Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-213/2025 10.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X8 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X4rşı «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü ildən etibarən İİ qrup əlilliyinin bərpə edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ilin mart ayının 12-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 777 Saylı Hərbi Hissəsində kiçik çavuş, sürücü kimi xidmət aparmışdır. N iyul 2015-ci ildə hərbi hissənin ərazisində avtomobilin təkərini dəyişərkən, qaldırıcının avtomobilin altından çıxaraq buferin belinə dəyməsi nəticəsində xəsarət almış, bununla bağlı hərbi hissənin həkiminə müraciət etmişdir. Müayinə üçün N saylı hərbi hissəyə və SQ BKH-ha göndərilmişdir. Müayinə olunduqdan sonra onda ağciyər vərəmi aşkar olunduğundan sonrakı müayinə və müalicə üçün N nömrəli hərbi hissəyə köçürülmüşdür. N nömrəli hərbi hissə tərəfindən təqdim edilən xx.xx.2014-cü il tarixli 2562 nömrəli flüoroqramma N nömrəli hərbi hissənin rentgenoloqu tərəfindən öyrənilmiş, sağ kök ətrafında fibroz toxuma, nevropatoloq tərəfindən bel fəqərəsinin sınığı, L2 fəqərəsinin qapalı fəsadlanmış stabil kompression, qövsünün qəlpəli sınığı, onurğanın bel şöbəsi funksiyasının kəskin pozulması, spastik paraplegiya, aşağı ətrafların paraparezi qeyd edilmişdir. N və N nömrəli hərbi hissələrdə müayinə və müalicə olunduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası qərarı ilə ona xx.xx.2015-ci il tarixli 49 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə xəstəliyin hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar alındığı, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu göstərilmişdir. 2015-ci ildə tibbi komissiyada müayinədən keçəndən sonra 3-cü qrup əlillik verilmiş və pensiya təyin edilmişdir, 3-cü qrup əlillik pensiyasını xx.xx.2018-ci ilədək almışdır. xx.xx.2018-ci ildə tibbi komissiyada müayinədən keçəndən sonra 2-ci qrup əlillik verilmiş və pensiya təyin edilmiş 2023-cü ilin aprel ayı daxil olmaqla almışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyində müayinədən keçmiş, 15 iş günü ərzində cavab veriləcəyi bildirilmişdir. Lakin, cavab gəlməmiş, xx.xx.2023-cü il tarixdə ona aydın olmuşdur ki, cavabdeh orqan onun iştirakı ilə keçirdiyi yoxlamadan sonra 2-ci qrup əlilliyinin ləğv edilməsinə dair xx.xx.2023-cü ildə qərar qəbul etmişdir. 2023-cü ilin may ayından bu günə kimi iddiaçıya pensiya ödənişi ödənilmir. Xəstəliyilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. Bildirir ki, işləmir, 5 və 9 yaşlı iki övladı var, böyük oğlu Skalioz, kiçik oğlu isə Kifoz xəstəliyindən əziyyət çəkirlər. Maddi vəziyyəti aşağı səviyyədədir. Pensiyanın verilməməsi onun maddi vəziyyətini çətinləşdirir. Bu əsaslara görə cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Hüquqi Şəxsi iddia tələbinə dair məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 49 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ ağciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi və “”L2 fəqərəsinin qapalı fəsadlaşmamış stabil kompression, qövsünün qəlpəli sınığı nəticəsində onurğanın bel şöbəsinin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına hər iki əlində əsa ilə daxil olmuş, sağ aşağı ətrafda hərəkət zamanı və bel nahiyəsində ağrılar, sidik ifrazını idarə edə bilməməkdən şikayətlənmişdir. Anamnestik məlumatlarında hərbi xidmət zamanı 2015-ci ildə avto qəza keçirdiyini bildirmiş, yanaşı olaraq vərəm xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Müayinə zamanı boyunun ön səthində (tireoidektomiya) və sağ qasıq nahiyəsində (hernioplastika) keçirilmiş əməliyyatlara müvafiq çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası 94%, nəbzi 104 vurğu, tənəffüs hərəkətlərinin sayı 16 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nevroloji statusda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonusu norma daxilində olmuş, reflekslər D=S canlı çağrılmış, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, dayaq-hərəkət funksiyası pozulmamışdır. X3 İnstitutunun xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş ağ ciyər vərəmindən sonrakı qalıq əlamətləri. Fibroz, bərk ocaqlar şəklində” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli Bel-oma nahiyəsinin MRT müayinəsinin nəticəsi “Bel lordozu artıbdır. S-vari grade 1 skolioz. L2 üst tamamlayıcı lövhədə çökməı sahəsi qeyd qeyd edildi (kompression sınığı). L4-5 diskdə qabarma. L5-S1 diskdə qabarma” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. DNK Clinicin xx.xx.2023-cü il tarixli Kompüter Tomoqrafiya müayinəsinin nəticəsi “Hər iki ağciyər üst payda fibroz və kalsifik dəyişkənliklər izlənilir. Sağ ağciyər alt pay medial-lateral sahələrdə iltihabi proses izlənilir. Sol ağciyər alt pay medial sahədə həfif iltihab izlənilir. Dinamikanın izlənməsi məsləhət görülür” kimi qeyd edilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Onurğanın ikinci bel fəqərəsinin kompression, çökmüş bitişmiş sınığı. Aşağı ətrafın xroniki paraparezi. Kiçik-çanaq orqanlarının və dayaq hərəkət funksiyasının pozulması. Daimi ağrı sindromu ilə. Ətrafların kontrakturası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxananın xx.xx.2023-cü il tarixli 9570 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş L2 fəqərəsinin kompression sınığından sonrakı vəziyyət. Diskogen L4-S1 radikulopatiya, davamlı ağrı sindromu. Sağ aşağı ətrafın distal parezi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Diaqnostika Mərkəzinin xx.xx.2023-cü il tarixli Elektroneyromioqrafiya müayinəsinin nəticəsi “ENMG-ya müayinəsi zamanı sağ aşağı ətrafın motor Peroneal sinirin aksonal itki ilə zədələnməsi (BKAP dalğaların amplitudası əhəmiyyətli dərəcədə enib) qeyd olunur. Digər senso-motor sinirlərin sinir-əzələ keçiriciliyi normaldır. İynə EMG L4-L5-S1 səviyyə innervasiyalı əzələlərdə aparıldı. Müayinə olunan əzələlərdə kəskin denervasiya prosesi qeyd edilmir. Müayinə zamanı sağ tərəfdə ağrı ilə əlaqədar ayağını zəif gərginləşdirdi-aktiv əzələ vahidiMÜP-lər nisbətən zəif patternlə əldə edildi. Sol tərəfdə aktiv əzələ vahidi normal patternlə nevrogen xarakterli YAUS MÜP-lər şəklindədir. Elektrofizioloji dəyişikliklər L4-L5-S1 səviyyə xroniki faza radikulopatiya fonunda sağ ətrafın motor Peroneal sinirin əhəmiyyətli dərəcədə aksonal neyropatiyasına uyğundur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Diskogen radikulopatiya davamlı ağrı sindromu ilə. Onurğanın L2 fəqərəsinin qapalı kompression sınığı qövsünün qəlpəli sınıqlarından sonrakı qalıq əlamətləri. Onurğanın bel şöbəsinin funksiya pozulması. Aşağı ətrafların paraparezi və kiçik çanaq orqanlarının funksiya pozulması ilə. Dayaq hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini xəstəlik tarixindən çıxarışlar, stasionar tibbi kartasından çıxarışlar, 49 nömrəli xəstəlik haqqında şəhadətnamə, iddiaçıya məxsus Y00117551EKL saylı tibbi göndəriş (Forma 88) və Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazım qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia tələbi məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı qeyd olunur ki, məhkəmə tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 49 nömrəli qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Sağ ağciyərin aşağı payının ocağlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi.", “L2 fəqərəsinin qapalı fəsadlaşmamış stabil kompression, qövsünün qəlpəli sınığı nəticəsində onurğanın bel şöbəsinin funksiyasının cüzi dərəcədə pozulması” diaqnozlu xəstəliklərin səbəb əlaqəsi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmiş, hərbi uçotdan çıxarılmaqla, hərbi xidmətə yararsız hesab edilmişdir. İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixdə 02 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar İİİ dərəcə əlillik, xx.xx.2018-ci il tarixdə 5 il müddətinə Hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş Y00117551EKL nömrəli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz: Bel fəqərəsinin sınığı, Onurğanın ikinci bel fəqərəsinin kompression çökmüş bitişmiş sınığı. Ağırlaşma: Digər daimi ağrı, Daimi ağrı sindromu ilə. Ağırlaşma: Paraplegiya və tetraplegiya, Aşağı ətrafın xroniki paraparezi. Ağırlaşma: Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, Kiçik çanaq orqanlarının funksiyasının pozulması. Ağırlaşma: Oynaqların kontrakturası, Ətrafların konturakturası. Ağırlaşma: Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Dayaq hərəkət funksiyasının pozulması. Yanaşı xəstəliklər: Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri, Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri fibroz, bərk ocaqlar şəkilində. Cavabdeh inzibati orqan yuxarıda göstəriş əsasında iddiaçının əlilliyini qiymətləndirmiş və xx.xx.2023-cü il tarixli qərarla ona əlillik təyin edilməsindən imtina etmişdir. Əsas kimi onu qeyd etmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələrində təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Maddə 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Məhkəmə qeyd edir ki, əlilliyin qiymətləndirilməsi vahid məqsədə yönələn zəncirvari, ardıcıl və birinin digərindən asılılığı ilə müşayiət edilən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi və tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməklə, əlilliyin müəyyən edilməsi və ya bundan imtina edilməsi ilə bağlı yekun qərar qəbul edilməsi mərhələlərini əhatə edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydaları»: Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və «Əlilliyin müəyyən olunması meyarları»na Əlavə -«Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun sağlamlığının qiymətləndirildiyi zaman (xx.xx.2023-cü il tarixli göndəriş əsasında) qüvvədə olmuş «Əlilliyin müəyyən olunması meyarları»na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş «Əlilliyin müəyyən olunması meyarları»: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - «Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti»nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin Əlavə: Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, Orqanizmin onların ağırlıq dərəcəsi, Orqanizmin Sıra XBT-10 funksiyalarının mərhələsi, orqanizmin funksiyalarının №-si (kod) pozulması funksiyalarının davamlı pozulması faizi müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri
Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.
13.1.3. boynun, döş qəfəsinin, qarnın, belin S10-S39 aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları Qiymətləndirmə 13.1.3.1. mülayim funksional pozuntularla 50 1 il
İş materialları ilə müəyyən edilir ki, iddiaçıya aid Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndərişdə (Forma 88) ona qoyulmuş “Bel fəqərəsinin sınığı, Onurğanın ikinci bel fəqərəsinin kompression çökmüş bitişmiş sınığı.” xəstəliyi əsas diaqnoz yuxarıda göstərilən Əlavənin S10-S39 kod təsnifatına uyğundur. Belə ki, iddiaçıya məxsus tibbi sənədlərdən aydın olur ki, bel lardozu artmışdır. S-vari frade İ skolioz L2 üst tamamlayıcı lövhədə çökmə sahəsi mövcuddur. Hansı ki, bu hallar iddiaçı üçün hərəkət məhdudluğu yaradır və daimi bel ağrısı ilə müşahidə olunur. Bir sözlə bütün bunlar iddiaçının bel fəqərəsi və onurğasının mülayim funksiyalarla pozulması deməkdir. Nəzərə almaq lazımdır ki, iddiaçı bu xəstəliyi Azərbaycan Respublikasının Müdafiəsi zamanı hərbi travma olaraq almışdır (49 nömrəli xəstəlik haqqında şəhadətnamə). Eyni zamanda işdə olan iddiaçıya məxsus xəstəlik tarixlərindən çıxarışlardan görünür ki, iddiaçı həmin diaqnoz üzrə Gəncə şəhər Birləşmiş Xəstəxanasında müalicədə olmuşdur. Göründüyü kimi cavabdeh orqanın iddiaçıya əlillik təyin edilməməsi barədə mövqeyi əsassız olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 49 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə iddiaçıya diaqnoz qoyulmuş xəstəliyin səbəb əlaqəsi «Xəstəlik hərbi xidmət dövründə alınmışdır» kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının hərbi xidmət dövründə alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Hərbi xidmət dövrü ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydaları»: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 50 faiz pozuntusuna görə hərbi xidmət dövrü ilə əlaqədar səbəbli əlaqəsi ilə 01 (bir) il müddətinə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev