Məhkəmə qərarları › İş №2-1(114)-2121/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2121/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2121/2021 02.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 2004-cü ildə həmin ali hərbi məktəbi “motoatıcı” ixtisası üzrə bitirmiş, Ali Hərbi Məktəbi bitirdikdən sonra 2004-2005-ci illərdə “motoatıcı” ixtisas hazırlığı kursunu keçmişdir. 11.08.2005-ci il tarixdən 27.05.2006-cı il tarixə kimi N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində, 2006-cı ilin may ayından 2009-cu ilin sentyabr ayına kimi N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsində xidmət etmişdir. 2009-cu ildə sınaq imtahanlarını verərək Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin “bölük komandiri” kursuna qəbul olunmuş, kursu bitirdikdən sonra 2009-cu ilin sentyabr ayında N nömrəli hərbi hissəyə bölük komandiri vəzifəsinə təyin edilmişdir. 2010-cu ilin oktyabr ayından 2012-ci ilin iyun ayına qədər olan dövr ərzində N nömrəli hərbi hissədə motoatıcı bölük komandiri vəzifəsində qulluq etmişdir. 2013-cü ildə N nömrəli hərbi hissədə motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmiş, 2014-cü ilin iyun ayında bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin edilmişdir. 2015-2017-ci illərdə N nömrəli hərbi hissənin bölük komandiri vəzifəsinə təyin edilmişdir. 2017-ci ilin may ayından 2019-cu ilin avqust ayına qədər N nömrəli hərbi hissənin tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmətini davam etdirmişdir. 2019-2020-ci illərdə N nömrəli hərbi hissənin tabor komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsində qulluq etmişdir. 02.06.2020-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin müavini-əməliyyat qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə xidmətini davam etdirir. 25.06.2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmət ordeni, 26.06.2019-cu ildə isə 2-ci dərəcəli qüsursuz xidmət ordeni ilə təltif edilmişdir. 17.07.2021-ci il tarixdə 20 il hərbi xidmətini başa vurduğuna görə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” bəndinə əsasən 10 ildən artıq zabit vəzifəsində qulluq etdiyinə görə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, 09.09.2021-ci il tarixdə cavab olaraq imtina məktubu təqdim edilmişdir. İddiaçı və cavabdeh orqana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. İş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilən normaların tələblərinə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci maddəsinə əsasən xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi, iddiaçının daimi qeydiyyatı Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev prospekti, 4-cü dalan, ev 6 olsa da, hərbi qulluqçu olduğundan o, hərbi hissənin ünvanına müvəqqəti qeydiyyata alınmışdır. Ona görə də, hazırkı iddia üzrə inzibati işin ərazi aidiyyəti İPM-in 8.1.3-cü maddəsinə əsasən həll edilməli və iş aidiyyəti üzrə baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə hərbi qulluqçu olan İddiaçı arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı olduğundan və iddiaçının hərbi xidməti ilə əlaqədar müvəqqəti qeydiyyata alındığı hərbi hissənin yerləşdiyi ərazi Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə inzibati aktın qəbul edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam ödənilməsi tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar