Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-213/2022 17.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı 27.05.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X6 şəhid statusu verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2-1(114)6962/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi ilə əvəz edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) “şəhid statusunun verilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, oğlu Vüsal Musayev 11 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyi Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə qəbul edilmişdir. 27 sentyabr 2020-ci il tarixdə Azərbyacan Respublikası ərazi bütövlüyü uğrunda başlanan döyüşlərdə Vüsalda ləyaqətlə iştirak etməyə başlamış, 29 sentyabr 2020-ci il tarixdə yanında mərmi parlaması nəticəsində yaralanaraq hospitala yerləşdirilmişdir. Bundan sonra Vüsalın psixi vəziyyətində ciddi problemlər yarandığı üçün 23 noyabr 2020-ci il tarixdə səhhətində olan problemlərə görə məzuniyyətə buraxmışlar. Vüsal gəldikdən sonra onun psixi pozuntuları olmasını müşahidə etdiklərinə görə 07 dekabr 2021-ci il tarixdə Vüsalı hospitalın psixiatriya bölməsinə yerləşdirilmişdir. 06 yanvar 2021-ci il tarixdə bölmənin baş həkimi zəng edərək Vüsalın özünü asaraq öldürdüyünü bildirmişdir. İddiaçı oğluna şəhid statusunun verilməsi ilə bağlı müraciət etsə də müsbət həll edilməmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil ayrı-ayrılıqda iddianı müdafiə etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə nümayəndəsi X4 qanunvericiliyə əsasən mərhum X7 şəhid adının verilməsi mümkün olmadığından iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh AR SHXÇDX-nin Kəlbəcər rayon şöbəsinin nümayəndəsi X13 oğlu əvvəlki məhkəmə iclasında bildirmişdir ki, mərhum X7 hərbi xidmətdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə yox, intihar etdiyi üçün ona şəhid, iddiaçıya şəhid ailəsi statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Odur ki, qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X11 əvvəlki məhkəmə iclasında mərhum X5 hərbi xidmət və ya döyüş vaxtı həlak olmadığından qanunla ona şəhid adının verilə bilməyəcəyini əsas gətirərək, qanunamüvafiq qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilsə də, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - X6 məxsus 01.10.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin və 16.02.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətləri ; - Bakı Hərbi Prokurorluğunun 19.03.2021-ci il tarixli cinayət işinə xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X5 06.01.2021-ci il tarixdə stasionar müalicə olduğu Silahlı Qüvvələrin Baş X1 bölməsində özünü asaraq intihar etməsi faktı üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə istintaq olunan ********** nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış 04.05.2021-ci il tarixli, 1/M-11027 nömrəli məktubunda (surəti) «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları »nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin şəhid hesab edildiyi, X5 ölümü, yuxarıda qeyd olunan normativ hüquqi aktda nəzərdə tutulmuş döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı təminatların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə bağlı olmadığından, ona şəhid statusunun verilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin 24.11.2021-ci il tarixli, 976 nömrəli məktubu ilə məhkəməyə ünvanladığı vəsatətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsaında təsdiq olunduğu, mərhum X5 16.02.2021-ci il tarixli ölüm haqqında şəhadətnmaəyə əsasən 06.01.2021-ci il tarixdə «Asma, ilgəhlə boğulma və boğulma yolları ilə qəsdən özünü zədələmə » diaqnozu ilə vəfat etdiyinin göstərildiyini, eyni zamanda mərhumun xidmət keçdiyi N nömrəli hərbi hissədən şöbəyə daxil olmuş bildirişdə Vüsal Musayevin keçirdiyi kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı kəskin dərəcədə ifadə olunmuş uzunsürən psixiotik hal nəticəsində 06.01.2021-ci il tarixdə intihar etdiyinin göstərildiyi qeyd edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da yanaşı mahiyyət baxımından da əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin 30.12.2008-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X7 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, psixiotik hal nəticəsində özünü ip ilə asaraq intihar etmişdir. Beləliklə işin faktiki hallarına və müvafiq qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) şəhid statusunun verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-213/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-213/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver