Məhkəmə qərarları › İş №2-1(114)-213/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-213/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-213/2023 21.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin qismən ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.N-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin "Quru Qoşunları haqqında" Əsasnamənin 5.6.7-ci yarımbəndinə əsasən ədliyyə baş leytenantı kimi onun hərbi rütbəsinin bir pillə aşağı salınması barədə xx.xx.N-ci il tarixli 326 saylı əmrinin ona aid olan hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 09 noyabr 2016-cı il tarixdə ədliyyə leytenantı kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci Təhqiqat Bölməsinə təhqiqatçı vəzifəsinə təyin olunmuşdur. 28 noyabr 2021-ci il tarixdə N saylı hərbi hissə Komandirinin N saylı əmri ilə 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı təyin olunmuşdur. İşlədiyim müddət ərzində heç bir intizam cəzası almamış, nə də ona bu barədə əmr elan edilməmişdir. 44 gün davam edən İkinci Vətən müharibəsinin iştirakçısı olmaqla müharibə veteranıdır, bundan başqa "Cəbrayılın azad olunması" medalına layıq görülmüş, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunmuşdur. Məlumdur ki, 4-cü təhqiqat bölməsində 7 nəfər təhqiqatçı olmaqla iş yükü həddindən artıq olsa da, çalışıb işimizin öhdəsindən gəlirlər. Bütün bunlara baxmayaraq Müdafiə Nazirliyinin Gəncə şəhərində yeürləşən N saylı hərbi hissə komandiri N avqust N-ci il tarixli 326 saylı əmrlə bir neçə təhqiqatçını intizam qaydasında cəzalandırmış, o cümlədən həmin əmrlə iddiaçının ədliyyə baş leytenantı rütbəsini bir pillə aşağı salmışdır. Heç bir rəsmi qaydada araşdırma aparılmadan, ona heç bir xəbərdarlıq edilmədən, eləcə də hərbi prokurorluğun təqdimatı, Hərbi məhkəmənin xüsusi qərardadı olmadan şifahi qaydada bildirilmişdir ki, təhqiqatda icraatda olan materiallar gecikdirilir, həmin intizam qaydasında cəzalar bu səbəbdən verilmişdir. İddiaçı hesab edir ki, onun hərbi xidmət dövründə heç bir inzibati cəzam olmadığı halda Müdafiə Nazirliyinin N nömrəli hərbi hişsə komandirinin 326 nömrəli əmri ilə "Quru Qoşunları haqqında" Əsasnamənin 5.6.7-ci yarımbəndinə əsasən qanunsuz olaraq hərbi rütbəsi bir pillə aşağı salınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, işlər üzrə araşdırmanın müddəti ona görə uzanmışdır ki, iş yeri Laçın rayonunda yerləşmiş, normal iş şəraiti olmamış və xidməti avtomobillə təmin edilməmişdir. Eyni zamanda cavabdehin xx.xx.N-ci il tarixli, 297 saylı əmri barədə ümumiyyətlə məlumatı olmamış, sözügedən əmr ona elan edilməmişdir. İddiaçının vəkili X5 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunda xidməti araşdırmaların və cinayət əlamətləri olan hadisələr üzrə təhqiqatın aparılması Qaydaları"nın 3.13-cü yarımbəndinə, Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının 22 noyabr 2021-ci il 96 nömrəli əmrinin 4-cü bəndinə əsasən N nömrəli hərbi hissədə hər ayın 5-dək Quru Qoşunların tabeliyində olan təhqiqat bölmələrindən daxil olan məlumatlar əsasında ötən ay üzrə bölmələrin fəaliyyətlərinin və Quru Qoşunlarında baş vermiş cinayət və hadisələrin təhlili aparılır. N-ci ilin iyun ayının nəticələrinin təhlili zamanı ədliyyə baş leytenantı İddiaçı xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq icraatında olan 189 material üzrə süründürməçiliyə, müddət pozuntusuna yol verdiyi aşkar olunmuş (bu materiallardan 86 materialın cinayət xarakterli materiallardır), N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 297 nömrəli əmri ilə ona "Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam cəzası verilmiş, həmin əmr ona elan edilmişdir. Eyni əsasla N-ci ilin iyul ayı ərzində təhqiqat bölmələrinin fəaliyyətinin nəticələrinin təhlili nəticəsində ədliyyə baş leytenantı İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsinin və Qaydaların 3-cü bəndinin tələblərini kobud surətdə pozaraq N-ci ilin iyul ayı ərzində icraatında olan 162 material üzrə müddət pozuntusuna yol verdiyi müəyyən edilmiş və əvvəllər verilən intizam cəzasından heç bir nəticə çıxarmadığı üçün N nömrəli hərbi hissə komandirinin N-ci ilin iyul ayında təhqiqat bölmələrinin fəaliyyətlərinin nəticələri və təqsirkar şəxslərin cəzalandırılması haqqında xx.xx.N-ci il tarixli, 326 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı salınmışdır. Beləliklə, İddiaçı əvvəllər verilmiş intizam cəzasından nəticə çıxarmadığı, xidməti fəaliyyətinə dönüş yaratmadığı, icraatında olan, o cümlədən cinayət xarakterli materiallar üzrə süründürməçiliyə, qanunla nəzərdə tutulmuş prosessual müddət pozuntusuna yol verdiyi üçün qanuni əsaslarla Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı tərəfindən intizam qaydasında cəzalandırlmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 297 nömrəli əmrindən görünür ki, 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə baş leytenantı İddiaçı “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 326 nömrəli əmrindən görünür ki, 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə baş leytenantı İddiaçı hərbi rütbəsinin bir pillə aşağı salınması əmr edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü Təhqiqat bölməsinin xx.xx.2023-cü il tarixli, 80 nömrəli məktubunun məzmununda qeyd edilmişdir ki, 4-cü Təhqiqat bölməsinin yurisdiksiyasında olan hərbi hissələrin dağlıq və çətin relyef şəraitində yerləşməsini, avtomobil nəqliyyatı vasitəsinin məhdud olmasını (4-cü Təhqiqat bölməsində 1 ədəd xidməti avtomobil var), hərbi hissələrdən materialların 4-cü Təhqiqat bölməsinə çox daxil olmasını, 4-cü Təhqiqat bölməsinin ştatına uyğun komplektləşdirilməməsini, həmin tarixdə icraatında materialların çox olmasını, Laçın rayonu ərazisində məhkəmə-tibbi ekspertizası və hərbi-həkim komissiyasının olmadığını, bu səbəblərdən icraatda olan materiallar üzrə vaxtında prosessual qərar qəbul olunmasını təmin etməyin mümkün olmadığını nəzərə alaraq ədliyyə baş leytenantı İddiaçı ədliyyə baş leytenantı hərbi rütbəsinin bərpa olunması xahiş edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, N nömrəli hərbi hissədə hər ayın 5-dək Quru Qoşunların tabeliyində olan təhqiqat bölmələrindən daxil olan məlumatlar əsasında ötən ay üzrə bölmələrin fəaliyyətlərinin və Quru Qoşunlarında baş vermiş cinayət və hadisələrin təhlili istiqamətində N-ci ilin iyun ayının nəticələrinin təhlili zamanı iddiaçının icraatında olan 189 material üzrə müddət pozuntusuna yol verdiyi aşkar olunmuş və N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 297 nömrəli əmri ilə ona "Vəzifələrinə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam cəzası verilmişdir. Eyni əsasla N-ci ilin iyul ayı ərzində təhqiqat bölmələrinin fəaliyyətinin nəticələrinin təhlili nəticəsində iddiaçının N-ci ilin iyul ayı ərzində icraatında olan 162 material üzrə müddət pozuntusuna yol verdiyi müəyyən edilmiş və N nömrəli hərbi hissə komandirinin N-ci ilin iyul ayında təhqiqat bölmələrinin fəaliyyətlərinin nəticələri və təqsirkar şəxslərin cəzalandırılması haqqında xx.xx.N-ci il tarixli, 326 nömrəli əmri ilə hərbi rütbəsi bir pillə aşağı salınmışdır. İddiaçı hazırki iddia tələbi ilə N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 326 nömrəli əmrini özünə aid hissədə mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.N-ci il tarixli, 326 nömrəli əmrin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən əmrinin qanuni olub-olmadığını müəyyənləşdirmək üçün bu sahədəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kollegiyasının 28 yanvar N-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin Quru Qoşunları haqqında Əsasnamənin:-

5. 6. bəndinə əsasən Komandan: 5.6.1. Quru Qoşunların işini təşkil edir və ona rəhbərlik edir, Quru Qoşunlarının idarə olunmasını həyata keçirir; 5.6.3. Quru Qoşunların qarşısında duran vəzifələrin tam, vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, tabeliyindəki şəxsi heyətin gündəlik fəaliyyətini tənzimləyən rəhbər sənədlərin tələblərinin həyata keçirilməsini təmin edir; 5.6.4. Quru Qoşunların qarşısında qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsinə, səfərbərlik, əməliyyat və döyüş hazırlığının düzgün planlaşdırılmasına və təşkil edilməsinə, tabelikdəki qoşunların hazırlıq prosesinə nəzarət edir, real vəziyyəti daima dərindən öyrənir və qoşunların hazırlığının təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirir; 5.6.7. Quru Qoşunların hərbi qulluqçuları barəsində Azərbaycan Respublikası Silahlı X1 müəyyən etdiyi hüquqları həyata keçirir, mülki işçilər barəsində isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada öz səlahiyyətləri daxilində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür.

Qeyd edilməlidir ki, hərbi qulluqçulara intizam cəzalarının verilmə qaydası Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 ilə müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir. Həmin Nizamnamənin:- -43. bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. -85. bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. -87. bəndinə əsasən komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. -88. bəndinə əsasən eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. Məhkəmə araşdırması zamanı təhqiqat bölmələrində araşdırma aparılan materiallar barədə məlumata əsasən müəyyən olunmuşdur ki, tabelikdə olan 6 təhqiqat bölməsində ən çox icraat iddiaçının xidmət etdiyi 4-cü təhqiqat bölməsinin payına düşür. Belə ki, 1-ci təhqiqat bölməsində 465, 2-ci təhqiqat bölməsində 434, 3-cü təhqiqat bölməsində 178, 4cü təhqiqat bölməsində 1934, 5-ci təhqiqat bölməsində 176, 6-cı təhqiqat bölməsində 325 icraat materialı olmuşdur. Həmçinin, 4-cü Təhqiqat bölməsinin xx.xx.2023-cü il tarixli, 80 nömrəli məktubu ilə müəyyən olunur ki, 4-cü Təhqiqat bölməsinin yurisdiksiyasında olan hərbi hissələr dağlıq və çətin relyef şəraitində yerləşir, avtomobil nəqliyyatı vasitəsi məhduddur (4-cü Təhqiqat bölməsində 1 ədəd xidməti avtomobil var), hərbi hissələrdən materiallar 4-cü Təhqiqat bölməsinə çox daxil olmuş, eyni zamanda 4-cü Təhqiqat bölməsi ştatına uyğun komplektləşdirilməmişdir. Bundan əlavə, Laçın rayonu ərazisində məhkəmə-tibbi ekspertizası və hərbi-həkim komissiyası yoxdur. Odur ki, qeyd olunan bu səbəblərdən dolayı icraatda olan materiallar üzrə vaxtında prosessual qərar qəbul olunmasını təmin etmək mümkün olmamışdır. Qeyd edilməlidir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 297 nömrəli xx.xx.N-ci il tarixli, 326 nömrəli əmrlərin məzmunundan görünür ki, hər iki əmr icraatda olan materialları üzrə müddət pozuntusuna yol verilməsi ilə bağlı verilmişdir. Yəni, eyni pozuntuya görə 24 gün sonra hərbi qulluqçunun təkrar intizam cəzasına məruz qalması Azərbaycan Respublikası Silahlı X2 88-ci bəndinə ziddir. Həmçinin iddiaçıya ilkin intizam cəzasının verilməsindən çox qısa zaman keçdiyindən onun pozuntulardan nəticə çıxarması və aradan qaldırması üçün kifayət qədər vaxtı olmamışdır. Bundan əlavə, iddiaçının xidmət etdiyi 4-cü Təhqiqat bölməsinin yurisdiksiyasında olan hərbi hissələrin dağlıq və çətin relyef şəraitində yerləşməsi, xidməti avtomobillə təmin edilməməsi və yuxarıda qeyd olunan digər obyektiv səbəblər bu müddətin kifayət qədər az olmasını deməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hərbi rütbəsinin bir pillə aşağı salınması barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 326 nömrəli əmrinin ona aid olan hissəsinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

N ə t i c ə v i h i s s ə:

Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı:

İddia təmin edilsin. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli, 326 nömrəli əmri 4-cü təhqiqat bölməsinin baş təhqiqatçısı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar