə qədər N saylı hərbi hissənin ərazisi olduğunu, bu səbəbdən də çirklənmiş ərazi olduğu üçün əkin üçün müvəqqəti olaraq qadağan edildiyini bildirmişdir. Lakin bu arqumentlə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: Maddə 158.1.1. girov hüququ; Maddə 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.1.3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsində göstərilmişdir ki, İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh orqanın qanunsuz müdaxiləsi nəticəsində iddiaçının həmin torpaq sahələrindən istifadəsi ilə bağlı maneələr yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: Maddə 2.2.4. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) iddialara baxılır. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 68. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh başçısının Əfətli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə iddiaçı “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahiblik və istifadəsində olan 20 hektar torpaq sahəsində aparılan təsərrüfat işlərinə cavabdeh tərəfindən maneə törədilməsi qanunsuz hesab edilsin və gələcəkdə bu cür qanunsuz hərəkələrin edilməsi cavabdehə qadağan edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-212/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-212/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver