Məhkəmə qərarları › İş №2-1(114)-2120/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2120/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2120/2022 28.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X7 Texnikumunda “zootexnik” ixtisası üzrə 1973-cü ildən 1980-cı il tarixədək əyani təhsil aldığından ona xx.xx.1980-ci il tarixdən, xx.xx.2004-cü il tarixə kimi işlədiyi illərin sosial sığorta stajına hesablanaraq əmək pensiyasına əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-1980-ci illərdə X7 Texnikumunda “zootexnik” ixtisası üzrə əyani təhsil almış, bundan sonra əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı ərizə verərək, 1973-cü il tarixdən 1980-cı il tarixədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2022-ci il tarixli qərardadla iddia dəyişdirilmişdir. İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, 1973-1980-ci illərdə əyani təhsil almışdır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta staiına uyğun olaraq 17.210,08 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı ümumilikdə 22 il 07 ay 09 gün təşkil edir: 1) Hərbi biletə və SHXÇDX-nin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 352 nömrəli arayışına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet ordusunda hərbi xidmət keçdiyi 02 il 07 gün; 2) Əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək “Əyricə cins qrqovul və turac yetişdirmə məntəqəsi”ndə operator vəzifəsində işlədiyi 03 il 04 ay 21 gün; 3) xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək həmin müəssisədə zootexnik vəzifəsində işlədiyi 01 il 10 ay 21 gün; 4) xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək Bərdə rayonu Kələntərli kənd Sovetliyində hesabdar vəzifəsində işlədiyi 09 il 04 ay 29 gün; 5) Kapital Ban ASC-nin Bərdə rayon filialının xx.xx.2021-ci il tarixli 140 nömrəli arayışına əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankı”nda xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək nəzarətçi operator vəzifəsində işlədiyi 05 il 10 ay 21 gün. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 04 il 05 ay 21 gün təşkil edir: 1) 595081 nömrəli diploma əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1980-ci il tarixədək X7 Texnikumunda təhsil aldığı 04 il 05 ay 21 gün. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1980-ci il tarixədək X7 Texnikumunda əyani təhsil aldığını iddia etsə də, onun əyani təhsil alması ilə əlaqədar heç bir sənəd aşkar edilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş BT 595081 nömrəli diplomdan görünür ki, iddiaçı 1973-cü il tarixdən xx.xx.1980-cı il tarixinədək X7 Texnikumunda «zootexnik» ixtisası üzrə tam kursu bitirmişdir. -işə əlavə edilmiş Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin xx.xx.2022-ci il tarixli, 311 nömrəli məktubda bildirilir ki, X7 Texnikumu Təhsil Nazirliyinin xx.xx.2002-ci il tarixli, 871 nömrəli əmri ilə X4 birləşdirilmiş, iddiaçının təhsil aldığı illər üzrə X7 Texnikumuna aid olan arxiv sənədləri Şuşa şəhərinin işğal zamanı məhv edildiyi üçün onun əyani təhsil alması haqqında heç bir məlumat verilməsi mümkün olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh orqan iddiaçının qiyabi təhsil almasını əsas gətirərək, həmin dövrü sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Həmçinin məhkəmə tələbin “təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. İddiaçının 1973-1980-ci illərdə X7 Texnikumunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Cavabdeh iddiaçının sözügedən təhsil müddətini qiyabi olması səbəbindən sosial sığorta stajına daxil etməkdən imtina etmiş, lakin iddiaçının təhsilinin qiyabi olması ilə bağlı cavabdehin dəlilləri müvafiq sübut olmadığından əsaslı hesab edilə bilməz. Bir halda ki, iddiaçının əyani yaxud qiyabi təhsil alması ilə bağlı sübut yoxdur, bu hal iddiaçının xeyrinə şərh edilməlidir. Cavabdeh iddiaçının mübahisələndirilməyən sığorta stajını 22 il 07 ay 09 gün olduğunu qəbul etmişdir. Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə iddiaçının təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsini məqsədə müvafiq hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1973-1980-ci illərdə X7 Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar