Məhkəmə qərarları › İş №2-1(114)-2122/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2122/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2122/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1958-ci il tarixdə Ermənistan, Alaverdi rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının “X2” adlı övladı xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 598 nömrə ilə qeyd aparılmışdır. İddiaçı sonuncu işlədiyi müəssisədə - Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun xx.xx.1995-ci il tarixli, 73 nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək uşağın 1.5 yaşınadək qismən ödənilən analıq məzuniyyətinə buraxılmış, xx.xx.1996-cı il tarixli, 68 nömrəli əmrlə uşağın 3 yaşı olanadək xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək analıq məzuniyyəti verilmişdir. İddiaçı 1998-ci ilin avqust, oktyabr-dekabr ayları üzrə (04 ay), 1999-cu ilin may-iyun, sentyabr-dekabr ayları üzrə (06 ay), 2000-2001-ci illlər üzrə (02 il) və 2002-ci ilin yanvar ayı üzrə (01 ay) əmək haqqı almışdır. Bununla yanaşı, iddiaçıya xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən işsizlik müavinəti ödənilmişdir. İddiaçıya ilk dəfə xx.xx.2006-cı il tarixdə TSEK-də ilkin müayinə zamanı tərəfindən xx.xx.2007-ci il tarixədək İİİ dərəcə əlillik təyin edilmiş, daha sonrakı müayinələr zamanı iddiaçıya İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdə əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət etmiş, sonuncunun xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçıya xx.xx.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya növünün dəyişdirilərək yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət etmişdir. Sonuncu iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubunda bildirmişdir ki, əmək kitabçasında 25 il 9 ay əmək stajı qeyd olunmasına baxmayaraq, təqdim edilən arxiv arayışına əsasən iddiaçının 24 il 10 ay əmək stajı olduğu müəyyən edildi. İddiaçının ikinci uşağı xx.xx.1995-ci ildə anadan olub və onun 3 yaşı xx.xx.1998-ci ildə tamam olduğu halda iddiaçıya əmək haqqı 1998-ci ilin avqust ayından yazılmışdır. Bundan əlavə arxiv tərəfindən əmək haqqı arayışına əsasən iddiaçıya 1998-1999-cu illərdə 7 ay əmək haqqı yazılmadığı qeyd olunmuşdur. Tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 30,30 manat və 30,30 manat, xx.xx.2022-ci il tarixdə 77,85 manat, xx.xx.2022-ci il tarixdə 67,50 manat, xx.xx.2022-ci il tarixdə 67,50 manat, xx.xx.2022-ci il tarixdə 67,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) müraciət edərək pensiya növünün dəyişdirilərək əlillikdən yaşa görə keçirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1.-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2006-cı il tarixindən İl dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixində əlilliyin müddəti bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 23 il 6 ay 29 gün təşkil edir. Sözügedən Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Təqdim etdiyi diplomun və əmək kitabçasının surətlərinə əsasən təhsil dövrü əmək fəaliyyəti dövr ilə üst-üstə düşdüyü üçün təhsil dövrü sığorta stajınıza daxil edilməmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2022-ci il tarixli arayışına əsasən 1997-ci ildən 2002-ci ilədək 2 il 11 ay (əmək haqqı hesablandığı aylar) sığorta stajına daxil edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İddiaçı xx.xx.2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında göstərilmiş işlədiyi bütün müddətlərin sosial sığorta stajına daxil edilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********1 nömrəli etirazında bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı xx.xx.2022-ci il tarixdə Fonda müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının ümumilikdə 23 il 9 ay faktiki sığorta stajı hesablanmış və bu da qanunvericiliklə pensiya təminatı üçün müəyyən olunmuş 25 il sığorta stajından azdır. Eyni zamanda bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 4 ay sığorta stajına uyğun olaraq 17.297,23 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 277,02 manat olmaqla ümumilikdə 17.574,25 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.1959-cu il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyası hüququ 61 yaş 6 ayın tamam olduğu xx.xx.2020-ci il tarixdə yaranmışdır. Lakin iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Belə ki, iş üzrə icraat materiallarına əlavə olunmuş №0403570 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci il tarixdə artıq əmək fəaliyyətinə başlamış və davam etdirmişdir. İş üzrə icraat materiallarına əlavə olunmuş №015421 nömrəli diploma əsasən iddiaçı xx.xx.1979cu il tarixdən xx.xx.1984-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitunda təhsil almışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst- üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixə qədər olan dövrdə əmək fəaliyyəti ilə təhsil dövrü üst-üstə düşdüyü üçün həmin dövrlər təkrar sosial sığorta stajına daxil edilə bilməz. Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" ilə müəyyən edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, əmr kitablarına uyğun olaraq iddiaçının xx.xx.1995-ci il tarixli 73 saylı əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-ci il tarixədək uşağın 1,5 yaşınadək qismən ödənilən analıq məzuniyyətinə buraxıldığı, xx.xx.1996-ci il tarıxlı 68 saylı əmrlə isə uşağın 3 yaşı olanadək xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək analıq məzuniyyətində olduğu qeyd olunmuşdur. Görüldüyü kimi, 73 saylı əmrlə iddiaçıya uşağın 1.5 yaşına qədər verilən analıq məzuniyyəti qismən ödənişli olduğu halda, 68 saylı əmrlə verilən analıq məzuniyyəti ödənişli olmamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə əsasən, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.1-ci maddəsində qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Normanın təhlilindən gəlinən nəticəyə əsasən, işlədiyi illərin sığorta stajına daxil edilməsi üçün şəxs əmək fəaliyyəti ilə məşğul olmalı, həmin əmək fəaliyyətinə görə məvacib almalı, həmçinin məcburi dövlət sosial sığorta haqları ödəməlidir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun xx.xx.2022-ci il tarixli arayışında göstərilən əmək haqqı cədvəllərinə əsasən iddiaçı 1997-ci il ərzində əmək haqqı almamış, 1998-ci ilin isə avqust ayından əmək haqqı almışdır. Beləliklə, iddiaçının mübahisələndirilən dövrü xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr (1 il 10 ay) təşkil edir. İddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus xx.xx.1976-cı il tarixdə açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtinası, xx.xx.2022-ci il tarixli **********1 nömrəli etirazı, Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 298 nömrəli məktubu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-0216 nömrəli əmək haqqı arayışın surəti, xx.xx.1995-ci il tarixdə verilmiş XVİİİ-ЖГ seriyalı, 444077 nömrəli doğum haqqında şəhadətnamənin surəti, inzibati icraat materiallarının təsdiqlənmiş surəti, iddiaçının əlilliyə görə təyin edilmiş pensiya işinin təsdiqlənmiş surəti, Dövlət Vergi Xidməti-DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair ödəniş qəbzlərinin surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (xx.xx.2020-ci il tarixdə 61 il 06 ay yaşına çatmışdır). İddiaçının sığorta stajı əmək kitabçasında göstərilmiş və əmək haqqı arayışında qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının xx.xx.1958-cı il tarixdə doğulması, xx.xx.2020-ci il tarixdə pensiya yaşına (61 yaş 06 ay) çatması, əmək kitabçasında qeyd edilən xx.xx.1976-xx.xx.1978-ci və xx.xx.1978-xx.xx.2002-ci il üzrə 23 il 06 ay sosial sığorta stajı toplaması və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (azı 04 ay üzrə) məcburi dövlət sosial sığorta haqqı ödəməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrün körpə uşağına qulluq müddətinin sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, 73 nömrəli əmrlə iddiaçıya uşağın 1.5 yaşına qədər verilən analıq məzuniyyəti qismən ödənişli olduğu halda, 68 nömrəli əmrlə verilən analıq məzuniyyəti ödənişli olmamışdır. İddiaçı 1997-ci il ərzində əmək haqqı almamış, 1998-ci ilin isə avqust ayından əmək haqqı almışdır. Məhkəmə cavabdehin imtinasının dəlilini əsassız hesab edərək qeyd edir ki, 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin e) bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1995-ci il tarixdə uşağı doğulduğundan və o, həmin tarixdən etibarən körpə uşağına qulluq etdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Belə ki, hazırkı mübahisədə cavabdeh inzibati orqan iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran normalara istinad edərək iddiaçının körpə uşağına qulluq müddətini sosial sığorta stajına daxil etməməsi onun Konstitusiya ilə qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçının körpə uşağına qulluq müddətinin onun iş stajına daxil edilməsi körpə uşağına qulluq etdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu, eləcə də körpə uşağa qulluq etdiyi müddət və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Müvafiq olaraq apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “körpə uşaqlara qulluq müddətinin əmək stajına daxil edilməsi” məsələsi körpə uşaqlara qulluq edilən vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan körpə uşaqlara qulluq müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Habelə, cavabdehin “məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması” şərtinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının övladının doğulduğu və 3 yaşının tamam olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Başqa sözlə, iddiaçı 1996-ci ilin oktyabr ayından sonra əmək haqqı almasa belə, onun xx.xx.1998-ci il tarixə qədər körpə uşağa qulluq etdiyi müddət onun stajına daxil edilməlidir. Beləliklə, inzibati orqan tərəfindən mübahisələndirilməyən 23 il 06 ay 29 gün (etirazda 23 il 09 ay qeyd olunsa da) müddət nəzərə alınmaqla, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan müddət sosial sığorta stajına daxil edildikdə, ümumilikdə 25 ildən çox sığorta stajı vardır. Göründüyü kimi, ƏPQ-nun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə pensiya təyin olunmasını tələb etməkdə haqlıdır. İddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Digər tərəfdən iddiaçının pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaransa da, iddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasını tələb etdiyindən, pensiya təyinatı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan müddətin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar