Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2120/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə qarşı dəyəri ödənilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin satılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə qarşı dəyəri ödənilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin satılması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək, bələdiyyənin fond torpağından 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmasını xahiş etmişdir.
2. Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin 12 noyabr 2019-cu il tarixli 27 nömrəli protokolu ilə Ağköynək-Qarapapaq bələdiyyəsinin alğı-satqı predmeti olanhər biri 0.12 ha və ya 1200 kv.m olmaqla, beş nəfərə cəmi 0.60 ha və ya 6000 kv.m fərdi yaşayış evi tikdirmək məqsədilə torpaq sahəsinə rəy alınması üçün Qazax rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciət olunması qərara alınmışdır.
3. Qazax RİHB Memarlıq və tikinti şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli 58 saylı rəyində qeyd edilir ki, Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin 12 noyabr 2019cu il tarixli 039 saylı məktubuna Ağköynək-Qarapapaq bələdiyyəsinin ərazisində yerləşən fərdi yaşayış evlərinin tikintisi üçün 5 nəfərin hər birinə ayrılması nəzərdə tutulmuş 1200 kv.m və ya 0.12 ha olmaqla, cəmi 6000 kv.m (0.60 ha) torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması məqsədəmüvafiqdir.
4. Ağköynək-Qarapapaq bələdiyyəsinin sədri A.Məmmədov, üzvləri H.Hacıəliyev, F.Yaqubova, E.Vəliyev, E.Mansurov, N.Aslanova, R.Namazov və İddiaçı, G.Əmiraslanova, G.Əmiraslanova, U.Əmiraslanov və İ.Bayramova tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, kənd sakinləri İddiaçı, X4, X6, X3 və X5 hər biri 0.12 ha həyətyanı torpaq sahəsi almaq üçün sentyabr ayında Ağköynək-Qarapapaq bələdiyyəsinə müraciət ediblər. Bununla bağlı bələdiyyə tərəfindən xx.xx.2019-cu il tarixli 27 saylı iclas protokolu tərtib olunmuşdur və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax RİHB Memarlıq və tikinti şöbəsindən müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli 39 saylı məktubla müraciət olunmuşdur. Qazax RİHB Memarlıq və tikinti şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli 58 saylı məktubla yuxarıda adı sadalanan vətəndaşlara torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmişdir. Kadastr idarəsi tərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur. Bundan əlavə, hər bir vətəndaş 0.12 ha həyətyanı torpaq sahəsinə 1210.0 manat vəsait bələdiyyə büdcəsinə ödənilməklə, vətəndaşlara veriləcək torpaq sahəsi 40*30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları ilə kənarları bərkidilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar sənədləşmə işləri yarımçıq qalmışdır. Buna görə də yerdə qalan sənədləşmə işlərinin 2020-ci ilin yanvar ayında davam etdirilməsi məqsədəmüvafiq hesab edilir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin xx.xx.2021-ci il tarixli 08/Kol-585 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, X4, X6, X3 və X7 Ağköynək-Qarapapaq bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməmiş, eləcə də müvafiq məsələ ilə bağı vətəndaşların müraciətləri belədiyyəyə daxil olmamışdır. Həmçinin məlum olmuşdur ki, xx.xx.2019-cu il tarixdə X4 və digərləri öz təşəbbüsləri ilə torpaq sahəsinin dəyəri üçün Ağköynək- Qarapapaq bələdiyyəsinin bank hesabına cəmi 6050 (altı min əlli) manat vəsait ödəmişlər. Ağköynək-Qarapapaq bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 24 nömrəli iclas qərarı ilə sözügedən vəsaitlərin vətəndaşlara qaytarılması barədə qərar qəbul edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 53-cü maddəsinə əsasən, bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər.
6. xx.xx.2019-cu il tarixli ödəniş qəbzləri ilə müəyyən edilir ki, İddiaçı, X4, X6, X3 və X9 tərəfindən Qazax rayonu, Ağköynək kəndində yerləşən bələdiyyənin hesabına hər biri üçün 1210 maat məbləğində vəsait ödənilmişdir.
7. İddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə ərizə ilə müraciət etmiş, bələdiyyənin xx.xx.2021-ci il tarixli №181 nömrəli məktubunda cavab olaraq ona bildirilmişdir ki, o, hazırkı tələblə bağlı yazılı formada məhkəməyə müraciət etdiyindən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra baxılacaqdır.
8. Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin 27 iyul 2021-ci il tarixli 24 nömrəli protokolu ilə Ağköynək-Qarapapaq bələdiyyəsinin alğı-satqı predmetinə uyğun olaraq kənd sakinləri İddiaçı və ailə üzvlərinin adına qərar və protokolun olmadığı, vətəndaşlar öz təşəbbüsləri ilə ödədikləri ödənişləri düzgün qaydada ödəmədikləri üçün həmin ödənişin ləğv edilməsi və bələdiyyə büdcəsinə pul köçdükdə vətəndaşların bank hesab nömrələrinə köçürülərək özlərinə qaytarılması qərara alınmışdır.
9. Ağköynək-Qarapapaq bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı, X4, X6, X3 və X7 məktublar ünvanlanaraq, bələdiyyəyə öz təşəbbüsləri ilə ödədikləri pulun geri qaytarılması üçün Qazax poçt şöbəsində hesab nömrə açdırmaqla, həmin hesab nömrəsinin bələdiyyəyə təqdim edilməsi xahiş olunmuşdur.
10. Ağköynək-Qarapapaq bələdiyyəsinin sədri N.Mansurova, üzvləri A.Cəfərov, E.Vəliyev, A.Xasməmmədli, A.Yusifov, L.Yaqubova və R.Muradov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, bələdiyyənin yerquruluşu vəzifəsində işləmiş və yaşı çox olduğuna görə vəzifəsindən azad edilmiş İddiaçı işdən çıxarılmasını qəbul etməyərək şər-böhtan xarakterli məktublar yayaraq kənddə sakinlər arasında bələdiyyəni nüfuzdan salmaq məqsədilə müəyyən orqanlara şikayət məktubları yazıb. İddiaçı işlədiyi dövrdə vəzifə və öhdəliklərindən istifadə edərək bələdiyyədən 2 fərqli, hər birinin sahəsi 0.11 ha olmaqla torpaq sahəsi almağına baxmayaraq, yenidən 5 ədəd 0.12 ha torpaq sahəsini qanunsuz olaraq öz və ailə üzvləri adına sənədləşdirməyə çalışmışdır. Öz təşəbbüsü ilə bələdiyyə üzvlərinin xəbəri olmadan bələdiyyənin bank hesabına pul ödəmişdir. Həmin ödəniş qanunsuz sayılır. Çünki Ağköynək-Qarapapaq kəndlərində həyətyanı torpaq sahəsi almaq üçün növbədə olan və heç torpağı olmayan ailələr çoxdur və onlara torpaq sahəsi vermək lazımdır. İddiaçı iddia etdiyi 5 ədəd 0.12 ha torpaq sahəsini almağı da qanunsuz sayılır.
11. Məhkəmə sorğusuna Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin 24 aprel 2025-ci il tarixli №16 nömrəli cavab məktubunda bildirilmişdir ki, əvvəllər İddiaçı özü Ağköynək-Qarapapaq bələdiyyəsində yerquruluşu torpaq mühəndisi vəzifəsində işləmişdir və bələdiyyə qanunlarını bilərəkdən pozaraq vəzifəsindən sui-istifadə etmişdir. İddiaçı ilə 4 ailə üzvlərinin adından bələdiyyəyə heç bir ərizə daxil olmamışdır və Əmiraslanovun bələdiyyənin büdcəsinə özbaşına ödədiyi pul qanunauyğun deyil. Belə ki, bələdiyyə qanunlarında vətəndaşın habelə ailə üzvlərinin hər birinə 0.12 ha torpaq sahəsinin verilməsi mövcud deyil. İddiaçı və ailə üzvlərinə bələdiyyə tərəfindən məktub ünvanlanmışdır ki, bank hesab açılsın, qeyri-qanuni ödənilən pullar hesablarına qeri qaytarılsın. Lakin Əmiraslanov bələdiyyə tərəfindən ünvanlanmış məktuba da laqeyd yanaşmışdır. Əmiraslanov işlədiyi müddətdə 2 ədəd hər biri 0.11 ha olmaqla oğlu və qızına torpaq sahəsi almışdır. Hətta qızı X9 ailəlidir və Gəncə şəhərində bələdiyyəyə məlum olmayan ünvanda yaşayır. Bələdiyyə tərəfindən alqı-satqı olmuşdur, lakin çıxarış almamışdır ki, torpaq qeydiyyata düşməsin. Əmiraslanovun iddia etdiyi torpaqlar qanuna uyğun olaraq Qarabağ qazilərinə (dəyəri ödənilmədən) və digər kənd sakinlərinin mülkiyyətinə verilərək satılmışdır. İddiaçı ilə ailə üzvləri dəfələrlə məhkəmə və digər dövlət qurumlarına şikayət etmişlər və hər dəfəsində irəli sürdükləri iddialar qanunsuz sayılaraq öz əksini tapmamışdır. Bələdiyyə orqanları tərəfindən satılan və yaxud vətəndaşın mülkiyyətinə verilən hər hansı bir torpaq sahəsi birinci növbədə bələdiyyə üzvləri ilə iclas keçirərək vətəndaşın ərizəsi müzakirəyə qoyulur, protokol tərtib olunaraq rəsmi şəkildə Şəmkir Regional Ədliyyə İdarəsinə göndərilir. Sonra torpaq sahəsi təyin olunaraq Daşınmaz Əmlakda bələdiyyə öz hüququnu tanıdaraq bələdiyyə adına cıxarışlar alınır, təkrar iclas çağırılaraq kənd sakinlərinin ərizələri yenidən müzakirə olunaraq torpaqlara hər bir sotunun qiyməti müəyyənləşərək kənd sakinlərinə ayrı ayrılıqda satılan torpaq sahəsinin miqdarı və qiyməti təyin olunaraq iclas qərarı çıxarılır. Adları qeyd olunan kənd sakinləri torpağa müəyyən edilmiş dövlət rüsumunu bələdiyyənin bank hesabına köçürdükdən sonra, həmin qəbzlə notoriat qaydada bələdiyyə və kənd sakini arasında alqı-satqı olur. Həmin sənədlər yenidən Regional Ədliyyə İdarəsinə göndərilir. Ondan sonra bələdiyyə kənd sakininə satılmış torpaq sahəsini ölçərək təhvil verilir. Bələdiyyədən torpaq alan hər bir kənd sakini beş il həmin kənddə qeydiyyatda olmalı və yaşamalıdır. İddiaçı və ailə üzvlərinin adına bələdiyyəyə heç bir ərizələr daxil olmamışdır. xx.xx.2019cu il tarixli 27 saylı iclas protokolu mövcuddur və təqdim olunur. xx.xx.2019-cu il tarıxli 39 saylı məktub bələdiyyədə mövcud deyil. xx.xx.2019-cu il tarixli 58 saylı rəy bələdiyyədə mövcud deyil. 2019-cu il tarixli aktlar kitabı mövcud olmadığı üçün həmin aktın hansı sənədlər əsasında hansı qaydada müəyyən edildiyi aşkar edilə bilinməmişdir. Aktda adı çəkilən bələdiyyə üzvlərindən X8 və X16 bələdiyyə üzvləridir. Həmin illərin bələdiyyədə aktlar kitabı olmadığı üçün heç bir məlumat təqdim oluna bilinmir. İddiaçı adına bələdiyyə tərəfindən naturada heç bir torpaq sahəsi ayrılmamışdır. Qazax rayonu Ağköynək- Qarapapaq bələdiyyəsinin hesabına İddiaçı və ailə üzvləri adından hər bir ad üçün 1210 (bir min iki yüz on) manat ödənilmişdir və həmin ödənişlərin qanunsuz olduğu barədə bələdiyyə tərəfindən iclas cağırılaraq protokol tərtib olunub və 27 iyul 2021-ci il tarixli 24 saylı qərar cıxarılmışdır. Bələdiyyə tərəfindən İddiaçı ilə ailə üzvlərinin hər birinə məktub ünvanlanmışdır, məktubda yazıb bildirilib ki, hər bir ailə üzvünün adına bank hesabı açılsın və qeyri-qanuni köçürülən pullar geri qaytarılsın. 27 iyul 2021-ci il tarixli 24 saylı protokol mövcuddur.
12. Məhkəmənin sorğusuna Şəmkir Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsi tərəfindən 2019-cu ilin noyabr-dekabr aylarında təqdim olunmuş iclas protokollarında İddiaçı torpaq sahəsinin ayrılması barədə qərar aşkar olunmamışdır.
13. Məhkəmənin sorğusuna Qazax rayon dövlət arxivinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsi tərəfindən İddiaçı torpaq satılması haqqında 2019-cu ilin noyabr-dekabr aylarında verilmiş hər hansı qərar rayon dövlət arxivində saxlanılmır.
14. Məhkəmənin sorğusuna Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 42 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı adına bələdiyyənin iclas protokolu, qərarı yoxdur. İddiaçının faktiki istifadəsində Ağköynək kəndi ərazisində magistral su kanalı deyilən ərazidə qızı və oğlunun adına 2 ədəd 0.11 ha torpaq sahəsi vardır. Həmin ərazidə 0.44 ha torpaq sahəsi İddiaçı tərəfindən zəbt edilmişdir. Zəbt haqqında yazılı xəbərdarlıq edilmişdir. II. Məhkəmədə icraat
15. İddiaçılar İddiaçı, X3, X9 və X6 cavabdeh Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, dəyəri ödənilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ərizələri bələdiyyə tərəfindən qəbul edilmiş, bələdiyyənin xx.xx.2019-cu il tarixli 27 saylı iclas protokolu tərtib olunmuşdur və torpaq sahəsinin ayrılması ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə müvafiq rəyin alınması üçün xx.xx.2019-cu il tarixli 39 saylı məktubla müraciət olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən isə xx.xx.2019-cu il tarixli 58 saylı məktubla onların hər birinə torpaq sahəsinin ayrılması üçün müvafiq rəy verilmişdir. Tovuz Kadastr İdarəsi tərəfindən həmin yerin ümumi kadastrı vurulmuşdur. Eləcə də bələdiyyənin razılığı ilə iddiaçılar hər biri 0,12 ha həyətyanı torpaq sahəsinə 1210 (bir min iki yüz on) manat bələdiyyə büdcəsinə ödəməklə, onların hər birinə veriləcək torpaq sahəsi 40x30 metr ölçüdə ölçülərək göstərilmiş və mərz nişanları-ağır beton dayaqlarla yerin kənarları bərkidilmişdir. Lakin (bələdiyyənin 11 dekabr 2019-cu il tarixli hamin aktında qeyd edildiyi kimi) Əmlak Məsələləri Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşməsi ilə əlaqədar sənədləşmə işləri yuxarı orqanların göstərişinə əsasən 2020-ci ilin yanvar ayına kimi müvəqqəti olaraq dayandırılmışdır. Daha sonra isə sözügedən həyətyanı torpaq sahələri ilə bağlı qərarın verilməsi Qazax rayon Ağköynək Qarapapaq bələdiyyəsinin sədri tərəfindən əngəllənmişdir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1542/2024 saylı qərardadı ilə İddiaçı dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0.12 ha olmaqla satılması tələbinə dair iş iddiaçılar X2, X1, X5 cavabdeh Qazax rayon Ağköynək- Qarapapaq bələdiyyəsinə qarşı dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0.12 ha olmaqla satılması tələbinə dair işdən ayrıca icraata ayrılması qərara alınmışdır.
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3369/2024 saylı qərarı ilə İddiaçı dəyəri ödənilmiş həyətyanı torpaq sahələrinin hər birinə 0.12 ha olmaqla satılması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-734/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3369/2024 saylı qərardadı ləğv edilməklə, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. III. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
22. İddiaçının məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
23. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının gəlməyən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir
24. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
27. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
28. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
29. İddia ərizəsinin məzmunu, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı Qazax rayon Ağköynək-Qarapapaq bələdiyyəsinin ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin ona ayrıldığını və bələdiyyənin hesabına dəyərini ödədiyini bildirərək, həmin torpaq sahəsinin ona satılması ilə bağlı qərarın verilməsini tələb edir.
30. Hansı ki, torpaq sahəsinin iddiaçıya ayrılaraq naturada bələdiyyə tərəfindən təhvil verildiyi iş materialları ilə müəyyən edilmir. Torpağının dəyərinin ödənilməsinə gəlincə isə, bu, yalnız torpaq sahəsi vətəndaşa bələdiyyənin qərarı əsasında ayrıldıqdan və alğı-satqı müqaviləsi bağlandıqdansonra bələdiyyənin müəyyən etdiyi normativ qiymətə uyğun ödənilməlidir.
31. İş materialları ilə iddiaçı tərəfindən bələdiyyənin hesabına 1210 manat pul vəsaiti ödəsə də, bələdiyyənin 27 iyul 2021-ci il tarixli 24 nömrəli protokolu ilə Ağköynək- Qarapapaq bələdiyyəsinin alğı-satqı predmetinə uyğun olaraq kənd sakinləri İddiaçı və ailə üzvlərinin adına qərar və protokolun olmadığı, vətəndaşlar öz təşəbbüsləri ilə ödədikləri ödənişləri düzgün qaydada ödəmədikləri üçün həmin ödənişin ləğv edilməsi və bələdiyyə büdcəsinə pul köçdükdə vətəndaşların bank hesab nömrələrinə köçürülərək özlərinə qaytarılması qərara alınmış və iddiaçıya xx.xx.2022-ci il tarixdə ödədikləri pulun geri qaytarılması üçün Qazax poçt şöbəsində hesab nömrə açdırmaqla, həmin hesab nömrəsinin bələdiyyəyə təqdim edilməsi barədə məktub ünvanlanmışdır.
32. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bənd 10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: 11.1. torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını; 11.2. torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını; 11.3. əvvəllər torpaq sahəsi alıb-almadığını; 11.4. ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını; 11.5. ailə üzvlərinin sayını və tərkibini; 11.6. torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü; 11.7. torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini; 11.8. daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Bənd 12. Fərdi yaşayış və bağ evlərinin tikintisinə, həyətyanı sahələrə ehtiyacı olan vətəndaşların uçotu qaydasını və şərtlərini bələdiyyələr müvafiq ərazi üzrə müəyyən edir və öz qərarları ilə təsdiq edirlər. Bələdiyyələr həmin qayda və şərtlər barədə vətəndaşlara məlumat verirlər. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Bənd 20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır. Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatı əsasında bazar qiyməti nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Bənd 24. Hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrində tikinti işlərinə başlanmazdan əvvəl tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu razılaşdırılmadan tikinti işlərinin başlanmasına (aparılmasına) yol verilmir. Bənd 25. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır.
33. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini əsaslandıra bilməmişdir. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququnun pozulması halı müəyyən edilmir.
34. Ona görə də, iddia mümkün sayılmamalıdır.
35. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva